AZ

Bakının altı il əvvəl atdığı addım: Vens buna görə gəlib

BAKI, 10 fevral. TELEQRAF

“2020-ci ildə Azərbaycanın tam qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi və 2023-cü ildə 24 saatlıq antiterror əməliyyatından sonra da söyləmişdim ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası Ermənistanın da buxov və yükdən azad olmasına, suverenliyinin artmasına xidmət edəcək. Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə Ermənistanın da suverenliyini möhkəmləndirdi, çəkə bilməyəcəkləri, altında əziləcəkləri yükdən azad etdi”.

Teleqraf xəbər verir ki, bu sözləri ReAl partiyasının sədri Natiq Cəfərli deyib.

Partiya rəhbərinin sözlərinə görə, Ermənistan bunu vaxtında anlasa və məsələnin sülh yolu ilə həllinə razı olsaydı, daha yaxşı olardı, amma olmadı, qəhrəman əsgərimiz bu vəzifəni layiqincə yerinə yetirdi:

“Qarabağ məsələsinin ədalətli həlli, Azərbaycanın hərbi-diplomatik qələbəsi Ermənistanın daha rahat davranmasına, iqtisadi-siyasi dalandan çıxması və Rusiyanın boyunduruğundan addım-addım azad olmasına səbəb olur. Ukrayna bataqlığında batan, taktiki üsütünlük qazansa da strateji məğlubiyyətə doğru gedən Kreml Qarabağ məsələsinin həllindən sonra Cənubi Qafqazda ən böyük təsir alətini itirdi, ardınca da Türkiyə-Azərbaycan tandemi taktiki və strateji qərarlarla Rusiyanın bölgəmizdə zəifləməsinə nail oldu.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bölgəmizə səfərini həm də bu kontekstdən dəyərləndirmək lazımdır. ABŞ bölgədə Rusiyadan ən çox asılı olan ölkəni - Ermənistanı öz qucağına alır. Böyük investisiya layihələri və “Tramp Marşrutu” Ermənistanın dünya iqtisadiyyatına inteqrasiyasının yolunu açır. Faktiki olaraq, Ermənistan iqtisadi baxımdan Rusiyanın “muxtariyyət”i idi, hələ də asılılıq həddindən artıq çoxdur. Rusiya Ermənistanda dəmir yolu nəqliyyatı, atom enerjisi, elektrik enerjisi şəbəkələri və qaz təminatı kimi strateji sahələrdə dominantdır, bu sahələrdə Rusiyadan çox asılıdır”.

Natiq Cəfərli əlavə edib ki, Vensin Ermənistana səfəri zamanı imzalanan sənədlər məhz bu sahələri əhatə edir:

“Fikrimcə, ABŞ addım-addım Rusiyanı bu sahələrdən sıxışdırıb çıxarmaq strategiyasını qəbul edib və bunun üçün taktiki addımlar atır. Bu səfər həm də Nikol Paşinyan və komandasına 7 iyun seçkiləri öncəsi ən böyük dəstək mesajıdır”.

ReAl sədri əlavə edib ki, bu gedişat strateji olaraq Azərbaycana sərfəlidir və ölkəmiz bu fürsətdən doğru istifadə etməlidir.

Seçilən
6
teleqraf.com

1Mənbələr