AZ

İran hakimiyyətindən Trampı birbaşa qıcıqlandıran addım...



Təbriz Musayev: “İranın mövqeyini belə sərtləşdirməsinin arxasında Çinin göstərdiyi hərbi yardım dayanır”

İranın məhkəmə hakimiyyətinin rəhbəri bəyan edib ki, etiraz aksiyalarında saxlanılan şəxslər 1979-cu il İslam inqilabının ildönümü münasibətilə keçirilən illik əfv proqramlarına daxil edilməyəcək.

“Mən göstəriş vermişəm ki, təhlükəsizlik məsələləri ilə hər hansı formada əlaqəsi olan bütün məhkumların adları əfv siyahısından çıxarılsın”, - deyə Qulam Hüseyn Mohseni-Əjei bildirib.

O əlavə edib ki, son etirazlarla bağlı ittiham olunan və ya məhkum edilmiş şəxslər də fevralın 11-nə planlaşdırılan əfv siyahısına salınmayacaq.

Bu, həm də ABŞ prezidenti Donald Trampa meydan oxumaq demək deyilmi? Axı Tramp həm də bununla bağlı İrana xəbərdarlıq etmişdi. Demişdi ki, etirazçılara qarşı sərt addımlar atılacaqsa, ABŞ bunu cavabsız qoymayacaq.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, son vaxtlar İranın bir sıra məsələlərdə ABŞ-a belə dirəniş göstərməsi diqqət çəkir: “Məlum olduğu kimi, İranda vəziyyət çox gərgindir. Rejimin apardığı yarıtmaz siyasət üzündən ölkədə çoxsaylı problemlər yaranıb. İran illərdir ABŞ və Avropa dövlətlərinin sanksiyaları altındadır. Bu sanksiyalar çoxsaylı iqtisadi problemlərin yaranmasına səbəb olub. Ötən illər ərzində bir sıra kütləvi etiraz aksiyaları baş versə də molla rejimi cəmiyyətin tələblərini nəzərə almayıb. Ölkə əhalisinin yarıdan çoxu cavan nəsil olduğu üçün dəyişikliklər tələbi ilə çıxış edir, amma dini hakimiyyət bunu görməzdən gəlir. Təcrid üzündən ölkədə çoxsaylı iqtisadi problemlərin olmasına baxmayaraq, İran nüvənin zənginləşdirilməsi layihəsindən əl çəkmir. Üstəlik, etirazçılara qarşı sərt davranmaqda davam edəcəyini bəyan edir. Halbuki, ABŞ İran yaxınlığında hərbi qüvvələrini artırmaqdadır. Gözləntilər var idi ki, bütün bu baş verənlərdən sonra Tehran bəzi güzəştlərə gedəcək. Trampın xəbərdarlıqlarını İranın görməzdən gəlməsi təsadüfü deyil. Fikrimcə, İranın mövqeyini belə sərtləşdirməsinin arxasında Çinin göstərdiyi hərbi yardım dayanır. Məlumatlara görə, son vaxtlar Çin İrana bir sıra müasir silahlar verməkdədir. Məsələ ondadır ki, Pekin Venesueladan sonra İranı itirmək istəmir. Çünki İran Çinə neft tədarük edən əsas ölkələrdən biridir. Çinin verdiyi dəstək molla rejiminin ABŞ-a qarşı ritorikasını sərtləşməsinə stimul verib. Ancaq düşünmürəm ki, bu, İranı ABŞ-ın zərbələrindən xilas edə biləcək. Ona görə ki, İranda problemlər çoxdur”.

Vidadi ORDAHALLI

Seçilən
15
baki-xeber.com

1Mənbələr