AZ

Sosial mediada saxta lotereya oyunlarında iradə azadlığı aldatma ilə pozulur



Sosial şəbəkələr üzərindən təşkil edilən “lotereya”, “çəkiliş”, “paylaş–qazan”, “ad yaz–pul köçür–uduş qazan” tipli oyunlar artıq təsadüfi hallar deyil, formalaşmış dələduzluq mexanizminə çevrilib. Bu sxemlər hüquqi baxımdan sadə bir aldatma deyil, əvvəlcədən planlaşdırılmış, mərhələli şəkildə qurulmuş və cinayət niyyəti ilə icra olunan fəaliyyət modelidir.

Bu fikirləri Newscenter.az-a hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, əksər hallarda təşkilatçı əvvəlcə sosial media hesabında etibar mühiti yaradır, guya əvvəlki “qaliblərin” şəkillərini paylaşır, canlı yayımlar edir, bəzən real şəxslərdən istifadə edərək saxta görüntü formalaşdırır:

“Sonra müəyyən məbləğdə pul köçürməklə adın siyahıya salınacağını bildirir. Pul yığıldıqdan sonra isə ya müxtəlif bəhanələrlə vaxt uzadılır, ya da hesablar bağlanır və şəxs aradan çıxır. Bu mexanizm hüquqi baxımdan Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluğun bütün obyektiv və subyektiv əlamətlərini özündə cəmləşdirir”.

Hüquqşünasın sözlərinə görə, dələduzluğun hüquqi mahiyyəti ondan ibarətdir ki, zərərçəkmiş şəxs öz əmlakını könüllü şəkildə verir, lakin bu “könüllülük” aldatmanın təsiri altında baş verir:

“Sosial mediada saxta lotereya sxemində də eyni hal mövcuddur. Şəxs pulu məcburiyyət altında deyil, lakin yalan məlumatlara inanaraq köçürür. Cinayət hüququnda bu cür razılıq hüquqi qüvvəyə malik sayılmır. Çünki iradə azadlığı aldatma ilə pozulub. Burada əsas meyar pulun verilməsi deyil, pulun hansı üsulla əldə olunmasıdır. Bu tip işlərdə istintaq və məhkəmə təcrübəsində ən vacib sübut elementi yazışmalar, elanlar, paylaşımlar, canlı yayım görüntüləri, bank köçürmələri və elektron izlərdir. Sosial şəbəkədə yerləşdirilən elan, “qalib siyahıları”, iştirak qaydaları, bank kart nömrələri, mesajlaşmalar, bunların hamısı cinayət niyyətini sübut edən birbaşa dəlillərdir. Çünki bu materiallar göstərir ki, şəxs əvvəlcədən uduş vermək niyyətində olmayıb, məqsəd yalnız pul toplamaq olub”.

Süleyman
Seçilən
51
1
newscenter.az

2Mənbələr