AZ

Cənubi Qafqazın geosiyasi xəritəsi dəyişir – Avrasiyada növbəti güc oyununu kim idarə edəcək?

“ABŞ vitse-prezidenti Cey Di Vensin regiona planlaşdırılan səfəri sadəcə diplomatik bir hadisə deyil, qlobal güc balansının Cənubi Qafqaz üzərində yenidən qurulması cəhdidir”.

Bu sözləri NOCOMMENT.az-a politoloq Rüstəm Tağızadə deyib.

Onun sözlərinə görə, bu missiyanın “sülh və ticarət” şüarı altında keçirilməsi regionun artıq lokal münaqişə zonasından çıxaraq qlobal logistik zəncirin həlledici düyün nöqtəsinə çevrildiyini təsdiqləyir.

“Tarixən böyük güclərin kəsişmə nöqtəsi olan Cənubi Qafqaz bu gün Avrasiyanın enerji və ticarət təhlükəsizliyinin mərkəzi oxuna çevrilib. Vensin missiyası göstərir ki, Vaşinqton artıq sadəcə “siyasi moderator” rolunda çıxış etmək istəmir. O, regionun iqtisadi gələcəyində pay sahibi olan bir “zəmanətçi” qismində iştirak etməyə can atır. Sülh müqaviləsi ABŞ üçün sadəcə iki ölkənin barışması deyil, “Orta Dəhliz”in (Middle Corridor) Rusiya və İrandan yan keçərək tam stabil bir marşruta çevrilməsi deməkdir.

2020-ci ildən sonra yaranmış yeni status-kvonun əsas memarı kimi Bakı xarici təzyiqlərdən uzaq, suveren və regional maraqlara əsaslanan bir sülh modelini müdafiə edir. Bakı üçün ABŞ-nin bu aktivliyi iqtisadi diversifikasiya və ticarət yollarının açılması baxımından maraqlı olsa da, suverenlik məsələlərində kompromis gözlənilmir.

İrəvan üçün ABŞ-nin bu səviyyədə dəstəyi alternativ təhlükəsizlik axtarışlarının tərkib hissəsidir. Lakin bu dəstəyin iqtisadi komponenti – ticarət yolları – həm də Ermənistanın regionun blokadasından çıxması üçün yeganə real çıxış yoludur”.

Rüstəm Tağızadə

Politoloq deyib ki, şişirdilmiş vədlərdən qaçaraq strateji indikatorlar üzərindən bu proqnozu vermək mümkündür:

“Vensin səfəri 2026-cı ilin sonuna qədər tərəflər arasında prinsipial məsələləri əhatə edən bir sülh sənədinin imzalanmasını sürətləndirəcək. Təbii ki, başqa möcüzələr və ya köklü surətdə dəyişikliklər olmasa. Bu sənəd sadəcə deklarativ deyil, iqtisadi-kommunikasiya xəritəsini ehtiva edən bir saziş olacaq.

Sülh prosesindəki hər bir irəliləyiş Qərb investisiyalarının regionun infrastruktur layihələrinə limanlar, dəmir yolları, rəqəmsal dəhlizlərə – axınını təmin edəcək.

Cənubi Qafqaz artıq iki dövlətin hərbi rəqabət meydanı deyil, Avrasiya şahmat taxtasının ən kritik logistik qalxanıdır. ABŞ-nun regiona gətirdiyi “sülh və ticarət” paketi təhlükəsizliyi iqtisadi maraqlarla elə bağlayır ki, gələcəkdə bu marşrutların təhlükəsizliyi Qərbin regiondakı strateji varlığının əsas legitim əsasına çevrilsin. Kim bu marşrutların və sülhün şərtlərini müəyyən edərsə, Avrasiyanın növbəti onillikdəki ticarət xəritəsini də o idarə edəcək”.

Atilla Rzasoy

Seçilən
14
nocomment.az

1Mənbələr