AZ

“Rəqəmsal cəmiyyət artıq şəbəkə əsaslı model üzrə formalaşır” - Rasim Əliquliyev

Cəmiyyətdə zahirən görünən münasibətlər – insanlar, ailələr, sosial qruplar və dövlətlərarası əlaqələr – ənənəvi olaraq fiziki müstəvidə qurulub. Lakin rəqəmsal dövrdə bu münasibətlər paralel şəkildə elektron mühitdə də formalaşır və idarə olunur.

SİA xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Süni İntellekt Strategiyasının bir illiyinə həsr olunmuş Respublika Elmi Konfransda çıxışı zamanı səsləndirib.

Akademik bildirib ki, bu gün hər bir fərd müxtəlif dövlət reyestrlərində, elektron sistemlərdə və məlumat bazalarında təmsil olunur. Elektron reyestrlər vasitəsilə vətəndaşlara dair məlumatlar toplanır, yenilənir və sistemləşdirilir, nəticədə cəmiyyətin geniş informasiya xəritəsi formalaşır.

Onun sözlərinə görə, bu xəritədə yalnız rəsmi məlumatlar deyil, sosial münasibətlər, ailə əlaqələri, iqtisadi fəaliyyət və hətta sosial davranış modelləri də əksini tapır. Müxtəlif dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası isə bu məlumatların vahid platformada birləşdirilməsinə imkan yaradır.

Rasim Əliquliyev vurğulayıb ki, beləliklə, fərdlər və institutlar arasında münasibətlər artıq təkcə hüquqi və sosial çərçivədə deyil, həm də rəqəmsal əlaqələr sistemi daxilində qurulur və bu, cəmiyyətin yeni – şəbəkə əsaslı modelini formalaşdırır.

O qeyd edib ki, Azərbaycanda rəqəmsal cəmiyyət artıq reallıqdır. İnternet, böyük verilənlər (Big Data) və süni intellekt texnologiyaları vasitəsilə məlumatların təhlili mümkün olur. Məsələn, sentiment analizi alətləri ictimai münasibətləri, sosial dəyərləri və cəmiyyətdəki yaxınlaşma və ya qarşıdurma meyllərini müəyyənləşdirməyə imkan verir.

Akademik əlavə edib ki, bu mərhələdə cəmiyyət klassik idarəetmə modellərindən fərqli olaraq daha çox şəbəkə strukturu kimi fəaliyyət göstərir. Dövlətin əsas vəzifəsi isə rəqəmsal məkanda milli maraqları, suverenliyi və vətəndaşların hüquqlarını qorumaqdır.

Rasim Əliquliyev bildirib ki, elektron reyestrlərin və rəqəmsal platformaların inkişafı dövlət idarəçiliyində şəffaflığın, səmərəliliyin və operativliyin artmasına xidmət edir. Azərbaycanda həyata keçirilən islahatlar və rəqəmsal transformasiya ölkənin siyasi, sosial və intellektual inkişaf mərhələsinin mühüm tərkib hissəsinə çevrilib.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
6
sia.az

1Mənbələr