AZ

Rəqamsal platformalar uşaqları “rəqəmsal təcrid” və dopamin aslılığına sürükləyir - EKSPERTLƏR

BAKI, 10 fevral. TELEQRAF

Bir çox ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətlərinin tətbiqi, onların nəzarətsiz şəkildə alqoritmik “kibermonsterlərin” təsiri altına düşməsinin qarşısının alınması, eləcə də aqressiv kompüter oyunlarının məhdudlaşdırılması əsas müzakirə mövzularındandır.

Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin Sədri Elvin Abbasov Teleqraf-a bildirib ki, dünyada azyaşlıların sosial şəbəkələrdən istifadəsinə qoyulan məhdudiyyətlərin artırılmasının əsas sosioloji səbəbi rəqəmsal platformaların uşaqların sosiallaşma modelini kökündən dəyişməsidir:

“Sosial media və rəqəmsal platformalar uşaqları tədricən “rəqəmsal təcrid” vəziyyətinə salır və dopamin asılılığı formalaşdırır. Alqoritmlər uşaqların hələ tam formalaşmamış emosional iradəsini hədəfə alaraq onları davamlı müqayisə, bəyənilmə ehtiyacı və virtual təsdiq dairəsində saxlayır. Bu isə cəmiyyətdə empatiya hissinin zəifləməsinə, yeniyetmələr arasında aqressiv davranışların artmasına birbaşa zəmin yaradır. Virtual məkanda qarşılaşdıqları zorakılıq və aqressiv oyun səhnələri zamanla onlar üçün adiləşir və bu davranış modeli real həyata daşınır. Nəticədə fərd cəmiyyətdən uzaqlaşır və özünüifadə vasitəsi kimi zorakılığı seçə bilir”.

Elvin Abbasov vurğulayıb ki, bu sahədə dövlətin tədbir görməsi mütləqdir:

“Fərdi valideyn nəzarəti milyardlarla dollarlıq büdcəyə malik texnologiya nəhənglərinin mürəkkəb manipulyasiya alqoritmləri qarşısında effektiv ola bilməz. Dövlət həm qlobal sosial media platformaları, həm də Azərbaycanda fəaliyyət göstərən, lakin hazırda faktiki nəzarətdən kənarda qalan aqressiv məzmunlu yerli oyun studiyaları üçün hüquqi çərçivə və reytinq sistemi formalaşdırmalıdır. Bu məsuliyyət dövlətin qanunverici bazası, məktəbin maarifləndirici rolu və valideynin tətbiqetmə gücü arasında balanslı şəkildə bölüşdürülməlidir”.

İTK üzrə ekspert Avropa İttifaqı, Böyük Britaniya, Avstraliya və İspaniyada tətbiq olunan məhdudiyyətlərin hansı prinsiplərə əsaslandığına da toxunub:

“Dizaynla təhlükəsizlik”, yəni Safety by Design və “istifadəçi yaşının ciddi təsdiqi” prinsiplərinə əsaslanır. Bu ölkələrdə texnologiya şirkətlərindən azyaşlıların şəxsi məlumatlarını toplamamaq, onlara asılılıq yaradan alqoritmlər təqdim etməmək və şəxsiyyət vəsiqəsi və ya biometrik tanıma vasitəsilə girişin məhdudlaşdırılması tələb olunur. Bundan başqa, Avstraliya kimi ölkələrdə tətbiq olunan 16 yaş məhdudiyyəti uşaqların beyninin bu cür rəqəmsal stimullara qarşı ən həssas olduğu dövrün qorunmasına yönəlib”.

Elvin Abbasov qeyd edib ki, əgər rəqəmsal mühitdə lazımi preventiv tədbirlər görülməzsə, 10–15 il sonra cəmiyyət ciddi sosial problemlərlə üzləşə bilər:

“Kütləvi empatiya çatışmazlığı, yüksək aqressiya səviyyəsi, sosial adaptasiya problemləri, işçi qüvvəsində diqqət dağınıqlığı və ailə bağlarında soyuqluq qaçılmaz olacaq. Xüsusilə yerli oyun sənayesinə nəzarətin olmaması milli-mənəvi dəyərlərə zidd olan daxili təhdidlərin artmasına və cəmiyyətin mənəvi strukturunun rəqəmsal yollarla aşınmasına gətirib çıxara bilər”.

Mövzu ilə bağlı sosioloq Mail Yaqub Teleqraf-a bildirib ki, azyaşlıların sosial şəbəkələrdən istifadəsinə qadağa məsələsi bu gün dünyanın bir çox ölkəsində, o cümlədən ABŞ və Avropada geniş müzakirə olunur və bəzi ölkələrdə artıq tətbiq edilir:

"Bu qadağaların gündəmə gəlməsinin əsas səbəbi azyaşlılar üçün sosial şəbəkələrin yaratdığı dörd ciddi təhlükədir. Sosial şəbəkələrdə azyaşlılar istədikləri məzmuna dərhal çıxış əldə etməyə öyrəşirlər və bu da onların kitaba, təhsilə və uzunmüddətli məqsədlərə fokuslanma qabiliyyətini zəiflədir. Uşaq hər şeyi dərhal əldə etməyə alışdıqda, nəticəsini illər sonra verən təhsil prosesinə diqqət ayırmaqda çətinlik çəkir və dərsə fokuslana bilmir. İkinci təhlükə kimi sosial şəbəkələrdə yayılan söyüş və təhqiramiz məzmunu göstərmək olar. Bu cür ifadələrlə tez-tez qarşılaşan uşaqlarda tərbiyə və davranış problemləri formalaşa bilər".

Sosioloqun sözlərinə görə, üçüncü təhlükə radikal məzmunlarla qarşılaşmaq riskidir:

"Nəzarətsiz sosial platformalarda azyaşlılar radikal ideyalarla üz-üzə qalır ki, bu da onların dünyagörüşünə mənfi təsir göstərir. Dördüncü təhlükə ən ciddi təhlükələrdən biri kimi uşaqların real ünsiyyətdən uzaqlaşmasıdır. Sosial şəbəkələrə aludə olan uşaqlar canlı ünsiyyətdən getdikcə uzaqlaşır, nəticədə onların danışıq, nitq və analitik düşünmə qabiliyyəti lazımi səviyyədə inkişaf etmir. Bu risklər səbəbindən sosioloqlar uzun müddətdir xəbərdarlıq edirlər və artıq bir sıra dövlətlər məsələ ilə bağlı rəsmi səviyyədə düşünməyə başlayıblar.

Çıxış yolu azyaşlıların sosial şəbəkə istifadəsinə müəyyən məhdudiyyətlərin tətbiq edilməsi, eyni zamanda valideynlərin uşaqlarla daha çox vaxt keçirməsi, onlarla dialoq aparması və rəqəmsal fəaliyyətlərinə nəzarət etməsidir".

Seçilən
17
teleqraf.com

1Mənbələr