Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə respublika fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
BŞTİ-dən SİA-ya bildirilib ki, MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova istedadlı şagirdləri vaxtında aşkara çıxarmağın onların yaradıcılığa və elmə olan marağını artırmağın təhsilin əsas hədəflərindən biri olduğunu söyləyib. Nərminə Hüseynova bu cür müsabiqə və olimpiadaların şagirdlərin bilik və bacarıqlarının inkişafında, onların elmi potensialının üzə çıxarılmasında, yaradıcı və analitik düşünmə qabiliyyətlərinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev olimpiada və müsabiqələrin ölkədə istedadlı şagirdlərin aşkarlanması və dəstəklənməsi baxımından əhəmiyyətindən danışıb, bu yarışların təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini və gələcək uğurlar üçün mühüm zəmin yaratdığını vurğulayıb.
Daha sonra respublika fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında yüksək nəticə göstərmiş şagirdlərə diplom və mükafatlar təqdim olunub.
Mərasimdə 3 və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında kompozisiyalar nümayiş etdirilib.