AZ

Paşinyan: Azərbaycan erməni məhsullarının öz ərazisindən üçüncü ölkələrə ixracına icazə verib...

İrəvan üçün xarici bazarlara çıxış imkanları genişlənir...

Poliqon xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ictimai Ermənistan televiziyasına müsahibəsində Azərbaycanın erməni məhsullarının öz ərazisindən üçüncü ölkələrə ixracına icazə verdiyini bildirib. Onun sözlərinə görə, bu qərar regionda mövcud nəqliyyat-kommunikasiya imkanları baxımından mühüm əhəmiyyət daşıyır.

Paşinyan xatırladıb ki, Azərbaycan ərazisindən keçən dəmir yolu əlaqəsi artıq mövcuddur və maneəsiz fəaliyyət göstərir. Baş nazir vurğulayıb ki, Ermənistanın da Azərbaycan üzərindən xarici dünyaya çıxışı açıqdır və bu amil biznes ictimaiyyəti tərəfindən hələ tam mənimsənilməyib.

“Lakin çox vacibdir ki, Ermənistanın Azərbaycan ərazisi vasitəsilə xarici dünyaya dəmir yolu bağlantısının da açıq olduğunu qeyd edək. Məndə belə bir təəssürat var ki, biznesimiz hələ bu xəbəri tam həzm etməyib”, – Paşinyan bildirib.

Ermənistan hökumətinin başçısı əlavə edib ki, söhbət Gürcüstan və Azərbaycan üzərindən üçüncü ölkələrə – Rusiya, Mərkəzi Asiya dövlətləri və Çinə dəmir yolu nəqliyyatı vasitəsilə ixrac imkanlarından gedir. Onun sözlərinə görə, bu marşrut Ermənistan məhsulları üçün yeni logistika perspektivləri yaradır və regional ticarətin canlanmasına töhfə verə bilər.

Paşinyan qeyd edib ki, bu məsələ Azərbaycan prezidenti İlham Əliyev ilə Əbu-Dabidə keçirilən görüş zamanı da müzakirə olunub. Tərəflər regionda iqtisadi və nəqliyyat əlaqələrinin inkişafının qarşılıqlı maraqlara xidmət etdiyini vurğulayıblar.

Xatırladaq ki, fevralın 4-də yayılan məlumatda İlham Əliyev və Nikol Paşinyanın Əbu-Dabidəki görüşdə iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində işi davam etdirməyə hazır olduqlarını ifadə etdikləri bildirilmişdi.

Poliqon.info

Seçilən
68
50
poliqon.info

10Mənbələr