AZ

Xalq artisti Möhsün Sənaninin vəfatından 45 il ötür

Bu gün Xalq artisti Möhsün Sənaninin anım günüdür. Onun vəfatından 45 il ötür.

Möhsün Sənani 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində dünyaya gəlib. Hələ uşaq yaşlarında valideynlərini itirən Sənani nənəsinin himayəsində böyüyüb. 1906-cı ildə nənəsi onu mədrəsəyə göndərərək mollalığa hazırlamaq istəyir.

Lakin gənc Möhsün bu yolu davam etdirmir. 1908-ci ildə nənəsinin vəfatından sonra xalası Molla Zinyət onu himayəyə götürür. Maraqlıdır ki, Molla Zinyət məşhur aktyor Əli Qurbanovun anasıdır.

Ailəsinin maddi çətinliklərinə baxmayaraq, Möhsün Sənani hələ 9 yaşından işləməyə başlayır. O, Tiflisin "Şeytanbazar" məhəlləsində müxtəlif ağır işlərdə çalışır. Lakin onun əsl həvəsi teatr olur.

Teatra olan marağı onu Tiflisdəki həvəskar aktyor dərnəklərinə aparır. İlk dəfə 1911-ci ildə geniş tamaşaçı qarşısına çıxan Möhsün, 1912-ci ildən isə həvəskar tamaşalarda iştirak etməyə başlayır. Onun teatr sənətində ilk ustadı Tiflisin məşhur aktyoru Mirzəxan Quliyev olub.

1915-ci ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanan "Kaveyi-Ahəngər" tamaşasında Möhsün gənc dəmirçi Kavənin oğlunu canlandırır. Bu rol onun aktyor kimi yüksəlişinə təkan verir və o, teatr sənətinə tamamilə bağlanır. Tiflis truppasında Mirzəli Abbasov, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Əli Qurbanov və digər sənətkarlarla birlikdə çalışır.

1921-ci ildən Möhsün Sənani Bakıya köçərək Azərbaycan teatr səhnəsində parlayır. O, Heydər bəy, Süleyman bəy, Qoçu Əsgər ("Məşədi İbad"), Kasio ("Otello") və Rzaqulu ("Nadir Şah") kimi unudulmaz obrazlar yaradır.

M.Sənani yalnız teatrda deyil, həm də Azərbaycan kinosunda yaddaqalan obrazlar yaradıb. "Səbuhi", "O olmasın, bu olsun", "Sehrli xalat" kimi filmlərdəki rolları bu gün də sevilir.

50 ildən çox teatr səhnəsində çıxış edən Möhsün Sənani, xalqımızın qəlbində dərin iz qoyan sənətkarlardandır. Onun zəngin təcrübəsi və sənətkarlıq yolu bu gün də gənc aktyorlar üçün örnəkdir.

Aktyor Əli Qurbanovun xalası oğludur. Film səsləndirən, aktrisa Ofeliya Sənaninin qaynatasıdır.

Seçilən
7
1
far.az

2Mənbələr