AZ

Qarışıq bitki çaylarının tərkibinə diqqət edin

Qarışıq bitki çayları qış aylarında yuxarı tənəffüs yolu infeksiyalarına qarşı geniş istifadə olunur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu çayların tərkibi çox vaxt nəzərdən qaçırılır və “təbii olduğu üçün zərərsizdir” düşüncəsi yanlışdır.

E-saglam.az xəbər verir ki, Bitki Əsaslı Qidalar Dərnəyinin İdarə Heyətinin sədri Ebru Akdağ bildirir ki, bir bitkinin təbii olması onun təhlükəsizliyi demək deyil. Açıq şəkildə satılan qarışıq çaylarda mənşəyi bəlli olmayan otlar ola bilər və bu məhsullar sağlamlıq üçün real risk yarada bilər.

Çoxsaylı bitkilərin təsadüfi şəkildə qarışdırılaraq evdə hazırlanması isə əlavə təhlükədir. Mütəxəssislərin hazırladığı qarışıqlardan fərqli olaraq, ev şəraitində proporsiya və təsirlərin uyğunluğu təmin olunmur. Buna görə də xroniki xəstəlikləri olan insanlarda (ürək, təzyiq, şəkər, qalxanabənzər vəz düzənsizliyi) ağır nəticələr yarana bilər. Həmçinin, allergiyası olan şəxslər də risk altındadır — qarışıqlarda buğda qalıqları və allergen bitkilər ola bilər.

Bitkilərin yanlış növləri də istifadə oluna bilər. Məsələn, “çobanyastığı” adı altında müxtəlif növlər satılır, lakin yalnız May çobanyastığı təhlükəsiz və farmakoloji olaraq tanınmış növdür.

Mütəxəssislər bəzi bitki qruplarının ümumi təsirlərini belə izah edir:

– Çobanyastığı və melisa sakitləşdirici təsir göstərir.– Nanə və zəfəran həzm sisteminə faydalıdır.– İtburnu immuniteti dəstəkləyir.– Yaşıl çay və zəncəfil antioksidant təsirə malikdir.

Lakin qida təhlükəsizliyi ən böyük məsələ olaraq qalır. Açıq satılan məhsullarda pestisid, ağır metal, həşərat qalıqları, kif və aflatoksin ola bilər. Bu maddələr sağlamlıq üçün ciddi risk yaradır.

Ebru Akdağ xatırladır ki, bitki də olsa, hər şeyin dozası var. Farmakoloji təsirə malik olduqları üçün bitki çayları da həddən artıq içildikdə zərər verə bilər. Tətbiq olunan maksimum gündəlik istehlak 3–5 fincanla məhdudlaşmalıdır.

İstehlakçılara əsas tövsiyə: yalnız etibarlı mənbələrdən alınmış, qablaşdırılmış və tərkibi dəqiq göstərilən bitki çaylarından istifadə edin.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
31
e-saglam.az

1Mənbələr