Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Bu ilin əvvəli Azərbaycanın Avropa Şurasına üzvlüyünün 25 ili tamam oldu.
Hazırda media və yaxud da vətəndaş cəmiyyəti quruculuğu sahəsində çalışan şəxslər bu önəmli tarix haqqında yazmadılar.
Dövlət səviyyəsində də Azərbaycanın Avropa Şurasına üzvlüyünün 25 illiyini xatırlamaq unuduldu.
Bu, təbii ki, Azərbaycanla AŞ PA arasındakı qarşıdurma ilə bağlıdır.
Bugün AŞ PA-nı ittiham edənlər, unutmamalıdır ki, ölkəmizin Avropa Şurasına üzvlüyü dövlət olaraq bizə böyük uğurlar gətirib.
O zaman bu prosesə ilk start veriləndə prosedurlara uyğun olaraq, hakimiyyətlə yanaşı ana müxalifət partiyaları – AXCP, Müsavat, AMİP və ADP də Azərbaycanın Avropa Şurasına üzvlüyü üçün rəsmi sənədi imzalamışdı.
Bu o dövr idi ki, ölkədə 700 siyasi məhbus var idi.
Bu o dövr idi ki, ölkədə prokurorluğun səlahiyyətləri məhkəmənin səlahiyyətlərini üstələyirdi.
Bu o dövr idi, Azərbaycanın Seçki Məcəlləsi yox idi.
Bu o dövr idi ki, əsas insan hüquq və azadlıqlarla bağlı müasir standartlara cavab verən qanunvericilik bazamız yox idi.
Bu siyahını xeyli uzatmaq da olar.
Bir sözlə Azərbaycan Avropa Şurasına üzv olmaqla, dövlətdə qanunvericilik, məhkəmə sistemi, insan hüquqları mexanizmləri və dövlət idarəçiliyinin böyük hissəsi Avropa standartlarına yaxınlaşdırılıldı.
Bu proses üçün Avropadan, Amerikadan Azərbaycana yüz milyonlarla yardım ayrıldı.
2001-2003-cü illərdə siyasi məhbus problemi tam həllini tapdı.
Milli Məclis bir neçə beynəlxalq konvensiyanı ratifkasiya etməklə insan haqlarına dair öhdəliklərə imza atmış oldu.
Bunlardan ən mühümü isə Avropa İnsan Hüquqları Konvensiyası idi.
Bu konvensiyanı imzalamaqla Azərbaycan vətəndaşları Avropa İnsan Hüquqları Məhkəməsinə çıxış əldə etdi.
Bu, Azərbaycan vətəndaşları üçün ən böyük uğur sayıldı.
Bu qərar Azərbaycan məhkəmə sisteminin üzərinə xüsusi öhdəlik və məsuliyyət qoydu.
Çünki, Azərbayan dövləti Avropa Məhkəməsinin presedent hüququnun məcburliyini tanıdı.
Ona görə də siyasi xarakterli işlər istisna olmaqla, məhkəmələr işlərə baxarkən qanunlara, konvensiyaya hörmət nümayiş etdirdi.
Avropa Məhkəməsinə edilən müraciətlərdən sonra ötən illərdə minlərlə iş üzrə- qanunsuz həbs, ədalətli məhkəmə hüququ, mülkiyyət hüququ və sair kimi pozuntular tanındı və dövlət hüququ pozulan şəxslərə təzminatlar ödədi.
Ötən illər ərzində Azərbaycanda aparılan kütləvi hüquqi islahatlar çərçivəsində İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı, “Gender bərabərliyi haqqında”, “Məişət zorakılığı haqqında” qanunlar yaradıldı.
Bundan başqa Məhkəmə-Hüquq Şurasının yaradılması, hakimlərin test yolu ilə seçilməsi, Konstitusiya Məhkəməsinin rolu gücləndirilməsi, media üzərində dövlət senzurasının ləğvi, korrupsiyaya qarşı mexanizmlərin yaradılması, işgəncələrin qarşısının alınması və sair addımlar Azərbaycanın demokrartik inkişafı üçün ciddi dönüşlər yaratdı.
Bu günə gəlincə, mənzərə əlbəttə, sevindirici deyil.
AŞ PA ilə yaşanan gərginliyə görə, elə Avropa Şurasının öhdəlikləri çərçivəsində yaradılan İctimai televeziyada da bu qurumun özünə qarşı kampaniyanı görmək məyusedicidir.
Axı, Avropa Şurasına könüllü getmişik. Bu quruma üzv olmaqla özümüzü sivil cəmiyyətlər sırasında görmək istəmişik.
Avropa Şurası dövlətlərarası insan haqları təşkilatıdır və üzv dövlətin hər biri də bu qurum qarşısında öhdəliklərə imza atıb.
İndi bizdən buna sadiq qalmaq tələb edilirsə, o təşkilatlarla niyə inkarçı mövqedə dayanmalyıq?
Xüsusilə, onu da qeyd edim ki, AŞ PA BMT –dən sonra dünyada yeganə təşkilatdır ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılmasına dair 2 qətnamə qəbul edib.
Biz bunları unutmamalıyıq.
Avropa Şurasında qalmaq, əlaqələri dərinləşdirmək dövlətin həm də milli təhlükəsizlik konsepsiyasında müəyyən edilən hədəfə də uyğundur.
Axı, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında Avropa və Avroatlantik strukturlara inteqrasya xarici siyasətin əsas kursu kimi götürülüb.
Hər şeydən öncə öz dövlətimizin qüdrəti, vətəndaşımızın hüquqları üçün bu qurumla əməkdaşlığı dərinləşdirməliyik.
Pərviz Həşimli
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.