AZ

Baharın müjdəçisi Xıdır Nəbi bayramı – Tovuzdan reportaj

Tovuz, 10 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC

Bu gün Novruzun ilk müjdəçisi olan Xıdır Nəbi (Tovuzda Xızır Nəbi kimi adlandırılır – red.) gecəsidir. El arasında qədim ənənələrlə qeyd olunan bu bayram fevralın 10-dan 11-ə keçən gecəyə təsadüf edir. Xıdır Nəbi bayramı qışın ən çətin dövrü hesab edilən “Kiçik çillə”nin birinci on günlüyü başa çatdıqda qeyd olunur.

Məhz bu andan etibarən təbiətin oyanışını xəbər verən "Xıdır gecələri" başlayır. Rəvayətə görə, Xıdır peyğəmbərin adı ilə bağlı olan bu gecə yazın gəlişinin ilk xəbərçisi sayılır. Uzun illərdir ki, sakinlər hər il bu günü özünəməxsus ayinlər və adət-ənənələrlə qarşılayırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sakinlər bu bayramı baharın gəlişinin ilk müjdəçisi kimi böyük sevinclə qeyd edirlər. Tovuzun kəndlərində bu qədim bayram özünəməxsus ənənələri ilə bu gün də yaşadılır.

Adətə görə, bu gün hər bir tovuzlu ailəsinin süfrəsində mütləq qovut olmalıdır. Bayram hazırlıqları çərçivəsində qız-gəlinlər evlərdə təmizlik işləri görür, ləzzətli qovutlar hazırlayırlar. Halva dadını xatırladan qovut həm sadə tərkibi, həm də tez ərsəyə gəlməsi ilə seçilir. Hazırlanma qaydasına gəlincə, buğda və ya qarğıdalı üyüdülərək qovrulur, daha sonra isə bəhməzlə isladılıb xüsusi formaya salınır. Qovutun əsas üstünlüklərindən biri də onun dadını itirmədən uzun müddət yararlı qalmasıdır.

“Bu, torpağın oyanışı deməkdir. Xızır Nəbi bayramı gəlişi ilə sanki Novruzu səsləyir. Bundan sonra “yalançı” və “xəbərçi” çərşənbələr, ardınca isə Novruzun dörd əsas çərşənbəsi yurdumuza qədəm qoyacaq.

Xızır Nəbi bayramında nənələrimizin özünəməxsus adətləri olardı. Məsələn, bu bayramda əriştə kəsilər, buğda və qarğıdalının içinə müxtəlif ədviyyatlar qatılardı. Sonra bu qarışığı üyüdüb un halına salardılar. Həmin un bəhməzlə yoğrularaq xüsusi bir təam hazırlanırdı. Bu, Azərbaycan mətbəxinin ən əvəzedilməz və möhtəşəm şirniyyatlarından sayılır. Necə ki, Novruz bayramının simvolu şəkərbura və paxlavadır, Xızır Nəbi bayramının rəmzi şirniyyatı da məhz qovutdur”, – deyə rayon sakini Məlahət Hacıyeva bildirib.

İnanca görə, məhz bu gündən etibarən qışın məşəqqətli günləri arxada qalır, təbiətdə yazın həlim nəfəsi duyulmağa başlayır. Sanki bütün kainat dərin yuxudan oyanır. Xalq rəvayətlərinə görə, insanları dardan qurtaran, qışın çətin sınaqlarında evlərə ruzi və bərəkət paylayan Xıdır Nəbi bu günlərdə hər bir qapını döyür.

Xıdır Nəbi İslam dünyasında, eləcə də Türk və Qafqaz xalqlarının mifik inanclarında müdriklik, ilahi, elm və bərəkət rəmzi olan müqəddəs şəxsiyyət kimi qəbul edilir. O, zaman və məkan hüdudlarını aşan ölməzliyi, ehtiyac sahiblərinə əl tutması ilə xalq yaddaşında dərin iz qoyub.

Məlahət Hacıyeva bu qədim inancın mahiyyəti barədə daha ətraflı məlumat verərək bildirib: “Türk və Azərbaycan xalq inanclarında Xızır Nəbi bolluq və ruzinin hamisidir. Qışın sonunda keçirilən mərasimlər birbaşa torpağın canlanması və yeni həyatın başlanğıcı ilə əlaqədardır. Xalq düşüncəsində Xızırın ayaq basdığı yerdə yaşıllıq bitər, həyat qaynayar. Təsadüfi deyil ki, onun adı da “yaşıllıq” mənasını verən köklə bağlıdır. Gündəlik dilimizdə işlətdiyimiz “Xızır köməyin olsun” duası da bu qədim inancın bu günümüzə qədər gəlib çatan əks-sədasıdır”.

Xıdır Nəbi obrazının əsas qüdrəti onun rəmzi mahiyyətində gizlənir. O, insanlara səbirli olmağı, görünənin arxasındakı həqiqəti anlamağı və hər bir çətinliyin bir hikməti olduğunu öyrədir. Bu inanc insanı ümidsizlikdən uzaqlaşdırır, hər qaranlıq gecənin bir işıqlı sabahı olduğu düşüncəsini möhkəmləndirir. Məhz buna görə də Xızır Nəbi əsrlər boyu həm dini mətnlərdə, həm də xalqın mənəvi yaddaşında sarsılmaz ümid mənbəyi kimi yaşamaqdadır.

Bu gecənin bayram edilməsi həm də astronomik bir keçiddir. Artıq günlər uzanır, havalar isinir və yazın ətri duyulur. Bu mübarək günlərdə insanlar bir-birini bayram münasibətilə təbrik edir, baharın böyük şöləninə – Novruza hazırlıqlara başlayırlar. Xıdır Nəbidən sonra isə yurdumuzda çərşənbələr başlayır...

Seçilən
21
1
azertag.az

2Mənbələr