AZ

DİQQƏT! Lombardlar sizi BELƏ ALDADIR

Sabiq prokuror Namiq Həsənov ilə “Lombard №1” arasında baş verən məhkəmə çəkişməsi cəmiyyətdə geniş rezonans doğurub. Namiq Həsənov mərhum oğlunun lombarddan qızıl-zinət əşyaları girov qoymaqla götürdüyü borca görə hesablanan yüksək faiz və dəbbə pulunun qanunsuz olduğunu əsas gətirərək məhkəməyə müraciət edib.

İddia materiallarından məlum olub ki, Namiq Həsənovun oğlu 2023–2025-ci illər ərzində müxtəlif vaxtlarda qızıl-zinət əşyalarını girov qoyaraq ümumilikdə 68 min manata yaxın vəsait əldə edib. Sonradan borcun qaytarılması ilə bağlı aparılan hesablamalarda lombard tərəfindən əlavə olaraq təxminən 27 min manat faiz və dəbbə pulu tələb edildiyi bildirilib. Ailə üzvləri qızılların satılmasının qarşısını almaq məqsədilə bu məbləği ödəməyə məcbur qaldıqlarını vurğulayıblar.

Namiq Həsənov iddia ərizəsində göstərib ki, lombardla bağlanan girov müqavilələrində faizlərin hesablanma mexanizmi və konkret faiz dərəcəsi açıq şəkildə qeyd edilməyib. Buna baxmayaraq, qarşı tərəf özbaşına faiz müəyyən edərək borcun məbləğini xeyli artırıb. Bu səbəbdən sabiq prokuror artıq ödədiyi vəsaitin qanunsuz hesab olunmasını və geri qaytarılmasını məhkəmədən tələb edib.

Məhkəmə prosesində “Lombard №1”in rəhbəri bildirib ki, borcalan əsas borcu vaxtında tam ödəmədiyi üçün faizləri özü müəyyən edib və hər 1000 manat əsas borca görə 40 manat hesablayıb. Onun sözlərinə görə, nəticədə ümumi borc 95 min manata çatıb və bu məbləğ 2025-ci ilin may ayında tam ödənilib. Lakin iş materiallarına əlavə olunan ekspert rəylərində girov biletlərində faiz dərəcəsinin göstərilmədiyi təsdiqlənib.

Məhkəmə araşdırması zamanı təqdim edilən sübutlar və hüquqi normalar nəzərə alınaraq iddianın qismən təmin edilməsi barədə qərar qəbul olunub. Qərara əsasən, “Lombard №1” Namiq Həsənova 26 min 450 manat məbləğində vəsait ödəməlidir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Nərgiz Sərdarova bildirib ki, lombard fəaliyyəti ciddi şəkildə qanunvericiliklə tənzimlənir və tərəflər arasında bağlanan müqavilədə faiz dərəcəsi, ödəniş müddətləri və cərimə mexanizmi açıq şəkildə göstərilməlidir.

Onun sözlərinə görə, faizlərin müqavilədə qeyd edilməməsi və sonradan birtərəfli qaydada müəyyən edilməsi mülki hüquq prinsiplərinə ziddir:

“Mülki Məcəlləyə əsasən, kredit və ya girov müqaviləsində faiz şərtləri göstərilmədikdə, kreditorun özbaşına yüksək faiz tətbiq etməsi hüquqi əsas sayılmır. Belə hallarda məhkəmə tərəflərin real razılaşmasını, sənədləri və iqtisadi əsasları araşdıraraq ədalətli qərar çıxarmalıdır. Bu işdə də ekspert rəyinin həlledici rol oynadığını vurğulayıb.

Lombardların bəzi hallarda vətəndaşların çətin vəziyyətindən istifadə edərək qeyri-şəffaf faiz mexanizmləri tətbiq etməsi geniş yayılmış problemdir. Xüsusilə müqavilə şərtlərinin yazılı və aydın olmaması sonradan mübahisələrə yol açır.

Bu səbəbdən vətəndaşlar lombard xidmətlərindən istifadə edərkən sənədləri diqqətlə oxumalı, faiz dərəcəsinin və cərimə şərtlərinin göstərilməsinə xüsusi diqqət yetirməlidirlər. Belə mübahisələrdə məhkəməyə müraciət etmək ən effektiv hüquqi yoldur. Əgər vətəndaş sübut edə bilirsə ki, ona tətbiq edilən faizlər müqaviləyə və qanuna uyğun deyil, artıq ödənilmiş vəsaitin geri qaytarılması mümkündür. Sözügedən iş də bunun bariz nümunəsidir”.

Hüquqşünas həmçinin qeyd edib ki, lombard sektorunda şəffaflığın artırılması üçün nəzarət mexanizmləri gücləndirilməli, müştərilərlə bağlanan müqavilələrin standart forması müəyyənləşdirilməlidir:

“Bu, həm biznes subyektlərinin, həm də vətəndaşların hüquqlarının qorunmasına xidmət edər.

Lombardlarda faiz və dəbbə pullarının əsaslandırılmadan hesablanması hüquqi mübahisələrə və maliyyə itkilərinə səbəb ola bilər.

Bu cür halların qarşısının alınması üçün həm vətəndaşların hüquqi maarifləndirilməsi artırılmalı, həm də lombardların fəaliyyəti üzərində dövlət nəzarəti gücləndirilməlidir”.

Tunar
NOCOMMENT.az

Seçilən
130
nocomment.az

1Mənbələr