AZ

"Böyük Qayıdış dayanıqlı məskunlaşma və inkişafı hədəfləyir" - ŞƏRH EDİLDİ

"Böyük Qayıdış proqramı post-münaqişə dövründə dövlətin qarşısında duran ən mühüm strateji vəzifələrdən biridir. Bu təşəbbüs yalnız keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək məqsədi daşımır, eyni zamanda azad edilmiş ərazilərin sosial-iqtisadi baxımdan yenidən dirçəldilməsi, regionun uzunmüddətli və dayanıqlı inkişaf modelinin formalaşdırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, son dövrdə həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, müasir infrastrukturun – yolların, elektrik və su xətlərinin, yaşayış komplekslərinin, məktəb və tibb müəssisələrinin inşası Böyük Qayıdışın planlı və sistemli şəkildə həyata keçirildiyini göstərir: "Bu yanaşma ondan xəbər verir ki, köç prosesi yalnız fiziki qayıdış kimi deyil, həm də insanların təhlükəsiz, rahat və sosial təminatlı mühitdə yaşaması prinsipi üzərində qurulub. Köçün mərhələli şəkildə həyata keçirilməsi də siyasi və sosial baxımdan düzgün strategiya hesab olunur. Çünki dayanıqlı məskunlaşma üçün əsas şərtlərdən biri məşğulluq imkanlarının yaradılması, iqtisadi fəaliyyətin bərpası və yerli iqtisadiyyatın formalaşdırılmasıdır. Kənd təsərrüfatı, xidmət sektoru, turizm və kiçik sahibkarlığın inkişafı bölgəyə qayıdan əhalinin uzunmüddətli perspektivdə həmin ərazilərdə qalmasını stimullaşdıran əsas amillərdən biridir. Bununla yanaşı, Böyük Qayıdış prosesinin sosial-psixoloji tərəfi də xüsusi diqqət tələb edir. Uzun illər məcburi köçkün həyatı yaşamış insanların yeni mühitə adaptasiyası, icma münasibətlərinin bərpası və sosial inteqrasiya məsələləri bu siyasətin humanitar ölçüsünü təşkil edir. Dövlət tərəfindən sosial dəstək mexanizmlərinin tətbiqi bu baxımdan mühüm rol oynayır. Geosiyasi müstəvidə isə Böyük Qayıdış regionda uzunmüddətli sabitliyin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Ərazilərin bərpası və əhalinin geri qayıtması dövlət suverenliyinin möhkəmləndirilməsi ilə yanaşı, post-münaqişə reallıqlarının dayanıqlı idarə olunmasına xidmət edir. Bu proses həm də regionun iqtisadi potensialının reallaşdırılmasına və yeni nəqliyyat-logistika imkanlarının formalaşmasına şərait yaradır.

Ümumilikdə, Böyük Qayıdış yalnız demoqrafik və sosial layihə deyil, eyni zamanda siyasi, iqtisadi və təhlükəsizlik komponentlərini özündə birləşdirən kompleks dövlət strategiyasıdır. Proqramın uğuru bərpa işlərinin keyfiyyətindən, iqtisadi imkanların genişləndirilməsindən və köçürülən əhalinin həmin ərazilərdə uzunmüddətli məskunlaşmasının təmin olunmasından birbaşa asılıdır".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
9
1
sia.az

2Mənbələr