AZ

Yasamal icra başçısı heç bir qanun tanımır - Qanunsuz obyektlər sürətlə çoxalır - Video 

Qanunvericiliyə əsasən yaşayış binalarının birinci mərtəbələrində mənzillərin obyektə çevrilməsi qadağan olunsa da, Yasamal rayonunda bu tələblərə əməl edilmədiyi aşkar görünür...

Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşən yaşayış binalarından birinin birinci mərtəbəsində obyektin yaradılması istiqamətində tikinti işləri aparılır. Artıq binanın qarşısında yerə metlax döşənib, işlər isə sürətlə davam etdirilir. Sakinlərin sözlərinə görə, həmin binada bu, ilk belə hal deyil.

Binada yaşayan vətəndaşlar bildirirlər ki, bu cür qanunsuz tikintilər onların həyat və təhlükəsizliyi üçün ciddi risk yaradır. Onlar xüsusilə ötən ilin noyabr ayında Yasamal rayonunda baş vermiş və 3 nəfərin ölümü ilə nəticələnən bina yanğınının təkrarlanacağından ehtiyat edirlər.

Sakinlərin iddiasına görə, məsələ ilə bağlı dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edilib. Şikayətlərin qeydə alındığı bildirilsə də, indiyədək hər hansı real tədbir görülməyib. Əksinə, tikinti işləri son günlər daha da intensivləşib.

Qeyd edək ki, ötən il Abbas Mirzə Şərifzadə küçəsində yeni tikili binanın birinci mərtəbəsində fəaliyyət göstərən obyektlərdən birində baş verən yanğın nəticəsində bina yararsız hala düşmüş, 3 nəfər həyatını itirmiş, onlarla sakin isə xəsarət almışdı. Halbuki mövcud qanunvericilik yaşayış binalarının birinci mərtəbələrinin obyekt kimi istifadəsini qadağan edir.

Bizimesr.az mövzu ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsa da, sorğularımıza cavab almaq mümkün olmayıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Bizimesr.az)

Poliqon.info

Seçilən
43
poliqon.info

1Mənbələr