AZ

“Sülh iqtisadiyyatı mərhələli əməkdaşlıqdır“ ŞƏRH OLUNDU

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“İqtisadi əməkdaşlığın effektivliyi hər şeydən əvvəl milli iqtisadi suverenliyin qorunması şərti ilə mümkün ola bilər”.

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər kontekstində “sülh iqtisadiyyatı” anlayışı yalnız ticarət dövriyyəsi ilə məhdudlaşmır; onun əsas özəyi təhlükəsiz mühitin təmin edilməsi və uzunmüddətli strateji sabitliyin formalaşdırılması ilə başlanır:

”Bu baxımdan regional əməkdaşlıq təşəbbüsləri təhlükəsizlik arxitekturası ilə paralel şəkildə inkişaf etdirilmədiyi təqdirdə dayanıqlı nəticə verməyə bilər.

Ermənistanla mümkün ticarət əlaqələrinin qurulması mərhələli və selektiv xarakter daşıyır. Ticarət əməkdaşlığı faktının mövcudluğu avtomatik olaraq bazarlarda Ermənistan istehsalı məhsulların geniş şəkildə yer alacağı və ya Azərbaycan məhsullarının Ermənistan istiqamətində ixrac ediləcəyi anlamına gəlmir. Burada əsas determinant kommunikasiya xətlərinin işləkliyi, sərhəd təhlükəsizliyi və nəzarət mexanizmlərinin yetərli səviyyədə formalaşdırılmasıdır. Yalnız bu şərtlər təmin olunduqdan sonra iqtisadi proseslərin praktiki icrası mümkün hesab edilə bilər.

Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan artıq regional deyil, qlobal miqyasda , xüsusilə Avropa enerji bazarında, etibarlı ticarət və enerji tərəfdaşı statusunu qazanmışdır. Bu reallıq regional aktorlar üçün ciddi iqtisadi çəkindirici mexanizm rolunu oynayır. Potensial təhlükəsizlik pozuntuları və ya sülh mühitinə xələl gətirən addımlar qarşı tərəf üçün əldə edilə biləcək iqtisadi dividendlərdən qat-qat artıq xərclər və struktur risklər yarada bilər.

Ermənistanla ticarət əlaqələrinin qurulması Azərbaycanın iqtisadi dayanıqlığını şərtləndirən əsas faktor kimi təqdim edilmir. Əksinə, bu proses sülh iqtisadiyyatının yalnız bir komponenti kimi, regionda siyasi-iqtisadi sabitliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın kifayət qədər möhkəm valyuta ehtiyatları, dayanıqlı dövlət büdcəsi və geniş beynəlxalq ticarət tərəfdaşlığı mövcuddur ki, bu da ölkənin iqtisadi təhlükəsizliyini təmin edən əsas dayaqlardır.

Praktik baxımdan yanaşdıqda, Ermənistanla kommunikasiya və nəqliyyat əlaqələrinin bərpası logistika xərclərinin optimallaşdırılmasına, Naxçıvan və Türkiyə istiqamətində daha rahat və effektiv keçidlərin formalaşmasına şərait yarada bilər. Bununla yanaşı, tranzit potensialının artması, əlavə gəlir mənbələrinin formalaşması və yeni iş yerlərinin açılması regional məşğulluğun genişlənməsi baxımından müsbət iqtisadi effektlər vəd edir.

Uzunmüddətli strateji hədəflərə gəldikdə isə, bu proseslərin real nəticələri zaman faktorundan asılıdır. Mərhələli ticarət tərəfdaşlığı gələcəkdə digər sahələr üzrə əməkdaşlığın mümkünlüyünü qiymətləndirmək üçün indikator rolunu oynayır. Bu mənada iqtisadi əməkdaşlıq həm sınaq mexanizmi, həm də regional sabitliyin möhkəmləndirilməsi üçün rasional alət kimi çıxış edir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
sia.az

2Mənbələr