Dünyanın hər ölkəsində turizmin inkişafı üçün fərqli addımlar atılır.
Lakin elə addımlar var ki, onlar artıq hər ölkədə uğurla tətbiq olunur. Onlardan biri də musiqi turizmidir. Belə ki, məşhur ulduzları hansısa şəhərlərdəki otellərə və ya məkanlarda konsertə dəvət etmək böyük effekt yaradır. Nəticədə, ora həm daxildən, həm də xaricdən turist axını olur. Bu da həmin bölgənin turizminə böyük fayda verir. Bizdə isə əfsuslar olsun ki, belə addımlar atılmır...
Mövzu ilə bağlı turizm eksperti Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib. O bildirib ki, dünya təcrübəsidə, hətta qardaş Türkiyədə belə beşulduzlu otellərdə dünyaca məşhur türk müğənniləri və rus müğənnilərinin konsert və şou proqramlarını təşkil edirlər:
"Təbii ki, bu da öz növbəsində həmin bölgələrin turizminə töhfə verir. Yəni bu həmlə böyük turist axını yaradır. Məsələn, bu gün Cennifer Lopesin, Şakiranın və ya Tarkanın konsert verdiyi şəhərlərə turist axını olur. Lakin təəssüflər olsun ki, musiqi turizmindən istifadə edərək insanları turizmə cəlb etmək bizdə az yayılıb".
Lakin mütəxəssis hesab edir ki, gələcəkdə investorlar bu sahədə özlərini və bizneslərini sınamalıdırlar:
"Bu gün Azərbaycanın bölgələrində tanınmış müğənnilərindən ibarət oxuyan bir dəstə müğənni Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə və ya Zəngilanda konsertlər təşkil edə bilər. Bunun anonsu veriləndə vətəndaşlar bilir ki, filan tarixdə hansısa müğənninin Qarabağda konserti olacaq. Yəni bir çox insan ona görə həmin bölgələrə səfər edə bilər. Bu isə turizm imkanlarını artıracaq. Həmin bölgədə o ərəfədə otellər də dolu olacaq, insanlar da işləyəcək və hətta yeni iş yerləri yaradılacaq. Məncə, bu da turizmə böyük bir dəstək olacaq".
Pərviz
