Latnik ailəsi ilə birlikdə təsadüfi görüş olduğunu bildirib...
Poliqon xəbər verir ki, ABŞ-nin ticarət naziri Hovard Latnik Ceffri Epşteynin adasına səfəri ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Nazir ailəvi istirahət zamanı Epşteynlə birlikdə nahar etdiyini təsdiqləyib, lakin bunun planlaşdırılmış görüş olmadığını vurğulayıb.
Latnikin sözlərinə görə, sözügedən görüş adaya keçid zamanı qayıqda baş verib. O qeyd edib ki, həmin vaxt onunla birlikdə həyat yoldaşı, dörd övladı və dayələr də olub. Nazir əlavə edib ki, bu naharın hansı səbəbdən baş tutduğunu dəqiq xatırlamır, lakin Epşteynlə qısa müddətli ünsiyyətin baş verdiyini inkar etmir.
Nazir vurğulayıb ki, bu görüş şəxsi və ailəvi səfər çərçivəsində, təsadüfi xarakter daşıyıb və hər hansı rəsmi və ya işgüzar məqsəd güdməyib. Onun sözlərinə görə, yayılan məlumatlar kontekstdən çıxarılaraq təqdim olunur və reallığı tam əks etdirmir.
Qeyd edək ki, son günlər ABŞ mediasında bir sıra ictimai və siyasi fiqurların maliyyəçi Ceffri Epşteynlə mümkün əlaqələri barədə materiallar dərc olunur və bu mövzu cəmiyyətin diqqət mərkəzində qalmaqda davam edir.
Poliqon.info