Daha 3 il gözləyirəm, cəzam 16 il olacaq, mənə əlavə cəza verirsiniz. Adətən serial qatillər və pedofillər bu müddətə məhkum edilirlər.
Publika.az "Georgia Online"ına istinadən xəbər verir ki, bunu təxribatda ittiham olunan Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili məhkəmədə bildirib.
Keçmiş prezident cəmiyyəti və siyasətçiləri birləşməyə çağırıb. O, çıxışında deyib:
"Hamını görməyimə şadam. Bilirəm ki, sizi çətinliklə içəri buraxıblar və çoxları çöldə qalıb. Bu layiqli insanlarla birlikdə bu çətin vəziyyətdə olmaqdan şərəf duyuram. Mən buradayam, çünki Tiflisi təslim etmədim, qaçmadım, ölkəni tərk etmədim və "Budur təyyarə, ölkədən çıx!" təklifindən yararlanmadım. Mən buradayam, çünki Ukrayna vətəndaşıyam və Ukrayna üçün çox şey etmişəm.
Burada müxtəlif partiyaların nümayəndələri var. Fikir ayrılığımız ola bilər, amma gələcəyimizin necə olması barədə razılığa gəlməmək mümkün deyil. Vəziyyət çox sadədir: bu rejim qorxumuzla qidalanır. Onlar bizi bu reallığı qəbul etməyi, təslim olmağı, köləliyi qəbul etməyə məcbur edirlər. Cavabımız budur ki, heç nəyi qəbul etməyəcəyik, heç nədən qorxmuruq.