Bakı, 10 fevral, Gülay Nəzərova, AZƏRTAC
Son illər qış turizmi bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da regionların iqtisadi inkişafında mühüm amillərdən birinə çevrilməkdədir. Dağlıq və kənd ərazilərində yerləşən qış turizm mərkəzləri həm daxili, həm də xarici turistlərin cəlb olunmasına şərait yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.
O bildirib ki, qış turizminin əsas üstünlüklərindən biri regionlarda yeni iş yerlərinin açılmasıdır. Otellər, restoranlar, xizək mərkəzləri, nəqliyyat və xidmət sahələrində yerli əhali üçün əlavə məşğulluq imkanları yaranır. Bu isə əhalinin gəlir səviyyəsinin artmasına və regionlardan paytaxta miqrasiyanın azalmasına müsbət təsir göstərir.
Rəhman Quliyev həmçinin qış turizminin yerli sahibkarlığın inkişafını stimullaşdırdığını deyib: “Turistlərin yerli məhsullara, milli mətbəxə və əl işlərinə marağı kiçik və orta biznesin genişlənməsinə imkan yaradır. Bu proses regionların iqtisadi dövriyyəsini artırmaqla yanaşı, onların tanıdılmasına da xidmət edir. Bununla yanaşı, qış turizminin davamlı inkişafı üçün bir sıra məsələlər xüsusi diqqət tələb edir. Ekoloji tarazlığın qorunması, təbii resurslardan səmərəli istifadə və ətraf mühitə minimum zərərin vurulması əsas şərtlərdən biridir. Həmçinin iqlim dəyişiklikləri fonunda turizm məhsullarının şaxələndirilməsi vacib hesab olunur”.
Onun sözlərinə görə, qış turizminin uzunmüddətli və dayanıqlı inkişafı üçün dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilməli, infrastruktur təkmilləşdirilməli və peşəkar kadr hazırlığına xüsusi önəm verilməlidir. Bu addımlar atıldığı təqdirdə qış turizmi regionların sosial-iqtisadi inkişafında daha böyük rol oynaya bilər.