AZ

Beynəlxalq Təhlükəsiz İnternet Günü qeyd olunub

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Fevralın 10-da Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Təhsil Nazirliyinin birgə təşkilatçılığı əsasında Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə “Uşaqlar üçün təhlükəsiz rəqəmsal mühit” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda nazirliyin mətbuat xidmətindən “Xalq” qəzetinə məlumat verilib.

Tədbir Beynəlxalq Təhlükəsiz İnternet Günü münasibətilə, həmçinin “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” uyğun olaraq təşkil edilib.

Məktəbin şagird və müəllimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə təhsil ocağının direktoru Tahirə Qasımova çıxış edərək təhlükəsiz internetdən istifadənin əhəmiyyətini vurğulayıb. O, şagirdlərin rəqəmsal mühitdə məsuliyyətli davranış qaydalarına əməl etmələrinin vacibliyini qeyd edib, tədbirin məqsədi və əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

Maarifləndirici tədbirdə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları Kənan Hüseynəliyev və Turqay Məhərrəmov çıxış edərək şagirdlərə təhlükəsiz internet anlayışı, internetdən düzgün və məsuliyyətli istifadə, eləcə də şəxsi məlumatların qorunması mövzularında ətraflı məlumat veriblər. Çıxışlar zamanı onlayn risklər və onlardan qorunma yolları, kiberzorakılıq və onun fəsadları, naməlum keçidlər, saxta profillər, habelə sosial şəbəkələrdə düzgün davranış qaydaları izah olunub.

Tədbir çərçivəsində mövzuya dair videoçarx nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılmaqla interaktiv sual-cavab sessiyası keçirilib.

Səbuhi HƏSƏNOVXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
xalqqazeti.az

2Mənbələr