AZ

"Epşteyn işi" Norveç siyasətində böyük qalmaqal yaradıb: Parlament XİN-də nadir xarici araşdırma təyin edib

BAKI, 11 fevral. TELEQRAF

Norveç parlamentinin nəzarət komitəsi ölkənin Xarici İşlər Nazirliyinin Ceffri Epşteynlə mümkün əlaqələri ilə bağlı nadir hallarda tətbiq olunan müstəqil xarici araşdırmanın aparılmasına yekdilliklə qərar verib. Bu addım mərhum amerikalı cinsi cinayətkarla bağlı dostluq münasibətləri ətrafında böyüyən qalmaqal fonunda atılıb.

Teleqraf xəbər verir ki, "Reuters"in məlumatına görə, ABŞ-də yayımlanan yeni sənədlər Avropada siyasətçilər, kral ailələrinin üzvləri və varlı şəxslərlə Epşteyn arasında çoxsaylı əlaqələri üzə çıxarıb.

Norveçin iqtisadi cinayətlər üzrə polisi ölkənin sabiq baş naziri, keçmiş xarici işlər naziri və Nobel Sülh Mükafatı Komitəsinin keçmiş sədri Torbyörn Yaqlanda qarşı ağır korrupsiya şübhəsi ilə istintaqa başlayıb.

Polis bazar ertəsi günü həmçinin İordaniya və İraqdakı səfir vəzifəsindən bazar günü istefa verən Mona Yulun da korrupsiya işi üzrə araşdırıldığını açıqlayıb. Onun həyat yoldaşı, keçmiş nazir Terye Röed-Larsenin isə bu işdə əlbir olmaqda şübhəli bilindiyi bildirilir.

Hər üç şəxs istintaqla əməkdaşlıq edəcəklərini və irəli sürülən ittihamları əsassız hesab etdiklərini vəkilləri vasitəsilə bəyan ediblər.

Buna baxmayaraq, polisin addımları Norveçdə ictimai araşdırma tələblərini səngitməyib. Ölkədə məmurların tam şəffaf və qüsursuz davranışı gözlənildiyindən məsələ böyük rezonans doğurub. Leyboristlər Partiyasının üzvü Sverre Mürli parlamentin Nəzarət və Konstitusiya Məsələləri üzrə Daimi Komitəsinin iclasından sonra jurnalistlərə deyib ki, son həftələrdə öyrənilənlərin heç olmasa yarısı doğrudursa, bu, çox ağır vəziyyətdir.

Sənədlər göstərir ki, 2014-cü ildə Torbyörn Yaqland və Epşteynin köməkçiləri Yaqlandın həyat yoldaşı, iki övladı və oğlunun sevgilisi ilə birlikdə Epşteynin Palm-Biçdəki və ona məxsus Karib adasındakı mülklərinə səfəri üçün ətraflı planlar hazırlayıblar. Həmin vaxt Avropa Şurasının baş katibi olan Yaqland Epşteynin şəxsi adasına heç vaxt getmədiyini deyib.

2014-cü ilə aid elektron məktubda Yaqland Osloda mənzil alınmasının maliyyələşdirilməsi üçün Epşteyndən kömək istədiyini də etiraf edib. 2018-ci ilə aid yazışmalarda isə Epşteyn Yaqlanddan onu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdürməyi xahiş edib və Rusiya Prezidenti Vladimir Putinə ötürmək üçün fikirləri olduğunu bildirib. Yaqland bu məsələni Lavrovun köməkçisi ilə müzakirə edəcəyinə söz verib.

Terje Röed-Larsenin Epşteynlə əlaqələri ilk dəfə 2019-cu ildə üzə çıxıb. O, bu münasibətlərə görə bir neçə dəfə üzr istəyib və 2020-ci ildə Nyu-Yorkda yerləşən Beynəlxalq Sülh İnstitutunun rəhbəri vəzifəsindən istefa verib.

Sənədlər həmçinin göstərir ki, Mona Yul və Terje Röed-Larsen 2011-ci ildə iki övladı ilə birlikdə Epşteynin şəxsi adasına səfər etməyi planlaşdırıblar, lakin səfərin baş tutub-tutmadığı məlum deyil. 2017-ci ildə Röed-Larsen Epşteyni “tamamilə yaxşı insan” adlandırıb, 2018-ci ildə isə cütlük Osloda mənzil alınması ilə bağlı danışıqlarda onun köməyindən istifadə edib. Həmin mənzil hazırda polis istintaqının predmetidir.

2019-cu ildə həbsxanada intihar etməzdən iki gün əvvəl imzaladığı vəsiyyətnamədə Epşteyn cütlüyün iki övladının hər birinə 5 milyon dollar vəsait qoyduğunu bildirib.

Qeyd edək ki, Norveçin vəliəhdinin həyat yoldaşı, vəliəhd şahzadə Mette-Marit də ötən həftə 2011–2014-cü illərdə Epşteynlə dostluq münasibətlərinə görə kral və kraliçadan üzr istəyib. Bu münasibətlər Epşteynin 2008-ci ildə azyaşlıdan cinsi xidmət almaqda təqsirli bilinməsindən sonra da davam edib.

Seçilən
25
teleqraf.com

1Mənbələr