AZ

Gedək, gəzək biz Xızı dağlarını...

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarlı bir qış günü Xızıya getmişdik. Altıağacda, “Cənnət bağı”nda, Müşfiq muzeyində, “Qüllə” çay evində olduq, möhtəşəm mənzərələri gözümüzə-könlmüzə çəkdik.

Azərbaycanın dağ rayonları içərisində Bakıya ən yaxın olanı Xızı paytaxtın 70 kilometrliyində yerləşir. Bura Böyük Qafqaz silsiləsinin dağətəyi cənub yamacından Samur-Dəvəçi ovalığına qədər uzanan çoxtəpəli yayladır. Ən uca dağı Dübrardır – 2203 metr.

Xızı yayda da, qışda da gözəl olur. Budəfəki səfərimiz qışın qarlı çağına düşmüşdü. Dağların dumanlı toranlığına bürünmüş Xızı qarın “hökmran”lığında idi. Şimaldan gələn soyuq hava kütləsi bu əraziləri sanki Sibirə döndərmişdi. Bizim kimi, Altıağaca qarın görüşünə gələnlər az deyildi. Meşəliyin bəyaz donu, damların sırsıraları, suların sükutu, eyni zamanda, bacaların şaxtaya üz verməyən tüstüsü ecazkar mənzərə yaratmışdı. Kirşə, konki və xizək sürənlər deyə-gülə yarışır, ana təbiətə qaynayıb qarışırdılar. Bir qədər yaxında tələdən qaçıb-gedən dovşan da gördük, bir qədər aralıda şələ quyruğu qar sovuran tülkü də. Əsl “Qar bayramı” idi.

Yerli sakinlərlə söhbətdən öyrəndik ki, Xızı əhalisinin erkən orta əsrlərdə Sasanilərin Şimal sərhədlərini qorumaq üçün Xızistan əyalətindən buraya köçürüldüyü güman edilir. Bəzi ehtimallara görə, Xızı toponimi həmin adla bağlıdır. Ərəb işğallarına qədər bura Xizan şahlığının mərkəzi olub. IX əsr ərəb mənbələrində Xizan qalasının və xizan tayfasının adı çəkilir. Xarabalıqları Dizəvər (“Qala yeri”) adı ilə məlumdur. Bir çox tədqiqatçılar Xızı toponimini türk dillərindəki xız-qız (od, istilik) sözü ilə bağlayırlar. Çünki burada daha çox türk tayfalarının yaşadığı məlum faktdır.

Xızı dağları açıq havalarda Sumqayıtın dəniz sahillərindən aydın görünür. Şəhərdən oraya gündəlik işə-gedib-gələnlər də var. Həkim dostlarım Babək Əzimli və Şakir Kərimov bu “əziyyət”ə qatlanıb zövq alanlardandır. Onlarla çayxanada görüşüb söhbət elədik. Xızılı məşhurları – Azərbaycan dramaturgiyasının parlaq ulduzu Cəfər Cabbarlını, nakam şairimiz Mikayıl Müşfiqi, Seyfəddin Dağlını, Cabir Novruzu xatırladıq. Bir də Ələkbər Tağıyevin Hafiz Baxışla ərsəyə gətirdiyi, ilk dəfə Zeynəb Xanlarovanın oxuduğu məşhur mahnı yada düşdü:

Ana təbiətin seyrinə dalıbMin dəfə gəzmişəm azı dağları.Könlümdə əbədi bir məskən salıb,Məni heyran etdi Xızı dağları.

Uşaqlar qartopu oynayır, bizsə çay içə-içə söhbət edirdik. Qeyd olundu ki, Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Sadıqzadəni sənətkar edən düz 105 il əvvəl – fevral ayında qoynunda doğulduğu bu doğma dağlar olub. Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri –yazıçı Seyid Hüseynin və xanım şair Ümgülsümün ailəsində dünyaya göz açan, ilk ilham mayasını boyalı dağlardan tutan, Bakıda və Moskvada oxuyub, müharibə illərində sürgün edilib, amma qəlbindəki Xızı eşqi heç vaxt sönməyib. Müdrik çağında Rəssamlıq Akademiyasında müəllimlik edərkən tələbələrini neçə dəfə bu dağlara tablolar çəkməyə gətirib.

Ağ saçı, saqqalı ilə bir suyu elə rəhmətlik Oqtay Sadıqzadəyə bənzəyən, 3 onillikdən bəri Xızıda, doğma Qarabulaq kəndində yaşayan ağsaqqal şair Ağasəfa ilə də həsbi-halda olduq. Öyrəndik ki, Ağasəfa repressiya qurbanı olmuş xızılı şair Əlirza Xızılının (Abbasov) qohumudur. Sadə, səmimi, təvazökar, istiqanlı bir insan, gözəl şeirlər müəllifidir. Elə günümüzün ovqatına uyğun olaraq oxuduğu bir şeirinin misralarını yaddaşımıza həkk elədik:

İşığın eşqi var dəli başımda,Qəlbimi Günəşdə yoğuracağam.Lap son nəfəsimdə zirvə qaşındaBir papaq qar kimi ağaracağam.

Şəhidlər xiyabanında isə sanki bədahətən bir bayatı çağırdı 84 yaşlı Ağasəfa:

Ay Ağa, qarışıqdır,Yerlə Göy qarışıqdır.Şəhidlər yatan yerdəQar nurdur, qar işıqdır.

Beləcə, soyuq bir qış günü Xızıya səfərimiz bizdə xoş və zəngin təəssüratlar yaratdı.

Ə.DOSTƏLİXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
xalqqazeti.az

2Mənbələr