Qazaxıstan superprezident idarəetmə forması ilə vidalaşır.
HİT.az xəbər verir ki, bu barədə ölkə başçısı Kasım-Jomart Tokayev bildirib.
10 fevral tarixində Qazaxıstan lideri hökumətin genişləndirilmiş iclasında iştirak edib.
"Son illərin siyasi islahatlarına panoramik baxış Qazaxıstanın superprezident idarəetmə formasından qəti şəkildə imtina etdiyini və nüfuzlu, təsirli parlamentə malik prezident respublikasına keçdiyini təsdiqləyir", deyə Tokayev görüş zamanı bildirib.
O vurğulayıb ki, yeni konstitusiya layihəsinə siyasi sistemin inkişafının ardıcıllığını möhkəmləndirən normalar daxil edilib və bu inkişaf “güclü prezident – təsirli parlament – hesabatlı hökumət” konsepsiyası çərçivəsində nəzərdə tutulur.
Dövlət başçısının sözlərinə görə, hazırda qüvvədə olan konstitusiya son 30 il ərzində Astananın əldə etdiyi bütün nailiyyətlərdə mühüm rol oynayıb. Lakin sənəd ölkənin hələ yeni formalaşdığı dövrdə qəbul edilib və indi orada təsbit olunmuş məqsəd və prinsiplərin aktuallaşdırılmasının vaxtı çatıb.
2025-ci ilin sentyabrında Tokayev Qazaxıstan vətəndaşlarına müraciət edərək, ölkənin növbəti 12 ay üçün inkişaf kursunu müəyyənləşdirib. O cümlədən, parlament islahatının aparılmasının və onun birpalatalı edilməsi zərurətini bəyan edib.
Cari ilin 21 yanvar tarixində isə Qazaxıstan lideri konstitusiya islahatı üzrə komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.
Samir