AZ

İndi də Hindistandan virus yayılır — Qapanmalar ola bilər

Nipah virusu ilə bağlı narahatedici inkişaf qeydə alınıb. İndiyədək əsasən Hindistan və Cənub-Şərqi Asiya ölkələrində rast gəlinən bu təhlükəli infeksiya ilk dəfə Bəhreyn ərazisində təsdiqlənib. Rəsmi qurumların yaydığı məlumata görə, fakt laborator analizlərlə təsdiqini tapıb. Hadisə virusun coğrafi yayılma arealının genişlənməsi baxımından ciddi risklər doğurur. Səhiyyə orqanları mümkün yoluxma zəncirinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlayıb. Mütəxəssislər vəziyyətin nəzarət altında saxlanılmasının vacibliyini vurğulayırlar.

KONKRET.az xəbər verir ki, Terapevt-həkim Kəmalə Orucova Demokrat.az-a açıqlamasında bildirib ki, Nipah virusu ilə bağlı yayılan məlumatlar cəmiyyətdə təbii narahatlıq yaradır, çünki bu virus yüksək risk qrupuna daxildir:

“Nipah əsasən heyvanlardan insanlara keçən zoonoz infeksiyadır və ağır klinik gedişi ilə seçilir. Virusun Hindistandan kənarda, Bəhreyndə qeydə alınması qlobal səhiyyə qurumlarının diqqətini artırır.  Nipah virusu COVID-19 kimi sürətlə yayılan infeksiya hesab edilmir. İnsandan-insana yoluxma əsasən yaxın və uzunmüddətli təmas zamanı baş verir ki, bu da kütləvi yayılma riskini azaldır. Ümumdünya Səhiyyə Təşkilatı bu virusu uzun müddətdir nəzarətdə saxlayır və mümkün risk ssenariləri əvvəlcədən qiymətləndirilir. Əgər yoluxma halları artarsa və bir neçə ölkədə eyni vaxtda yayılma müşahidə olunarsa, müəyyən ərazilərdə lokal məhdudiyyətlər tətbiq edilə bilər”.

O deyib ki, bu cür tədbirlər daha çox yoluxma ocaqları ilə məhdudlaşacaq:

“Qlobal miqyasda tam qapanmalar isə hazırkı mərhələdə real görünmür. Çünki ölkələrin səhiyyə sistemləri pandemiya təcrübəsindən sonra daha hazırlıqlı vəziyyətdədir. Hazırda hava limanlarında tibbi nəzarət, kontaktların izlənməsi və izolyasiya tədbirləri effektiv şəkildə tətbiq olunur. Əsas risk nəzarət mexanizmlərinin zəif olduğu regionlarda yarana bilər. İlin sonuna qədər vəziyyətin necə inkişaf edəcəyi hələ ki məlum deyil. Profilaktik tədbirlər vaxtında görülsə, genişmiqyaslı qapanmalara ehtiyac yaranmaya bilər”.

Seçilən
24
1
konkret.az

2Mənbələr