AZ

RATİFİKASİYA: görünməyən, lakin real təhlükəyə qarşı QALXAN

ain.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zaman özü ilə bərabər dəyişiklikləri də həyatımıza gətirir. Dünən dünəndə qalır, bu gün isə artıq müasir dövrün tələblərinə cavab verən addımlar atılmalıdır ki, insan hər bir məsələdə məsuliyyətin, təhlükənin, səhvin, cəzanın, cərimənin nədən ibarət olduğunu anlasın. Müasir dövrdə texnologiyanın sürətlə inkişafı belə addımların atılmasını şərtləndirir.

Dünən Milli Məclisin Birləşmiş Millətlər Təşkilatının “Kibercinayətkarlığa qarşı” Konvensiyasını ratifikasiya etməsi Azərbaycan üçün təkcə hüquqi sənədin təsdiqi deyil, həm də rəqəmsal dövrdə təhlükəsizlik anlayışına verilən mühüm siyasi və institusional cavabdır. İnformasiya texnologiyalarının həyatımızın bütün sahələrinə nüfuz etdiyi bir vaxtda bu addım cəmiyyət olaraq bizi yeni risklərdən qorumağı hədəfləyir: görünməyən, lakin real təhlükədən.

Kibercinayət: Konvensiya nəyi vəd edir?

Bu gün kibercinayətlər artıq yalnız “haker hücumu” anlayışı ilə məhdudlaşmır. Bank kartlarından vəsaitlərin oğurlanması, şəxsi məlumatların ələ keçirilməsi, onlayn dələduzluq, uşaqların internet üzərindən istismarı, dövlət və media resurslarına hücumlar – bunların hamısı kibercinayətkarlığın real və gündəlik formalarıdır. Cəmiyyətin ən həssas təbəqələri – uşaqlar, yaşlılar, texnologiya savadlılığı zəif olan şəxslər isə bu təhlükələr qarşısında daha müdafiəsizdir.

Bəs Konvensiya bizə nə qazandırır? Birinci növbədə, hüquqi mexanizmlərin gücləndirməklə kibercinayətlərin anlayışını beynəlxalq standartlara uyğun şəkildə dəqiqləşdirir. Bu isə hüquq-mühafizə orqanlarına belə cinayətləri daha effektiv araşdırmaq, sübut toplamaq və təqsirkarları məsuliyyətə cəlb etmək imkanı verir.

Eyni zamanda Konvensiya beynəlxalq əməkdaşlığı da genişləndirir. Çünki kibercinayətlər çox zaman bir ölkənin sərhədləri ilə məhdudlaşmır. Server bir ölkədə, cinayətkar başqa ölkədə, zərərçəkən isə üçüncü ölkədə ola bilər. Konvensiya bu cür hallarda dövlətlər arasında operativ məlumat mübadiləsini, birgə istintaq və hüquqi yardımı asanlaşdırmaq məqsədilə əməkdaşlıq etməyi tövsiyə edir.

Vətəndaşların rəqəmsal hüquqlarının qorunması-şəxsi məlumatların təhlükəsizliyi, onlayn mühitdə toxunulmazlıq və məxfiliyin qorunması Konvensiyanın əsas prioritetlərindəndir. Bu, təbii ki, vətəndaşların internetdə daha güvənli fəaliyyət göstərməsinə şərait yaradır.

Uşaqların və gənclərin müdafiəsi istiqamətində də Konvensiya onlayn istismar, kiberzorakılıq və uşaqlara qarşı yönəlmiş cinayətlərlə mübarizədə dövlətlərə konkret öhdəliklər qoyur. Bu isə ailə və cəmiyyət üçün xüsusi əhəmiyyət daşımaqla yanaşı, uşaq və gənclərin inkişafı üçün təhlükəsiz mühiti şərtləndirir.

Ən vacib məqamlardan biri isə dövlət və iqtisadi təhlükəsizlikdir ki, rəqəmsal infrastrukturun qorunması bank sisteminin, dövlət qurumlarının, media platformalarının və strateji obyektlərin təhlükəsizliyi deməkdir. Konvensiya bu sahədə risklərin azaldılmasına xidmət edir.

Ratifikasiya: vaxtında artılan addım

Azərbaycan rəqəmsal transformasiyanı yalnız texnoloji inkişaf kimi deyil, həm də təhlükəsizlik və məsuliyyət məsələsi kimi qəbul edir. Qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması gələcəkdə daha savadlı rəqəmsal cəmiyyətin formalaşmasına, vətəndaşların dövlətə və elektron xidmətlərə etimadının artmasına səbəb olacaq.

BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasının ratifikasiyası bizi görünməyən, amma ciddi təhlükələrdən qoruyan bir qalxandır. Bu sənəd cəmiyyət olaraq rəqəmsal dünyada daha güvənli, daha hazırlıqlı və daha məsuliyyətli olmağımıza xidmət edir.

Unutmayaq ki, texnologiya inkişaf etdikcə risklər də artır. Ən vacib olan isə bu risklərə qarşı zamanında və ağıllı cavab verməkdir. Azərbaycan bu addımı atmaqla həmin cavabı vaxtında vermiş oldu.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
sesqazeti.az

1Mənbələr