AZ

SÖZÜN SUSQUN VİCDANI OYATMASI

Söz bəzən səs deyil. Bəzən hayqırtı yox, məhz sükutun içində doğulan bir vicdan çağırışıdır. İnsan tarixinin bütün mərhələlərində sözün ən böyük missiyası susan vicdanı oyatmaq olub. Çünki susqunluq hər zaman sakitlik demək deyil. Çox vaxt qorxu, laqeydlik, biganəlik və ya rahatlıq naminə həqiqətdən qaçışın adıdır. İnsan vicdanı susanda dünya daha səsli olur. Ədalətsizlik rahat addımlarla gəzir. Yalan həqiqətin yerinə keçir. Haqq kənara çəkilir. Məhz bu anda söz öz müqəddəs yükünü çiyninə götürür.

O, insanın içində gizlənən həqiqəti oyadır. Qorxudan büzüşmüş düşüncəni dikəldir. Unudulmağa məhkum edilmiş dəyərləri xatırladır. Söz təkcə danışılan cümlə deyil. O, niyyətin aynasıdır. Qəlbin səsidir. Ağlın ölçüsüdür. Vicdanla qidalanmayan söz ya boş ritorikaya çevrilir. Ya da yalanın xidmətçisi olur. Amma vicdanla doğulan söz susqunluğun divarlarını yarır. Çünki o sözün içində məsuliyyət var. Haqq var. İnsanlıq var. Tarixə baxdıqda görürük ki, ən böyük dəyişikliklər qılıncla yox, sözlə başlayıb. Bir cümlə bir xalqın taleyini dəyişib. Bir fikir yüzillərin yuxusunu pozub. Çünki söz insanı düşünməyə məcbur edir. Düşünmək isə vicdanın oyanış nöqtəsidir. Susan vicdan bəzən bilmədiyi üçün yox, bildiyini deməyə cəsarət etmədiyi üçün susur. Bu susqunluq zamanla adiləşir. Normal qəbul olunur. Hətta müdafiə edilir.

Məhz belə anlarda söz ya xilasedici olur. Ya da gecikmiş bir peşmanlığa çevrilir. Sözün gücü ondadır ki, o, insanı təkcə başqasına yox, özünə də hesabat verməyə məcbur edir. “Mən hardayam. Nəyi görürəm. Niyə susuram” suallarını oyadır. Bu suallar vicdanın ən ağrılı tərəfidir. Amma eyni zamanda ən təmiz tərəfidir. Vicdan oyandıqca söz də saflaşır. Pafosdan uzaqlaşır. Səmimiyyət qazanır. Artıq məqsədi özünü göstərmək olmur. Məqsəd həqiqəti demək olur. Cəmiyyətlər də fərdlər kimi vicdana malikdir. Bu vicdanın susması kütləvi korluğa yol açır. Kütləvi laqeydlik yaradır. Belə cəmiyyətlərdə söz ya qorxudulur, ya təhrif olunur, ya da ucuzlaşdırılır. Amma tarix sübut edir ki, söz nə qədər boğulsa da, bir gün mütləq yol tapır. Çünki vicdan tam ölmür. Sadəcə dərin yuxuya gedir. Ədəbiyyat, poeziya və publisistika bu nöqtədə sözün ən ali forması kimi ortaya çıxır. Onlar insanı incitmədən silkələyir.

Qışqırmadan düşündürür. İttiham etmədən ayıldır. Bu isə sözün ən böyük ustalığıdır. Söz vicdanı oyadanda insanın rahatlığı pozulur. Amma məhz bu narahatlıq inkişafın başlanğıcıdır. Çünki rahat vicdan çox vaxt ölü vicdandır. Həqiqi söz həmişə risklidir. O, mövcud nizamı pozur. Saxta sükutu dağıdır. Yalan barışı darmadağın edir. Amma sözün cəsarəti olmadan ədalət də yarımçıq qalır. Susqun vicdanı oyadan söz bəzən tək bir adamın dilindən çıxır. Amma minlərlə insanın içində eyni ağrını hərəkətə gətirir. Bu anda söz artıq fərdi olmur. İctimai məsuliyyət daşıyır. Sözün susqun vicdanı oyatması insanın öz insanlığına qayıdışıdır. Bu qayıdış ağrılıdır, çətindir, bəzən itkilərlə doludur. Amma vacibdir. Çünki vicdan oyanmadan nə fərd kamilləşir, nə də cəmiyyət sağlamlaşır. Söz bu yolda həm işıqdır, həm sınaqdır, həm də son ümiddir.Sözün susqun vicdanı oyatması yalnız bir anlıq silkələnmə deyil. Bu, davam edən daxili prosesdir. Vicdan bir dəfə oyandımı, artıq əvvəlki rahat yuxuya qayıtmaq istəmir. İnsan gördüyünü görməməzlikdən gələ bilmir. Eşitdiyini unutmaq çətinləşir. Çünki söz insanın içində bir iz buraxır.

Bu iz zamanla sual olur. Sual düşüncəyə çevrilir. Düşüncə isə məsuliyyət tələb edir. Məsuliyyət hissi formalaşdıqca insan susmağın da bir seçim olduğunu anlayır. Və hər seçimin bir nəticəsi olduğunu dərk edir. Bu nöqtədə söz artıq təkcə danışanın yox. Dinləyənin də yükünə çevrilir. Çünki eşidilən həqiqət qarşısında susmaq da vicdanın imtahanıdır. Sözün oyatdığı vicdan insanı passiv müşahidəçidən fəal mövqeyə keçirir. Haqsızlıq qarşısında səssiz qalmaqla ona şərik olma arasındakı incə xətti göstərir. Bu xətti dərk edən insan üçün söz sadəcə ifadə vasitəsi olmur. O, mövqe olur, duruş olur. Şəxsiyyətin ölçüsünə çevrilir. Cəmiyyət səviyyəsində isə sözün davamlı təsiri daha dərin qatlarda hiss olunur. Bir fərdin vicdanında başlayan oyanış tədricən başqasına keçir. Beləliklə, söz zəncirvari bir təsir yaradır. Susan çoxluqların içində danışan azlıqlar formalaşır. Bu azlıqlar zamanla cəmiyyətin vicdanına çevrilir. Onların sözü bəzən qəbul olunmur.

Bəzən inkar edilir, bəzən də cəzalandırılır. Amma tarix göstərir ki, haqlı söz gec də olsa öz yerini tapır. Çünki vicdanın yaddaşı uzunömürlüdür. O, basdırılsa da, silinmir. Sözlə oyadılan vicdan insanı təkcə ictimai məsələlərdə yox, şəxsi münasibətlərdə də dəyişdirir. İnsan artıq yalanla barışmır. Özünü aldatmır. Günahı başqasının üstünə atmaqla rahatlanmır. Bu daxili dürüstlük insanı daha az rahat, amma daha doğru bir həyata aparır. Vicdanın oyanması ilə insan sözün məsuliyyətini də dərk edir. Hər deyilən cümlənin bir təsiri olduğunu anlayır. Sözlə yaralamağın da, sözlə sağaltmağın da mümkünlüyünü qəbul edir. Bu mərhələdə söz ehtiyatla seçilir. Ölçülür. Düşünülür. Çünki artıq məqsəd səs salmaq deyil. Haqqa xidmət etmək olur.

Nəticə olaraq demək olar ki, sözün susqun vicdanı oyatması insanın mənəvi dirçəlişidir. Bu dirçəliş sükutun təhlükəsini dərk etməklə başlayır. Daxili hesablaşma ilə davam edir. Və məsuliyyətli mövqe ilə tamamlanır. Söz vicdanı oyadanda insan öz rahatlığını itirir. Amma insanlığını qazanır. Cəmiyyətlər də məhz bu cür sözlərin hesabına ayaqda qalır. Çünki susan vicdan çürüməyə aparır. Oyanan vicdan isə dəyişməyə. Söz bu dəyişimin başlanğıcıdır. Vicdan onun davamıdır. Həqiqət isə hər ikisinin son məqsədidir. 

Sevil Azadqızı

10.02.2026

Seçilən
28
1
adalet.az

2Mənbələr