AZ

Toyuq ətinin qiyməti artacaq?

Türkiyədə toyuq qiymətlərinin təxminən 15% artmasından sonra toyuq məhsullarının ixracının dayandırılması daxili bazarda qiymət artımı ilə bağlı narahatlıqlar yaradıb. Bu halda Azərbaycanda da toyuq ətinin qiymətləri bahalaşa bilər?Kənd təsərrüfatı eksperti Cəfər İbrahimli Metbuat.az -a açıqlamasında bildirib ki, hazırda Azərbaycan özünü tam şəkildə daxili istehsal hesabına toyuq əti ilə təmin edə bilmir, amma faiz baxımından kifayət qədər təminat imkanımız var: “Rəsmi rəqəmlərə görə, son illərdə illik təxminən 25 min ton həcmində idxal olunur. Bu idxal əsasən yaxın bazarlardan həyata keçirilir və bununla bağlı ciddi çətinlik yoxdur. Bundan əlavə, biz Türkiyədən ümumiyyətlə toyuq əti idxal etmədiyimiz üçün verilən qərarın birbaşa bizim bazara təsiri çox az olacaq, hətta demək olar ki, olmayacaq”. C.İbrahimli qeyd edib ki, toyuq ətinə tələbat və qiymət dəyişiklikləri daha çox mal və qoyun ətindəki qiymət artımı ilə əlaqədardır: “Bu ətlər bahalaşdıqca, istər-istəməz toyuq ətinə tələbat və istehlak artır. Bu da müəyyən hallarda qiymətlərə təsir göstərə bilər. Amma Türkiyə bazarında baş verən bu prosesin bizim bazara və qiymətlərə ciddi təsir edəcəyini gözləmirik”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
15
metbuat.az

1Mənbələr