ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Sabiq deputat Fəzail Ağamalının vəfatından sonra sosial şəbəkələrdə onunla bağlı təhqiredici paylaşımlar yayılıb. Dünən axşamdan etibarən bu mövzu ətrafında geniş müzakirələr aparılır.
Cəmiyyətdə nifrət və aqressiyanın bu qədər açıq şəkildə ifadə olunmasının səbəbi nədir? Bu hal cəmiyyətin problemi kimi qiymətləndirilməlidir, yoxsa mərhumun fəaliyyəti ilə bağlıdır?
Globalinfo.az-a danışan deputat Fazil Mustafa bildirib ki, sosial şəbəkələrdə görünən mənzərə Azərbaycan cəmiyyətinin real simasını tam əks etdirmir:
“Bu, daha çox sosial şəbəkələrin formalaşdırdığı görüntüdür, cəmiyyətimizin reallığı deyil. Cəmiyyətimizdə oturuşmuş, mədəni insanlar dünyasını dəyişmiş bir şəxs haqqında bu cür ifadələr işlətmirlər. Təəssüf ki, bəzi hallarda siyasiləşmiş mövqe nümayiş etdirilir. Hakimiyyətə qarşı birbaşa fikir bildirməkdən çəkinənlər, bunu ayrı-ayrı şəxslər üzərindən etməyə çalışırlar. Bir insana yönəlmiş nifrət əslində başqa siyasi məqsədlərə xidmət edir. Bundan əlavə, prosesin qızışdırılmasında trol şəbəkələrinin də rolu var. Bütün bunlar sosial şəbəkələrdə mədəni mühitimizi çirkləndirən, ürəkaçan olmayan təzahürlərdir”.
Fazil Mustafa
Deputat vurğulayıb ki, cəmiyyətdə daha faydalı və sağlam mövzular müzakirə olunmalıdır:
“Fəzail Ağamalı uzun illər Azərbaycan siyasətində təmsil olunub və öz mövqeyini hər zaman açıq şəkildə ifadə edib. Allah rəhmət eləsin. Təhqir və nifrət dolu yanaşmalar mənəvi aşınmanın göstəricisidir. Ölüm hər kəs üçün labüddür. İnsanlar bunu nəzərə alaraq başqasını təhqir etməməli, öz əxlaqına və mənəviyyatına diqqət yetirməlidir. Başqaları üzərindən özünü ifadə etməyə çalışmaq doğru deyil”.
Sosioloq Yusif Nəbiyev isə deyib ki, bu tip reaksiyanın səbəbi nə tam dünyasını dəyişmiş fərddədir, nə də tam olaraq cəmiyyətdə:
Yusif Nəbiyev
“Burada həm fərdi məsuliyyətin, həm də kollektiv emosiyanın rolu var. Cəmiyyətin normativ sərhədləri zəifləyəndə insanlar nəyi harada və necə deməli olduqlarını qarışdırırlar. Gərəksiz aqressiya, nifrət və ya bəzən yersiz empatiya və dəstək göstərə bilirlər. Nəzərə alanda ki, sosial şəbəkələr öz istifadəçilərinə anonimlik hissi, cəzasızlıq və məsuliyyətsizlik mühiti təqdim edir, belə bir şəraitdə əksəriyyətdə “hamı yazırsa, mən də yaza bilərəm” rahatlığı yaranır. Nəticədə də hətta ölüm kimi mədəni-sosial baxımdan həssas bir mövzu belə əxlaqi filtrdən keçərək insanların davranışlarını tormozlaya bilmir. Amma digər tərəfdən, məsələni təkcə “cəmiyyət çox aqressivdir” deyib bağlamaq da mümkün deyil”.
Sosioloq bildirib ki, bu, bilinən bir gerçəklikdir ki, ictimai fiqurlar sağlığında cəmiyyətdə necə iz buraxıblarsa, ölümləri sonrası gördükləri reaksiyalar da çox vaxt bu izin məntiqi davamı olur:
“İnsanlar yas yox, hesablaşma rejiminə keçirsə, bu artıq sosial bir maniakal vəziyyətdən daha çox, illərlə yığılıb qalan sosial narazılığın simptomudur. Əslində, bizdə “ölünün arxasınca danışılmaz” deyə bir prinsip var. Amma bir şərtlə ki, o ölüyə qarşı kollektiv yaddaş neytral olsun. Əks halda, sosial şəbəkələr virtual mühakimə məkanına çevrilirlər. Bu, etimad böhranı yaşayan, qanunun aliliyinə inanmayan və eyni zamanda emosiyalarını tənzimləyə bilməyən, yığılmış sosial yaddaşı düzgün formada emal etməyi bilməyən bir cəmiyyətin tipik davranış formasıdır”.
Zaira Akifqızı
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.