AZ

Aqressiv nəsil yetişir: Valideyn və məktəblər harada səhv edir?

Son dövrlər məktəblərdə müşahidə olunan şagird–müəllim zorakılığı, eləcə də silahlı insidentlər yeniyetmələrin psixoloji sağlamlığı məsələsini daha da акtuallaşdırıb. Mütəxəssislər hesab edirlər ki, bu cür halların qarşısının alınması üçün həm məktəb mühitində, həm də ailə daxilində uşaqlarla iş düzgün və sistemli şəkildə qurulmalıdır.

Təhsil eksperti Elçin Əfəndi Editor.az-a bildirib ki, son illər məktəblərdə şagird davranış qaydaları ilə bağlı yaşanan hallar, şübhəsiz ki, xoşagəlməzdir:

“Bu davranış problemlərinin aradan qaldırılması və ümumilikdə mövcud vəziyyətin yaxşılaşdırılması üçün düşünürəm ki, aidiyyəti qurumlar — Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi, eləcə də şagird və valideynlərlə işləyən qeyri-hökumət təşkilatları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maarifləndirici və təbliğat yönümlü əməli tədbirlər və layihələr həyata keçirməlidir.

Yeniyetmələrlə işin düzgün qurulması üçün onlara yaş psixologiyası, uşaq psixologiyası və davranış qaydaları ilə bağlı müvafiq məlumatlar verilməlidir. Şagirdlərdə kənarlaşma, yəni deviant davranış halları müşahidə olunursa, həmin şagirdlə mütləq psixoloq işləməli, valideyn dəvət olunmalı və şagirdlə bağlı onlarla söhbət aparılmalıdır.

Hazırkı vəziyyət onu göstərir ki, şagirdlər müəyyən mənada parçalanmış durumdadırlar. Demək olar ki, təhsildən kənarlaşma var, bir növ deqradasiya müşahidə olunur. Şagirdlər təhsil müəssisəsində cəmi bir-iki saat olurlar, daha sonra müxtəlif hazırlıqlara gedirlər. Beş-altı fəndən hazırlıq keçən yuxarı sinif şagirdləri xaotik bir vəziyyətdədirlər. İmtahanların ağırlığı və çətinliyi, aqressiv oyunlara aludəçilik, sosial platformalarda yayılan aqressiv kontentlərin izlənməsi aqressiyanın formalaşmasına ciddi təsir göstərir.

Bütün bunların aradan qaldırılması üçün valideyn və məktəb mütləq şəkildə birgə prosesdə iştirak etməlidir. Məktəb rəhbərliyi, müəllimlər və psixoloqlar əməkdaşlığı elə qurmalıdırlar ki, öyrənmə və inkişaf istiqaməti güclənsin. Mövcud sistemdəki boşluqlar əsasən bu sahələrdədir və onların aradan qaldırılması üçün aidiyyəti qurumlar daha fəal işləməlidir”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Editor.az-a açıqlamasında bildirib ki, bu proses təkcə Azərbaycana xas deyil, qlobal xarakter daşıyır:

“Uşaqların tərbiyəsi bu gün olduqca çətin bir prosesə çevrilib və bu sahədə bir çox qurumun üzərinə böyük məsuliyyət düşür. Silsilə işlər aparılmalı, ardıcıl tədbirlər görülməli, gənclərlə sıx şəkildə işlənməlidir.

Bu istiqamətdə bir neçə əsas addım atılmalıdır:
• 16 yaşına qədər uşaqların internetdən istifadəsinə məhdudiyyət qoyulmalıdır;
• Psixologiyaya mənfi təsir göstərən oyunların istifadəsi məhdudlaşdırılmalı, hətta qadağan edilməli və bununla bağlı qanunvericilikdə dəyişikliklər aparılmalıdır;
• Ailələr övladlarına daha çox vaxt ayırmalı, onların tərbiyəsinə ciddi yanaşmalıdır;
• Məktəblərdə tərbiyə və təlim işi daha yüksək səviyyəyə qaldırılmalıdır;
• Psixoloji dəstək və psixoprofilaktika işləri gücləndirilməlidir;
• Valideynlər və məktəb uşaqları daim nəzarətdə saxlamalıdır.

Bu gün proseslər təhlükəli istiqamətdə gedir. Əgər biz indidən ciddi addımlar atmasaq, gələcəkdə çox çətin və mürəkkəb bir dövrlə üz-üzə qala bilərik. Bir sıra ölkələr artıq bu istiqamətdə mühüm addımlar atır və biz də bunu mütləq etməliyik. Təəssüf ki, valideynlərin bir qismi övladlarına kifayət qədər vaxt ayırmır, uşaqlar internetin əsirinə çevriliblər. Bu isə ciddi narahatlıq doğurur”.

Mövzu ilə bağlı BDU-nun müəllimi, psixoloq-psixoterapevt Fatimə Bayramova isə bildirib ki, yeniyetməlik dövrü beynin tam formalaşmadığı bir mərhələdir:

“Yeniyetmə özünü sübut etmək üçün bəzən ağıla sığmayan üsullara əl ata, həmyaşıdlarının gözündə lider kimi görünmək üçün qəbulolunmaz addımlar ata bilər. Beynin məsuliyyət, planlama və qərar qəbuletməyə cavabdeh olan ön payı (prefrontal korteks) bu dövrdə hələ tam formalaşmır. Təsadüfi deyil ki, pis vərdişlərə daha çox yeniyetməlik dövründə qurşanılır.

Lakin bu psixoloji xüsusiyyətlər heç də yeniyetmənin bütün davranışlarını yaş dövrü ilə əsaslandırmağa imkan vermir. Problemin kökü daha dərindir. Burada əsas anlayış ‘ağıl’dır. Valideyn uşaqlıqdan övladına ağıllı olmağı aşılamalıdır. Ağıl təhsil və savadla yox, iradə, düzgün seçim və emosiyaları vaxtında ifadə etmək bacarığı ilə bağlıdır.

Uşaqlara körpəlikdən seçim azadlığı verilməlidir ki, səhv edə-edə doğru qərar verməyi öyrənsinlər. Bu, iradəni möhkəmləndirir, təfəkkürün düzgün formalaşmasına şərait yaradır və reallıqla virtual aləmi ayırd etməyə kömək edir. Ağıl olmadıqda insan, istər uşaq, istər böyük olsun, hərəkətlərinin nəticəsini düşünə bilmir”.

Psixoloqun sözlərinə görə, yeniyetmələrin aqressiv görünməsi çox vaxt limbik sistemin tam inkişaf etməməsi və emosiyaları düzgün ifadə edə bilməməsi ilə bağlıdır. Bu qıcığı isə ətraf mühit — ailə, müəllim, dost çevrəsi daha da alovlandıra bilər:

“Yeniyetməlik dövrünə daxil olan hər bir uşaqla bağlı məktəb psixoloqu tərəfindən psixoloji portret hazırlanmalıdır. Uşağın psixoloji xarakteristikası, ailə vəziyyəti, şəxsiyyət tipi və travmalarının olub-olmaması müəyyənləşdirilməlidir. Əgər hər hansı risk meyli varsa, həm müəllim, həm də valideyn bu barədə məlumatlandırılmalıdır. Psixoloq yalnız problem yarananda deyil, psixoprofilaktik mərhələdə də aktiv işləməlidir.

Hər bir uşağa fərdi yanaşma olmalıdır. Məktəblərdə psixoloqlar üçün ştatlar artırılmalı, onların iş fəaliyyəti genişləndirilməlidir. Məktəb–valideyn–psixoloq əməkdaşlığı daim məlumat mübadiləsi üzərində qurulmalıdır.

Oyunlar müəyyən emosional təsirlər yarada bilər, lakin uşağı qatil və ya manyaka çevirmir. Belə halların kökündə mütləq travmalar dayanır. Əsas təhlükə mənbəyi sosial şəbəkələrdir. Valideynlər övladları ilə düzgün ünsiyyət qurmalı, onların hisslərini anlayaraq, dövrlərinə uyğun yanaşmalıdırlar”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
39
editor.az

1Mənbələr