Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası (TÜBİSAD) və “SistemGlobal Danışmanlık A.Ş” konsaltinq şirkətinin tərəfdaşlığı ilə “Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” adlı forum keçirilir.
“Qafqazinfo” xəbər verir ki, forumda Türkiyə və Azərbaycanın ümumilikdə 70 İKT şirkəti, maliyyə institutları, eləcə də hər iki ölkənin müxtəlif dövlət qurumlarının rəhbər nümayəndələri iştirak edirlər.
***
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən icra edilən “Online Azərbaycan” layihəsi çərçivəsində bugün ölkənin hər bir guşəsində, hər bir kəndində geniş zolaqlı internetə çıxış təmin olunub: “Bu hər bir ölkədə olmayan bir nailiyyətdir və mən bunu xüsusi vurğulamaq istəyirəm”.
O bildirib ki, rəqəmsal transformasiya yalnız infrastruktur ilə məhdudlaşmır. Eyni zamanda strateji yanaşma sayəsində də inkişaf edir:
“Belə ki, ötən il ölkə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının rəqəmsal inkişaf konsepsiyası təsdiqlənib. Konsepsiya vətəndaşlar, biznes və dövlət üçün vahid rəqəmsal yanaşmanı formalaşdırıb. Bu çərçivədə dövlət xidmətlərinin rəqəmsallaşması, biznes üçün inzibati yüklərin azalması və vətəndaş məmnunluğunun artırılması əsas hədəf kimi müəyyən edilib. Bu yanaşmaya uyğun olaraq, yaradılmış vətəndaş yönümlü həllərdən biri də bizim “MyGov” platformasıdır. Hazırda “MyGov” Azərbaycanın ən sürətlə inkişaf edən və geniş rəqəmsal xidmət diapazonuna malik olan tətbiqlərindən birinə çevrilib. “MyGov”da istifadəçi sayı artıq 2,5 milyonu keçib və bu o deməkdir ki, bizim ölkənin əhalisinin 4-də biri bu platformadan istifadə edir. “MyGov” tətbiqi üzərindən təqdim edilən sənədlər rəqəmsal şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və s. fiziki sənədlərlə eyni hüquqa malikdir. Vətəndaşlar ailə qurmaq, valideyn olmaq, təhsil almaq, əmək müqaviləsini imzalamaq və sosial təminatla bağlı sənədləşmə proseslərini tam rəqəmsal formada bu platforma üzərindən həll edə bilərlər və fiziki məkana getməyə ehtiyac qalmır”.
S.Məmmədov əlavə edib ki, ölkəmizin kağızsız hökumətə keçidi artıq tamamlanıb. Bu isə o deməkdir ki, biz hər il təxminən 5700 ağacın kəsilməsinin qarşısı alınır.
O bildirib ki, Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması və rəqəmsal sənəd dövriyyə sistemlərinin inteqrasiyası texniki olaraq artıq tamamlanıb, bütün test mərhələləri uğurla başa çatdırılıb: “Prosesin tam tətbiqi üçün zəruri hüquqi çərçivənin birgə formalaşdırılması istiqamətində işlər davam edir və ümid edirəm ki, cənab səfirlə birlikdə bu mərhələni də qısa müddətdə tamamlayacağıq.
Azərbaycanın rəqəmsal inkişaf sahəsində atdığı addımlar beynəlxalq reytinqlərdə də öz təsdiqini tapır. BMT-nin Elektron Hökumət İnkişafı İndeksində ölkəmiz 9 pillə irəliləyərək “very high” kateqoriyasına daxil olub. Dünya Bankının Rəqəmsal Dövlət Texnologiyaları Yetkinlik İndeksində isə Azərbaycan A qrupunda mövqeyini qoruyur”.
Nazir müavini əlavə edib ki, süni intellekt ölkəmizdə rəqəmsal ekosistemin ayrılmaz hissəsidir və strateji prioritet kimi müəyyən edilib. Bu istiqamətdə Süni İntellekt Strategiyası qəbul olunub, idarəetmə mexanizmləri formalaşdırılır, dövlət və özəl sektor arasında tərəfdaşlıq genişləndirilir: “Oxford Insights” indeksinə əsasən, Azərbaycan süni intellekt hazırlığı üzrə Cənubi Qafqazda liderdir və Türkiyənin də daxil olduğu regionun ilk beşliyində yer alır. 2025-ci il nəticələrinə görə ölkəmiz 42 pillə irəliləyərək 195 ölkə arasında 19-cu mövqedə qərarlaşıb.
Ötən ildən etibarən Süni İntellekt Akademiyası və Milli Süni İntellekt Mərkəzi fəaliyyətə başlayıb. Həmçinin hüquqi aktlar üzrə süni intellekt dəstəkli axtarış və təhlil imkanları təqdim edən e-qanun.ai platforması istifadəyə verilib. Bu, Azərbaycan dilində süni intellekt əsaslı dil resurslarının formalaşması istiqamətində mühüm ilk addımdır”.
S.Məmmədov əlavə edib ki, nazirlik tərəfindən texnoparkların fəaliyyət dairəsi də genişləndirilir. Texnopark rezidentləri üçün mənfəət vergisi, dividend gəlirləri, torpaq vergisi üzrə güzəştlər, eləcə də sosial sığorta mexanizmlərinin sadələşdirilməsi şirkətlərin maliyyə dayanıqlığını artırır və sürətli inkişaf üçün əlverişli mühit yaradır: “Fürsətdən istifadə edərək Türkiyə şirkətlərini bu imkanlardan yararlanmağa dəvət edirəm.
Bugünkü forumun əsas məqsədi Türkiyənin texnologiya şirkətləri ilə Azərbaycanın rəqəmsal ekosistemi arasında real və nəticəyönümlü körpü yaratmaqdır. Azərbaycan Türkiyənin rəqəmsal transformasiya sahəsində qazandığı zəngin təcrübədən faydalanmaqda maraqlıdır. Türkiyə bu sahədə formalaşdırdığı güclü ekosistemlə region üçün mühüm modeldir.
Eyni zamanda Azərbaycan da öz potensialını Türkiyə ilə birlikdə gücləndirməyə hazırdır. Texnoparklarımız Türk İKT şirkətləri ilə əməkdaşlığa açıqdır və onların fəaliyyətinin genişləndirilməsi üçün zəruri şərait mövcuddur. Azərbaycan texnologiya bazarı Türkiyə şirkətləri üçün dövlət layihələri, rəqəmsal xidmətlər və startap əməkdaşlığı baxımından əlverişli imkanlar təqdim edir.
Dövlət və özəl sektor arasında qurulacaq konkret tərəfdaşlıqlar iki ölkə arasında rəqəmsallaşma sahəsində əməkdaşlığı yeni mərhələyə yüksəldəcək”.
Gülnar Əliyeva
Fotolar: Pərvin Zeynal







Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.