AZ

Vensin Bakı səfəri ərəfəsində erməni kampaniyası: kim nə qazanmaq istəyir?

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Bakı səfəri ərəfəsində erməni diaspor təşkilatları Araik Arutyunyan və onunla bağlı şəxslərin azad edilməsi tələbi ilə Vaşinqtonda kampaniya başladıb. Vensin ofisinə kütləvi məktub göndərişləri təşkil olunub və mövzu “insan haqları” və dini həmrəylik çərçivəsində gündəmə daşınmağa çalışılıb.

Bu fəallaşma ilk baxışdan təsadüfi görünmür və əslində regionla bağlı daha geniş siyasi hesablamaların tərkib hissəsi kimi oxunur.

Son illərdə Vaşinqtonun Cənubi Qafqaza yanaşması dəyişib. Region artıq təkcə humanitar çağırışlar və lobbi kampaniyaları üzərindən oxunmur. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, İran amili və Rusiya faktoru ABŞ üçün daha prioritet mövzulara çevrilib. Bu kontekstdə diasporun emosional və ideoloji çağırışları real siyasi qərarların yerini tutmur.

Diqqətçəkən məqam ondan ibarətdir ki, erməni təşkilatları bu dəfə klassik sülh prosesi və ya humanitar böhran narrativindən daha çox dini və kimlik əsaslı ritorikaya üstünlük verirlər. Xristian həmrəyliyi vurğusu ABŞ daxilində müəyyən siyasi elektorat qruplarına hesablanmış mesajdır. Lakin bu yanaşma Vaşinqtonun rəsmi diplomatiyasında həlledici rol oynamır. ABŞ institutları üçün əsas meyar hüquqi status, beynəlxalq hüquq və dövlətlərarası münasibətlərdir və Azərbaycanda saxlanılan şəxslərin statusu artıq siyasi deyil, hüquqi müstəvidə qiymətləndirilir.

Burada başqa bir mühüm detal da var. Vaşinqtonda son dövrlər diaspor lobbilərinə münasibətdə daha ehtiyatlı yanaşma müşahidə olunur. Xüsusilə, Yaxın Şərq və Ukrayna böhranları fonunda ABŞ administrasiyası regional münaqişələrdə tərəf balansını pozacaq addımlardan qaçmağa çalışır. Ermənistanla bağlı əvvəlki illərdə formalaşmış emosional yanaşma tədricən praqmatik xətlə əvəzlənir və bu da diasporun qaldırdığı mövzuların avtomatik qərar mexanizminə daşınmasının qarşısını alır.

Digər tərəfdən, Bakı artıq müdafiə mövqeyində deyil. Azərbaycan beynəlxalq müstəvidə izah verən tərəfdən mövqeyini formalaşdıran tərəfə çevrilib. Hüquqi prosedurların vaxtında aparılması və məhkəmə qərarlarının səfərlərdən əvvəl elan edilməsi diplomatik baxımdan da hesablanmış addımdır və xarici aktorların mövzunu siyasiləşdirmə imkanlarını minimuma endirir.

Nəticə etibarilə, hazırkı kampaniya daha çox erməni diasporunun öz auditoriyasına ünvanladığı siyasi mesaj kimi dəyərləndirilməlidir. Vaşinqton üçün isə Bakı səfəri konkret strateji gündəmlə bağlıdır və bu gündəmdə emosional çağırışlardan çox regional sabitlik və maraqlar balansı əsas yer tutur.

Alim Nəsirov

Seçilən
12
1
bakivaxti.az

2Mənbələr