AZ

Məsciddə ölənlərin sayı artır

Pakistanın paytaxtı İslamabadda fevralın 6-da məsciddə cümə namazı zamanı törədilən hücum nəticəsində həlak olanların sayı 38 nəfərə yüksəlib. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Dawn” qəzeti Pakistan Tibb Elmləri İnstitutu (PIMS) və digər xəstəxanalara yerləşdirilən xəstələrin qeydiyyat məlumatlarına istinadən yayıb. 

Xəbərə görə, hücumdan sonra müalicə alan bəzi yaralıların həyatını itirməsi nəticəsində ölənlərin sayı artıb. Rəsmilər bildiriblər ki, hücumda həyatını itirənlərin sayı 38 nəfərə çatıb. 

Xəstəxanalarda müalicəsi davam edən bəzi yaralıların vəziyyətinin ağır olduğu vurğulanaraq, ölənlərin sayının arta biləcəyi qeyd edilib. Yaralıların yerləşdirildiyi İslamabad Poliklinik Xəstəxanası, PIMS və CDA Xəstəxanasında “təcili vəziyyət” elan edilib. 

Xatırladaq ki, Fevralın 6-da İslamabadın Şehzad Taun bölgəsində cümə namazı zamanı şiələrə məxsus olduğu bildirilən İmam Barqah məscidində partlayış baş verib. İlkin məlumatlara görə, partlayış nəticəsində 36 nəfər həlak olub, 160-dan çox yaralı müxtəlif səhiyyə müəssisələrinə yerləşdirilib. 

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar X sosial media platformasındakı paylaşımında partlayışın intihar hücumu nəticəsində baş verdiyini bildirib və hadisəni kəskin şəkildə pisləyib. 

Rəsmilər ilkin istintaqın nəticələrinə əsasən hücumçunun terror təşkilatı İŞİD ilə əlaqəli olduğunu və Əfqanıstana dəfələrlə səfər etdiyini açıqlayıblar. Hücumu İŞİD-lə əlaqəli qrupun üzərinə götürdüyü bildirilib. 

Pakistan Daxili İşlər Nazirliyinin “X” hesabında yayımlanan açıqlamada Haybər Paxtunxva əyalətinin Peşaver və Nauşera bölgələrində keçirilən eyni vaxtlı əməliyyatlar zamanı hücumla əlaqəli 4 şübhəlinin saxlanıldığı qeyd olunub: 

“Dəlillər hücumun planlaşdırılması, təlimi və yönləndirilməsinin İŞİD tərəfindən Əfqanıstanda həyata keçirildiyini ortaya qoyur”. 

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr