“"Qaz təchizatı haqqında" qanuna təcili dəyişiklik edilməlidir ki, vətəndaşlar mülkiyyət sənədi tələb olunmadan evlərinə qaz çəkə bilsinlər. Bu, artıq texniki məsələ deyil, insanların qışda donmaqdan qorunması məsələsidir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, bir çox ərazilərdə qaz borusu evlərin düz yanından keçdiyi halda, mülkiyyət sənədlərinin tam olmaması səbəbindən qaz verilmir. O, qeyd edib ki, bu yanaşma nə məntiqə, nə də sosial ədalət prinsiplərinə uyğundur:
“Qaz göz qabağındadır, amma evin içi buz kimidir. Boru var, qaz var, bəs niyə evdə istilik yoxdur? ‘Qaz təchizatı haqqında’ qanuna təcili dəyişiklik etməliyik ki, vətəndaşlar mülkiyyət sənədi tələb olunmadan evlərinə qaz çəkə bilsinlər. Bu, insanların qışda donmaqdan qorunması məsələsidir”.
R.Nurullayev vurğulayıb ki, sənədi olmayan vətəndaşlara “gözlə” demək real həyatdan uzaq yanaşmadır:
“Qışa deyək ki, bir az gözlə? Uşağa deyək ki, üşümə? Yaşlı adama deyək ki, soyuğa döz? Bu, real həyatdan qopmuş yanaşmadır. Hazırda vətəndaşların alternativ imkanları da məhdudlaşdırılıb. Ağac və yulğun kəsilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur, odun tədarükünə icazə verilmir, kömür isə həddindən artıq bahadır. Həyətindən yarım metr kənarda bitən, pay torpağında olan ağacı kəsən kimi üzərinə elə şığıyırlar ki, sanki ağır cinayət törədib. Sonra da deyirlər ki, torpağın var, sənə sosial yardım düşmür. Dövlət münasib qiymətə alternativ yanacaq da təqdim etmir. Yəni vətəndaş hər tərəfdən divara dirənib”.
Deputat hesab edir ki, bu cür vəziyyət yaratmaq islahat deyil, laqeydlikdir:
“Əgər qadağa qoyuruqsa, çıxış yolu da təqdim etməliyik. Qaz vermirsənsə, alternativ də verməlisən. Əks halda bu, islahat yox, laqeydlikdir”.
R.Nurullayev əlavə edib ki, onilliklər ərzində dövlətin iştirakı və bəzi məmurların qanunsuzluqlara göz yumması nəticəsində yaranmış problemlərin yükünü bu gün qısa müddətdə vətəndaşın üzərinə qoymaq nə realdır, nə də ədalətlidir.
Deputat bir sıra təkliflərlə də çıxış edib:
İcra hakimiyyətinin verdiyi arayış qaz çəkilməsi üçün hüquqi əsas sayılsın;
Qaz olmayan ərazilərdə dövlət odun və kömür təminatını təşkil etsin və ya nəzarətli tədarükə icazə versin.
“İnsanları iki seçim qarşısında qoymaq olmaz: ya don, ya da qanunu poz. Bu, nə dövlətə, nə də sosial ədalət anlayışına yaraşır”, – deyə deputat bildirib.
Tahirə Qafarlı