AZ

Evli kişi tanış olduğu qadına yalandan xərçəng xəstəliyinə tutulduğunu bildirərək dələduzluq etdi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zamiq Yusifovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
 
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
 
Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Yasamal Rayon Məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilib. "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6, 5.2.2 və 5.3-cü bəndlərinə əsasən, təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona təyin olunmuş 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad olunub.
 
İttihama görə, təqsirləndirilən şəxs tamah niyyəti ilə tanış olduğu zərərçəkmiş Günay Səmədovanın (adı və soyadı şərtidir) etibarından sui-istifadə edib.
 
Belə ki, Zamiq Yusifov qadına guya xərçəng xəstəliyinə tutulması və müalicə üçün pul lazım olması barədə yalan məlumat verib. Bu bəhanələr əsasında zərərçəkmiş şəxs aldanıb. Günay müxtəlif tarixlərdə - 2024-cü il martın 5-dən avqustun 30-dək mobil bank tətbiqləri, habelə ödəmə post terminalları vasitəsilə ümumilikdə 27 055 manat pulu təqsirləndirilən şəxsin hesabına köçürüb.
 
Məhkəmə araşdırmalarına əsasən, Zamiq Yusifov bu vəsaitləri öz şəxsi ehtiyaclarına xərcləyərək zərərçəkmiş şəxsə ciddi maddi ziyan vurub.
 
Birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının təqdim etdiyi 27 055 manatlıq ittihamı 9 225 manat həcmində azaltmış və qərara alıb ki, Zamiq Günaya 17 830 manat məbləğində ziyan vurub.
 
Zamiq Yusifov məhkəmə ifadəsində qeyd edib ki, evli və iki uşaq sahibi olmağına baxmayaraq, tanış olduğu zərərçəkmiş şəxsə subay olduğunu və onunla ailə həyatı quracağını bildirib.
Seçilən
4
7
moderator.az

8Mənbələr