AZ

Azərbaycan basketbol millisinin sabiq üzvü "Sumqayıt" klubunda məşqçiliyə başlayıb

Azərbaycan basketbol millisinin sabiq üzvü Fuad Niftəliyev "Sumqayıt" klubunda məşqçiliyə başlayıb.

45 yaşlı oyunçu bunu "Far.Az"a açıqlamasında deyib.

"Bu mövsüm heç bir komandada oynamayacağam. Hazırda "Sumqayıt" klubunun U-13 komandasını yarışlarra çıxardığım üçün kifayət qədər vaxtım olmayacaq. Baş məşqçi kimi fəaliyyət göstərirəm və artıq dörd oyun keçirmişik. Bu qarşılaşmalardan üçündə qələbə qazanmışıq, birində isə məğlub olmuşuq. Hələ ki, uşaqlarla işləmək mənim üçün prioritetdir", - deyə o vurğulayıb.

Təcrübəli basketbolçu Həvəskarlar Liqasında oynamaq ehtimalından da söz açıb:

"Belə bir fikrim var idi, sadəcə, uşaqların yarışları ilə üst-üstə düşdüyü üçün hələ ki, alınmayıb. Ola bilsin, gələcəkdə bu məsələyə yenidən baxım. Həvəskarlar Liqası yeni başlayıb. Hələ ki, təkliflər yoxdur. Həvəskarların çempionatına formada qalmaq üçün qatıla bilərəm. Peşəkar çempionatda oynamaq istərdim. Amma yayda 18 yaşadək basketbolçuların Avropa çempionatı keçiriləcək. Xüsusən də B qrupunda olan komandalar gəncləri yarışa hazırlamağa çalışacaqlar".

F.Niftəliyev Azərbaycan Basketbol Liqası ilə bağlı fikirlərini də bildirib:

"Yarışın favoriti "Sabah"dır. Hesab edirəm ki, onlar çempion olacaqlar. Çünki heyət baxımından digər klublardan çox üstündürlər. Orada elə keyfiyyətli və bahalı oyunçular var ki, bəzi klubların büdcəsi qədərdir. Mənə görə "Sabah"ın debütant olduğu mövsüm ən maraqlı çempionat idi. Çünki klubun bahalı oyunçuları yox idi. Onda rəqabət var idi. Bəlkə "Abşeron Lions" və ya "Neftçi" müəyyən müqavimət göstərə bilər. Amma ümumilikdə düşünürəm ki, çempion artıq bəllidir".

Qeyd edək ki, Fuad Niftəliyevin son klubu "Sumqayıt" olub.

Seçilən
27
far.az

1Mənbələr