Qərara gəldik ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının qarşısında görüşək. Müsahibim son filmində "qara dünya"nın "qara qaydaları" ilə yaşayan bir obraza həyat verib. Nədənsə içimdə belə bir düşüncə var ki, müsahibəyə də elə həmin obrazın ruhu ilə gələcək. Yanılmamışdım.
Çox keçmir ki, "Nizami" kinoteatrı tərəfdən küləyi yara-yara gələn bir qaraltı seçilir. Qara palto, qara papaq...
– Kinostudiyada idim, – görüşürük. Məlum olur ki, "Tağıyev" çoxseriyalı bədii filminin sonuncu hissəsi üçün səsyazmadan gəlir. Bir müddətdir, işinin çoxluğundan və ümumiyyətlə, müsahibə vermək istəmədiyindən danışır.
– Amma gördüm, çox maraqlanırsan, dedim, edək.
– Niyə müsahibə vermək istəmirsiniz ki?
Bu suala cavab üçün bir xeyli düşünür.
– Çünki mənə elə gəlir, indiyə qədər danışdıqlarım bəsdir.
Yavaş-yavaş küləyin uğultusu bizi yaxınlıqdakı kofeşoplardan birinə aparır.
– Məncə, bizim danışacaq sözümüz olacaq, həm də çox, – hazırlıqlı olduğumu göstərmək istəyirəm.
– Ona inanıram deyə buradayıq da...
"Far.Az" Xalq artisti Qurban İsmayılovla müsahibəni təqdim edir.
– Qurban müəllim, "Tağıyev" filminin (Bakı Media Mərkəzinin istehsalı olan dördhissəli Azərbaycan filmi, rejissor Zaur Qasımlı, – N.P.) ilk üç hissəsinə baxmışam. Müəyyən fikirlər var ki, Tağıyev obraz kimi çox bütləşdirilib, həddindən artıq müsbət obraz qılafında təqdim olunub.
– Biz Hacı Zeynalabdin Tağıyev şəxsiyyətinin müəyyən təzadlı tərəflərini oxumuşuq və məlumatımız var. İstəsək, yenə də tapar, yenə də oxuyarıq. Ona görə də hesab edirəm ki, bu layihədə məqsəd Tağıyev kimi bir şəxsiyyətin kinoda təqdimidir, yəni bizdə belə bir adam olub. Bəli, razıyam ki, onun barəsində, əsasən, şəxsi həyatı ilə bağlı müəyyən ziddiyyətli fikirlər var. Amma bunu dörd seriyalıq filmə gətirməyə nə lüzum var? Burada mövzu Tağıyevin cəmiyyət üçün varlığıdır, gördüyü işlərdir, etdiyi əməllərdir. Sonuncu hissədə bu əməllərə daha geniş baxış var: məsələn, Qızlar məktəbi. Bu axı çox böyük bir işdir. Bu mənada, dediyim kimi, o ziddiyyətli məqamlar yenə kiməsə maraqlıdırsa, buyursun, getsin, oxusun. Biz belə adamlara minnətdar olmalıyıq. Arada düşünürəm, yaxşı ki, o vaxt sosial media olmayıb, minnətdarlıq hiss olmayan adamlar gör o adamlara nələr deyərdi... Mənim ən zəhləm gedən adamlar minnətdar ola bilməyən adamlardır.
– Bəs sizə filmlə bağlı təklif necə gəldi?
– Düzü, filmdə əvvəlcə Tağıyevin həm cavanlıq, həm də yaşlılıq dövrü üçün iki ayrı aktyor düşünülməmişdi. Görünür, rejissor görüb ki, yaşlı dövrünü tamamilə qrimin üzərinə yıxmaq uğursuz alınacaq, ona görə də obraz üçün iki fərqli aktyor seçildi. Dəvətə gəlincə, kastinqə dəvət olundum, müəyyən proseslər aparıldı və yekunda seçildim.
– Başqa namizədlər də var idi, deməli.
– Hə, dörd-beş namizəd var idi, amma, sözün düzü, bilmirəm kimlər olub. Çünki ayrı-ayrı vaxtlarda dəvət edilmişik.
– Mən Xalq artisti Pərviz Məmmədrzayevlə də ("Tağıyev" filmində Tağıyevin cavanlıq dövrünü canlandırır, – N.P.) müsahibə etmişəm. Adətən, tarixi şəxsiyyətlər hansısa filmdən, serialdan, yaxud hətta rəsm əsərindən yadımızda qalır. Necə düşünürsünüz, Azərbaycan tamaşaçısı Tağıyevi kimin siması ilə yadda saxlayacaq?
– Təbii ki, Pərvizin. Çünki filmin əsas yükü onun üzərində qurulub. Doğrudur, obraz kimi Pərviz Məmmədrzayev mənimlə müsahibə edən jurnalistin təxəyyülündə canlandırdığı Tağıyevdir, amma yenə də əsas yük, əsas rol ondadır.
– Bəs kulisdə iki fərqli Tağıyev kimi məsləhət-məşvərət edirdiniz?
– Belə şey, adətən, obrazın xarakterik keyfiyyəti ilə bağlı ola bilər, amma şəxsən mən oxuduqlarımda Tağıyevin xarakterik keyfiyyəti ilə bağlı konkret heç nəyə rast gəlməmişəm. Bircə söz yadımda qalıb ki, qaraqabaq adam olubmuş, vəssalam. Qalan hər şey "əgər mən olsaydım" prinsipi ilə qurulub. Həm Pərviz üçün, həm də mənim üçün.
– Qurban müəllim, sizin bir çox filminizə baxmışam. Məsələn, "Mərmər soyuğu"nda (Rejissor Asif Rüstəmov, – N.P.) Azərbaycan tamaşaçısı üçün cəsarətli sayıla biləcək bir neçə səhnə var. Onlardan birində siz də varsınız. Bax elə buradan yola çıxaraq demək olarmı ki, sizin üçün filmdə obraz yaratmaqda hər hansısa bir tabu yoxdur?
– Yox, təbii ki, var.
– Məsələn, filmdə nəyi eləməzsiniz?
Gülür. Bir qədər düşünür, sonra elə gülə-gülə də cavablayır.
– Sən mənim yaşıma da bax da... Bu yaşda... Bilirsən, elə şeylər var ki, qabaqcadan onun barəsində nəsə demək olmur. Yəni gərək nəsə təklif olsun ki, düşünəm, oynayıb-oynamamağım barəsində qərar verəm. Amma konkret cavab istəsən, düşünürəm ki, bəli, elə şeylər var ki, eləmək olmaz. Mən eləmərəm.
– Niyə olmaz, Qurban müəllim?
– Bilirsən, Azərbaycan cəmiyyəti elədir ki, yaratdığın obraza görə, sabah övladların əziyyət çəkə bilər. Bizim cəmiyyət belədir, yaxşı hal deyil, amma belədir. Aktyoram, obrazdan-obraza dəyişməliyəm, başa düşürəm, amma...
Əllərini yana açıb dayanır. Beləcə, bu "amma" ifadəsinin arxasınca deyiləcək çox sözün olduğunu başa düşüb davam edirik.
– "Girov" filmində (Rejissor Eldar Quliyev, ssenarist Natiq Rəsulzadə, – N.P.) erməni obrazını canlandırmısınız. Bizdə erməni obrazını oynamaq sənət adamları üçün həmişə bir az təhlükəli olub: qınaq, təzyiq və sair. Təklifi qəbul edəndə heç tərəddüd eləmədiniz ki?
– Yox, heç bir tərəddüd olmadı. Əlbəttə, bilirdim ki, müəyyən reaksiyalar olacaq. Adicə yutubdakı rəylərə baxın, orada belə fikirlər müxtəlifdir. Həm rejissora, ssenaristə, hətta aktyora qarşı. Bilirsən, biz humanist xalqıq. Başımıza da nə gəlibsə, ondan gəlib. O filmdə də xatırlayırsansa, finalda erməni girov buraxılır. Yazırlar ki, yox, qadın gərək erməni girovu öldürəydi. Məgər biz həyatda qəddarıq? Yox. O zaman niyə əksini göstərək? Ermənilər bu qədər müsibətdən sonra filmlərində özlərini dünyanın ən humanist xalqı kimi təqdim edirlər. Biz niyə özümüz özümüzü qəddar kimi göstərək? Buna nə ehtiyac var?
O filmin Rusiyanın Smolensk şəhərində festival premyerası olmuşdu. Nümayiş saat 19:00-da olmalı idi, amma ermənilər müdaxilə edib nümayişi axşam saat 22:00-a salmışdılar. Jürinin sədrini Ermənistanda hansısa akademiyanın həqiqi üzvü elədilər, bir növ, könlünü aldılar, nəticədə saat dəyişdirildi, nümayişə az adam qaldı. Mən zəng edib Eldar Quliyevə dedim ki, bəs belə bir şey olub, o da əvvəl əsəbiləşib dedi ki, qayıt çıx gəl. Amma sonra fikrindən vaz keçdi, dedi, qal. Xülasə, qaldım, nümayiş də oldu. Nümayişdən sonra 30-35 yaşlı bir erməni yaxınlaşıb mənə dedi ki, çox sağ ol. Dedim, niyə? Dedi, mən bilirəm ki, həyatda da o ermənini siz sağ buraxardınız. Sizin xalq həyatda da belədir. Bir az danışdıq, məlum oldu ki, o vaxt anası ilə bunu Naxçıvandan Ermənistana yola salıblarmış. Demək, kimiksə, özümüzü də məhz o cür də təqdim etməliyik.
– Festival dediniz, həm "Mərmər soyuğu"ndakı, həm də "Nar bağı"ndakı (Rejissor İlqar Nəcəf, – N.P.) rolunuza görə müxtəlif mükafatlar almısınız. Ümumiyyətlə, azərbaycanlı bir aktyorun bu cür festivallarda mükafat alması necə hissdir?
– Əlbəttə ki, çox böyük qürur hissidir. Dünyada A kateqoriyalı 15 film festivalı var ki, onlardan biri də "Tallin Qara gecələr" film festivalıdır. "Mərmər soyuğu"ndakı roluma görə orada "Ən yaxşı aktyor" nominasiyasında qalib gəlmişəm.
Amma bəzən elə reaksiyalar da olur ki, adam inciyir. O dəfə bir rəy gördüm, yazıblar ki, keçmiş sovet respublikalarında mükafat almağa nə var? Pulunu verirsən, alırsan. Olmaz belə. Həqiqətən, olmaz. 23 Avropa filmi arasından bu filmdəki roluma görə mükafat alıram, amma ortada belə rəylər də dolaşır.
– Bax deyirik ki, müxtəlif mükafatlar almısınız. Onların mükafat fondları olurmu? Sizə pul verirlərmi?
– Tallindəki festivaldan hədiyyə kimi mənə "İphone 13" telefonu vermişdilər.
– Bəs pul?
– Pul "Nar bağı"ndakı roluma görə aldığım mükafatda oldu. Qazaxıstanın Almatı şəhərində mükafatlandırıldım, bizim pulla 5000 manat.
– 2017-ci il üçün 5000 manat pis deyildi.
– Hə, pis deyildi, 1000 manatını qazaxlar vergiyə çıxdı, 4000 manat qaldı özümə.
– Qurban müəllim, filmdən, yaxud serialdan təklif gələndə ssenaridə əsas nələrə fikir verirsiniz?
– Birinci təklif edilən rola baxıram, düşünürəm, bu rol üçün mən nələr edə bilərəm. Dediyim şey gündəlik seriallar üçün keçərli deyil. "Ata ocağı"nda (Rejissor Rüfət Şahbazov, – N.P.) altı il oynamışam, orada obrazla geniş nələrsə etmək mümkün deyil. Həftənin əvvəlində beş serialıq mətni verirlər sənə, həftə içi 4-5 seriyanı çəkib qurtarmalısan. Orada obrazın xarakteristikasını düşünmək olar? Olmaz. Amma filmlərdə, 10-12 seriyalıq seriallarda fərqlidir. Mətnə baxıram, əsas beş şərtimə cavab verirmi, ya yox. Obrazın kimliyi, obraz üçün filmdə başlanğıc hadisə, əsas hadisə, ümumi süjetin ideyası və obrazın özəyi. Mən özəyi daha çox heyvanlarla müqayisə edirəm. Məsələn, bu obraz ayı kimi bir obrazdır, onun kimi davranır, onun kimi yeriyir, davranır və sair.
– Bəs necə hazırlaşırsınız?
– Mətnlə tanış olandan sonra obraz haqqında düşünürəm. Artıq o olmağa başlayıram. Bilirsən, filmdə rejissorun da fikri, düşüncəsi, baxışı sənin üçün əsaslı rol oynayır. Çünki sən mövzuya tək öz obrazın tərəfdən baxırsan, rejissor isə hərtərəfli, hamının gözündən baxır. Bu baxımdan, onun da yön verməsi vacibdir.
– Bir çox rejissorla işləmisiniz. Maraqlıdır, rejissorlarla fikir ayrılıqlarınız olurmu?
– Olmağına olur, amma mən aktyor kimi öz vəzifəmi bilirəm. Adi bir şeyi deyim, film bitir, titrdə necə yazılır: filmdə iştirak edənlər, yaxud rolları ifadə edənlər... Yəni biz iştirakçıyıq, ifa edənik, rejissor isə filmin hər şeyidir, rəhbəridir. Bəli, polemikalar olur, elə rejissor olur ki, razılaşır, eləsi də olur ki, deyir, yox. Mən heç vaxt dirəşmirəm. Amma sonra hara fırlasan, yenə mən deyənə gəlib çıxır, çünki oynayan mənəm. Hiss elətdirmədən, yavaş-yavaş aktyor haqlı çıxır, nə şiş yanır, nə də kabab (gülür).
– Siz həm də gənc rejissorlarla işləyirsiniz. Biri var yaşlı nəsil rejissorlar, biri də var gənclər. İş prinsipi baxımından hansı sizin üçün daha çətin, yaxud problemli olur?
– Elə böyük problem yaradacaq nəsə olmayıb. Düşünürəm ki, rejissor rejissordur. Dediyim kimi, o bütün filmi görür, mən isə təkcə özümü. Və təbii ki, yaşına-başına, təcrübəsinə görə baxış bucağı da fərqli olur. Amma belə kəskin fərq görməmişəm.
– Bəs işləməkdən xüsusi zövq aldığınız rejissor var?
– Rejissor çəkiliş meydançasına hazır gəlirsə, o rejissoru sevirəm. Düz elədi, səhv elədi, mən deyəni elədi, eləmədi, yox, hazır gəlsin. Məsələn, Elvin Rüstəmzadə. Həmişə çəkiliş meydançasına tamamilə hazır gəlir, planlı gəlir, nə elədiyini çox yaxşı bilir.
Bilirsən, kino kollektiv işdir. O qədər görmüşəm ki, aktrisa deyir, məni belə çək, elə çək, buradan çək. Olmaz. Olmamalıdır. Rejissor imkan verməməlidir. Kollektiv işə kollektiv yanaşma olmalıdır.
– Qurban müəllim, sizin barənizdə deyirlər ki, kino dünyası üçün bir qədər gec kəşf olunmusunuz.
– Kinoda hə, müəyyən mənada, razılaşmaq olar. Amma ona qədər teatrda kifayət qədər rollarım var idi, tanınırdım. İlk rolum dördüncü kursda verilmişdi. Bəhram Osmanovla (Azərbaycanlı teatr rejissoru, – N.P) aramız çox yaxşı idi, üç il bir yerdə çay içdik, amma mənə rolu bir də dördüncü kursda verdi (gülür).
Kinoda ilk rolum isə "Güllələnmə təxirə salınır" filmindəki (Rejissor Ələkbər Muradov, – N.P.) epizodik rolla olub. Bilirsən, kino üçün faktura çox önəmlidir. Mən 30 yaşında belə 50 yaşlı kişini oynayırdım. Səsim, oturuşum-duruşum yaşlı xarakter üçün çox uyğun gəlirdi. Bəlkə də, onunla bağlıdır.
– Amma deyirlər, sizi bir az da yeyib-içmək uzaq salıb kinodan.
– Mən 36 yaşında içkiyə tövbə eləmişəm. Gördüm ki, həvəsdir, bəsdir, vəssalam. Ona görə çox da onun səbəb olduğunu demək olmaz.
– "Ata ocağı"nda tabutun önündə məşhur rəqs səhnəsi var, az qala, bütün dünyaya müxtəlif adlarla yayılmışdı. Onunla bağlı mediada çox yazılıb, ora çox da qayıtmaq istəmirəm. Mənə maraqlıdır, festivallara-filan gedirsiniz. Məhz həmin səhnədən sizi tanıyan olur?
– Mən festivalların çoxuna özüm getmirəm.
– Niyə?
– Sözün düzü, çox vaxt xəbərim olmur, mənə demirlər. Sonradan xəbər tuturam. Son illərdə isə ürəyimdən əməliyyat olunmuşam deyə təyyarəyə minmirəm. Amma sənə deyim ki, dil bilmirsənsə, heç bir əhəmiyyəti olmur. Rusiyada yenə baş çıxarmaq olur, amma Avropada heç nə.
"Nar bağı"ndakı uğurdan sonra Avropa Film Akademiyasına üzv olmağımla bağlı təklif gəlmişdi. O zaman bizdən bircə Kənan Məmmədov (Azərbaycanlı kinooperator, – N.P) üzv idi. Gedib onunla danışdım, izah elədi ki, ildə 500 avro üzvlük haqqı verirsən, il ərzində isə Avropada çıxan filmləri göndərirlər, rəy verirsən. Yekunda da yolpulu xərci xaric sənin festival xərclərini qarşılayırlar. Oturub düşündüm ki, mən bu filmlərə necə və hansı dildə baxacağam? Ona görə çox da maraq göstərmədim, qaldı. Deməyim odur ki, dil bilmirsənsə, heç bir mənası yoxdur.
– Hazırda nümayişi davam edən "Qırmızı zona" serialında da (Rejissor Elvin Rüstəmzadə, – N.P.) rolunuz var. Mövzu olaraq kifayət qədər maraqlı və yenidir.
– Pandemiyadan sonra, əslində, bu mövzu bizə qəribə gəlməməlidir, amma film, serial kimi, bəli, yenidir. Fərqli atmosferdir. Mənim özüm üçün də maraqlı idi. İndiyə qədər o qədər kasıb rolunu oynamışdım, yorulmuşdum, axırı burada əməlli başlı biznesmenəm. O gün baxıram, rəy yazıblar ki, "Ata ocağı"ndakı kasıb kişiyə nəsə biznesmen rolu yaraşmır (gülür).
– Belə başa düşürəm ki, rəyləri tez-tez oxuyursunuz.
– Belə day işimi-gücümü atıb izləmirəm, amma adam gördüyü işə necə qiymət verildiyini, necə qarşılandığını bilmək istəyir. O cəhətdən maraqlıdır.
– Qurban müəllim, serialda pul var?
– Desəm ki, pul var, bir az böyük çıxar, desəm ki, yoxdur, onda da çox kiçildilmiş olacaq.
– Dolanmaq olur?
– Olur. Azərbaycan reallığı üçün, əlbəttə, olur. Onların hesabına kreditimi ödəyirəm. Gündəlik seriala niyə razılaşdım? Çünki rahat olurdum ki, səkkiz-on ay kreditimi ödəyə bilərəm. Ürək əməliyyatından sonra gündəlik seriallara çəkilməmək barədə özümə söz verdim, çünki orada əziyyət çox olur. İnan, elə olur, səhər saat 9-da gedib, gecə 4-də qayıdırsan. Gələn təklifləri də, dediyim kimi, dolanmaq, kreditimi ödəmək üçün qəbul edirəm. Başqa yol yoxdur, çəkilməlisən.
– Ən çox gəlir gətirən layihəniz hansı olub?
– "Olimpiya" (Rejissor Əlisəttar Quliyev, – N.P.) filmi ilə "Mərmər soyuğu". İkisində də on min manat qonorar almışdım.
– Yaxşıdır.
– Azərbaycan reallığı üçün yaxşıdır.
– "Mərmər soyuğu"nda çəkilişiniz nə qədər çəkmişdi?
– Mənim çəkiliş günüm 15 gün olmuşdu.
– Gərək krediti bağlayardınız.
Gülür.
– Olmur e, vallah. "Mozalan"ın məşhur səhnəsi var e, maaşı alır, yolda hesablayır ki, borcun yarısını verərəm, sonra deyir, 20 faizini verərəm, sonra deyir, 10 faizini... axırda gedib deyir ki, olarmı, gələn ay verim? Yəni vəziyyət belədir.
– Teatrda sonuncu dəfə "Şah Abbas Namə"də görmüşəm sizi. Başqa aktiv rolunuz var?
– On beş ilə yaxındır, davamlı olaraq Bəhram Osmanovun "Mən gəldim, qızlar" müharibə tamaşasını oynayıram. İntensiv deyil, amma ayda bir dəfə-filan olur. Dediyin "Şah Abbas Namə", bir də Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları"nda da rolum var.
– Onda kino, serial sizi teatrdan uzaq salıb deyə bilərik?
– Yox, deyə bilmərik (gülür). Mənim həmişə əsas işim teatrdır. Amma kino-serial təklifi gələndə qəbul edirəm və onlara şərt qoyuram ki, filan tarixdə mənim tamaşa məşqim olacaq, oraya gedəcəyəm. Onlar da razılaşır. Bu da normaldır. Mənim kimi onlarla teatr aktyor-aktrisası var, onlarda da həmçinin.
– Yeri gəlmişkən, serial sektorunda əməlli başlı canlanma var.
– Bəli, son zamanlar canlanma var, ümumən kəmiyyət çoxaldıqca keyfiyyət də özünü göstərir. Çox olmağının qətiyyən zərəri yoxdur. Biri var ildə 3 film, ya serial olsun, biri də var 20. Təbii ki, 20 filmdən 4-5-i özünü daha yaxşı tərəfdən göstərəcək.
– Deyirsiniz ki, teatr əsas işinizdir. Azərbaycanda teatrlarda həmişə müəyyən çəkişmələr olub. Sizin adınız heç vaxt belə intriqalarda hallanmayıb.
– Gənc Tamaşaçılar Teatrında həmişə sabitlik və sakitlik olub, heç vaxt sən deyən çəkişmələr olmayıb. Məndə də vəziyyət eynidir. Ümid edirəm ki, heç vaxt da olmayacaq (gülür).
– Qurban müəllim, ədəbiyyatla aranız necədir?
– Yeri gələndə oxuyuram. Amma səmimi deyim ki, son zamanlar vaxtım yoxdur. Mütaliə bir az komfort istəyir, indi vəziyyət elədir ki, vaxt tapmaq çətin işdir. Səninlə müsahibəni danışanda nə demişdim: vaxt yoxdur, bir serialdan başqasına, ondan başqasına.
Bir vaxtlar Xırdalanda yaşayırdım, elektron kitab almışdım, avtobusla gedib-gələndə oxuyurdum. İkinci bir tərəfdən, mən aktyoram, onsuz da bu işin içindəyəm, oxuyuram. Oynadığımız əsərlər mütaliə deyil ki? Şekspir mütaliə deyil? Stanislav Stratiyev (bolqar yazıçısı, ssenarist, - red.) mütaliə deyil? Şiller mütaliə deyil? Elə müəlliflər var ki, heç onu mənəm-mənəm deyən kitab adamları tanımır, amma mən oxumuşam, məlumatım var. Yəni nəticə etibarilə aktyor camiəsi istər-istəməz mütaliəli olur, buna görə də bizə kitab oxumurlar damğasını vurmaq olmaz. Yaxşı, hansısa yazıçı məni kitab oxumamaqda ittiham edirsə, mən də onlara sual edirəm: siz niyə teatra gəlmirsiniz? Tutaq ki, İlqar Fəhmi hansısa bir əsərini səhnəyə qoyur, öz qələm dostlarını dəvət edir, gəlirlər, amma başqa vaxt beş manatından keçib gəlirlərmi? Yox. O zaman mən niyə beş manatımdan keçib sənin kitabını almalıyam?
Bu tək yazıçılara aid deyil. Lap rəssamlar olsun. Söhbət əgər bir-birimizi günahlandırmaqdan gedirsə, biz də günahlandıra bilərik. Tamaşaya gəlməyən rəssam necə məni sərgiyə getməməkdə günahlandıra bilər?
Beləcə, Qurban müəllimlə bir xeyli ədəbiyyatdan da danışıb söhbətimizi yekunlaşdırırıq. Hava qaralıb, külək isə şiddətini daha da artırıb. Müsahibim yenidən qara paltosuna bürünüb papağını taxır və Bakının boz küçələrinə qarışır. Getdikcə uzaqlaşır, uzaqlaşır və gecənin qaranlığından qaçan adamların içərisində yoxa çıxır.