Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zamiq Yusifovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Yasamal Rayon Məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6, 5.2.2 və 5.3-cü bəndlərinə əsasən təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona təyin olunmuş 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad olunub.
İttihama görə, təqsirləndirilən şəxs tamah niyyəti ilə tanış olduğu zərərçəkmiş Günay Səmədovanın (adı, soyadı şərtidir) etibarından sui-istifadə edib.
Belə ki, Zamiq Yusifov qadına guya xərçəng xəstəliyinə tutulması və müalicə üçün pul lazım olması barədə yalan məlumat verib. Bu bəhanələr əsasında zərərçəkmiş şəxs aldanıb. Günay müxtəlif tarixlərdə - 05 mart 2024-cü ildən 30 avqust 2024-cü ilədək mobil bank tətbiqləri, habelə ödəmə post terminalları vasitəsilə ümumilikdə 27 055 manat pulu təqsirləndirilən şəxsin hesabına köçürüb.
Məhkəmə araşdırmalarına əsasən, Zamiq Yusifov bu vəsaitləri öz şəxsi ehtiyaclarına xərcləyərək zərərçəkmiş şəxsə ciddi maddi ziyan vurub.
Birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının təqdim etdiyi 27 055 manatlıq ittihamı 9 225 manat həcmində azaltmış və qərara alıb ki, Zamiq Günaya 17 830 manat məbləğində ziyan vurub.
Qeyd: Zamiq Yusifov məhkəmə ifadəsində tanış olduğu zərərçəkmiş şəxsə evli və iki uşaq sahibi olmağına baxmayaraq, qadına subay olduğunu və onunla ailə həyatı quracağını bildirib.
Kamal Məmmədov