“Elman Nəsirovun qızı, Fəzail Ağamalının övladları və onlarla, yüzlərlə belə hadisələr....
Övladlarınıza haram yedirtməyin!
Ömrünüzün sonuna bir gün qalmış olsa belə, o haramı yeyən uşaqlar ona bu tikəni yedirdənlərin burnundan gətirəcək. Elə bir yerdən zərbə vuracaq ki, dünya gözünüzdə qaralacaq. Ayağınız baş olacaq.
Özünüz nə qədər zıkkımlanırsınız zıkkımlanın. Amma o haram, əyri yolla əldə olunan, qabağınıza qoyulan zəhəri uşaqlardan uzaq tutun. Onları da öz günahlarınıza şərik etməyin. Onun cəzasını hər kəs çəkir əvvəl axır. Bir tikənin belə cavabı var. Fərqi yoxdur çörək olsun, börək olsun”.
Bu sətirləri mərhum Fəzail Ağamalı ilə oğlu arasında qarşıdurma ilk dəfə ictimailəşəndə yazmışdım. Bu gün də eyni fikirdəyəm. Hətta daha sərt şəkildə.
Haram təkcə evin içində insanı çürütmür. O, cəmiyyətdə də nüfuzunu yerlə bir edir. Sən özünü “zirvədə” hesab edə bilərsən. Amma zirvədə olmaq hər şeyi görmək demək deyil. Bəzən zirvədə olanlar aşağıdan necə göründüklərini bilmirlər.
Elə anlayışlar var ki, nisbi ola bilər. Amma halal və haramın ortası yoxdur. Ləyaqət və ləyaqətsizliyin ortaq məxrəci yoxdur. Xarakter ya var, ya yoxdur. Onun “bir azı” olmur.
Fəzail Ağamalı bu dünyada öz həqiqətləri ilə yaşadı. Ömrünün son günlərində yaşadıqlarının bir hissəsini bəlkə də ödəmiş oldu. Nəyi hiss etdi, nəyi anlamadı, bunu yalnız özü və Allah bilər. Amma bir şeyi anlamaq çətin deyil: cəmiyyət onu bağışlamadı.
Vəfatından sonra haqqında yazılanlar ağır idi. Hətta qəddar. Açıq deyim, heç düşmənimə də belə münasibət arzulamazdım.
Ağamalı məsələn hansısa kasıbın, qeyri-kasıbın haqqını əlindən alacaq qədər böyük səlahiyyət sahibi deyildi. Əgər belə hallar olubsa da, bu yəqin ki, çox az olub. O hər hansı rayona rəhbərlik edən icra başçısı deyildi, hökm oxuyan hakim deyildi, cərimə yazan hansısa nəzarət orqanının rəhbəri də deyildi. Balaca bir partiyası vardı. Digər deputatlardan fərqlənməyən səlahiyyətlərə malik idi. Yəni sadə ifadə etsəm, özünə, yaxın ətrafına, ailəsinə yaxşı şərait qurmağa çalışan bir adam idi. Bir çoxları kimi...
Məsələn, mən düşünmürəm ki, hansısa zalım icra başçısına, hansısa odioz bir oliqarx məmura qarşı o vəfat edəndə bu qədər aqressiya ola bilərdi.
Onda Ağamalıya qarşı bu aqressiya haradandır?
Cavabım birdir: XARAKTER.
İnsanlar bəzən konkret əməldən çox, davranışı bağışlamırlar. Üslubu bağışlamırlar. Vida mərasiminə göstərilən ictimai “diqqət” də bunu göstərdi.
Hər kəs bu dünyada öz həyat kitabını özü yazır. Vəzifəsi ilə yox, davranışı ilə. Statusu ilə yox, münasibəti ilə.
Heç kim “niyə mənə münasibət yaxşı deyil?” deyə şikayət etməməlidir. Münasibət təsadüf deyil. O, illərlə yığılan davranışın nəticəsidir.
Həyat o qədər də uzun deyil. Onu qürurla, ləyaqətlə, təmiz yaşamaq üçün fövqəladə imkanlar lazım deyil. Sadəcə aclıq gözündə görünməməlidir. Əyri yol həyat tərzinə çevrilməməlidir. Çünki insan təkcə özü üçün yaşamır axı.
Jurnalist Elçin Zahiroğlu F. Ağamalının deputat qızının vəfat edən atası barədə təyyarədə deyilənlərə şahid olmasından yazmışdı. Ağır mənzərə idi. Amma çox güman ki, mərhum partiya sədrinin övladları sosial şəbəkədə yazılanları da oxuyurlar. Bax, valideyndən övlada qalan əsl miras onlar idi.
Mən heç vaxt öz övladlarıma belə bir miras qoymaq istəməzdim. Heç vaxt...
Elnur Məmmədli
Telegram kanalımız