AZ

Sədr müavini: ”Sosial problemlərin dilə gətirilməsi dövlətin möhkəmlənməsinə xidmət edir”

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son günlər Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev öz çıxışlarında sosial problemlərlə bağlı bir sıra məsələlərə toxunub. 

Millət vəkili mövcud sosial problemlərdən biri kimi bəzi məmurların işinə məsuliyyətlə yanaşmaması, hətta korrupsiyaya yol açmasını bildirib. O, həmçinin qeyd edib ki, problem şəxslərdə yox, məmurluq anlayışının özündə formalaşmış xəstə vərdişlərdədir: 

“Bu gün kresloda oturan da nəzarətsiz qalanda azır, sabah gələn də eyni yolu gedir.Adlar dəyişir, iş üsulu dəyişmir. Hamı “islahat” sözünü sevir, amma rüşvət azalmır, əksinə, xırda-xırda deyil, gündəlik, adi hala çevrilir. 

Vətəndaş rüşvəti verməyə məcbur qalır, məmur da sanki bunu normal davranış kimi qəbul edir. Bu, təkcə bir məmurun problemi deyil, bu, sistemin içinə hopmuş bir xəstəlikdir. Məmur vəzifədəykən soruşmalıyıq ki, bu səlahiyyəti necə icra edirsən? Bu qərarı niyə belə verirsən? Çəkinmədən soruşa bilmədiyimiz hər sual sabah rüşvətin böyüməsi üçün zəmin yaradır”. 

Ancaq millət vəkilinin bu fikirləri xaricdə fəaliyyət göstərən bəzi bloqerlər tərəfindən bilərəkdən yanlış təqdim olunur. Xaricdən maliyyələşən həmin qüvvələr şəxslərin tənqidi fikirlərini təhrif edir, konteksdən çıxarır.  Bununla da təxribata cəhd edir, ölkədə problemlərin həlli istiqamətində öz mövqeyini nümayiş etdirən şəxslərə qarşı çirkin kampaniya aparırlar. 

Məsələn, “Time TV”- də bildirilib ki, millət vəkili Razi Nurullayev sosial şəbəkə profilində geniş yazı ilə çıxış edərək əhalini onlara problem yaradan məmurlara qarşı çıxmağa səsləyib. Halbuki partiya sədri mövcud problemləri göstərir, onların həlli istiqamətində zəruri addımların atılmasını istəyir.

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev “Cebheinfo.az”-a açıqlamasında bu fikirlərə cavab verib: 

“Razi Nurullayevin mövqeyi heç bir halda qarşıdurma və ya gərginlik yaratmağa deyil, əksinə, sosial ədalətin təmin olunmasına, vətəndaşların hüquqlarının qorunmasına və dövlət idarəçiliyində məsuliyyətin artırılmasına yönəlib. 

Razi Nurullayev həm müxalifət partiyasının sədri, həm də parlament üzvü kimi fəaliyyət göstərərək ölkədə mövcud problemlərə biganə qalmamağı, ictimai maraqları ön planda tutmağı öz siyasi xəttinin əsas prinsipi hesab edir. 

Milli Cəbhə Partiyası sosialyönümlü bir siyasi təşkilat olaraq vətəndaşların rifahına, sosial ədalətin təmininə və əhalini narahat edən məsələlərin açıq şəkildə müzakirə olunmasına xüsusi önəm verir. 

Müxalifət partiyası olaraq ölkədə problemlərə səbəb olan məmurların fəaliyyətinin tənqid edilməsi demokratik siyasi prosesin ayrılmaz hissəsidir. 

Bununla yanaşı, dövlətin və məmurların uğurlu və faydalı fəaliyyətinin təqdir olunması da prinsipial mövqedir. Bu balanslı yanaşma destruktiv deyil, konstruktiv müxalifət anlayışının göstəricisidir”. 

O qeyd edib ki, xaricdə yaşayan və fəaliyyəti Azərbaycanın milli maraqlarına zidd olan bəzi şəxslərin bu məsələdən siyasi manipulyasiya vasitəsi kimi istifadə etməsi yeni hal deyil:

“Onlar ölkə daxilindəki prosesləri təhrif etməyə, ictimai rəyi çaşdırmağa və dövlətçilik prinsiplərinə zərər vurmağa çalışıblar. Onların səsləndirdiyi təxribat xarakterli fikirlər Azərbaycan dövlətinə, xalqına və milli maraqlara olan münasibəti əks etdirmir və qəbulolunan deyil. 

Bu kimi yanaşmalar nə Milli Cəbhə Partiyasının, nə də Razi Nurullayevin dövlətə və dövlətçiliyə olan sadiqliyini dəyişə bilər. Əksinə, bu mövqelər bir daha göstərir ki, ölkə daxilində problemlərin açıq şəkildə dilə gətirilməsi dövlətə qarşı deyil, dövlətin daha güclü, ədalətli və effektiv olmasına xidmət edir. 

Sosial problemlərin gündəmə gətirilməsi, vətəndaşların hüquqlarının müdafiəsi və məsuliyyətsiz məmur davranışlarının tənqidi dövlətçiliyə qarşı yox, dövlətin möhkəmləndirilməsi naminə atılan addımlardır”. 

Ləman 

“Cebheinfo.az”

Açar sözlər:

Ehtiram Mehdiyev “Time TV”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr