Milli Məclisin deputatı Razi Nurullayev “Qaz təchizatı haqqında” qanuna təcili dəyişiklik edilməsini təklif edərək, mülkiyyət sənədi olmayan vətəndaşların da evlərinə qaz çəkilməsinə icazə verilməsinin vacibliyini bildirib.
“Yeni Sabah” xəbər verir ki, deputat bu məsələnin artıq texniki yox, sosial və humanitar xarakter daşıdığını vurğulayıb.
O qeyd edib ki, bir çox yaşayış məntəqəsində qaz xətləri evlərin bilavasitə yaxınlığından keçsə də, sənədləşmə problemləri səbəbindən vətəndaşlar qazdan istifadə edə bilmir:
“Qaz göz qabağındadır, boru evin yanından keçir, amma evin içi buz kimidir. Bu nə məntiqdir? Biz vətəndaşa deyirik: sənədin yoxdur, gözlə. Bəs o insan bu vaxtadək necə yaşasın?”
R.Nurullayev vurğulayıb ki, alternativ yanacaq imkanları da faktiki olaraq məhdudlaşdırılıb.
Onun sözlərinə görə, odun tədarükünə icazə verilməməsi, ağac kəsilməsinə görə cinayət məsuliyyəti, kömürün isə yüksək qiyməti vətəndaşları çıxılmaz vəziyyətə salıb.
Razi Nurullayev bildirib ki, 30-40 il ərzində formalaşmış sistemli problemlərin qısa müddətdə vətəndaşların üzərinə qoyulması nə real, nə də ədalətlidir.
Deputatın təkliflərinə görə, qaz çəkilişi üçün icra hakimiyyətinin arayışı hüquqi əsas kimi qəbul edilməlidir. Qaz olmayan ərazilərdə dövlət tərəfindən odun və kömür təminatı təşkil olunmalı və ya nəzarətli tədarükə icazə verilməlidir:
“İnsanları seçim qarşısında qoymaq olmaz: ya don, ya da qanunu poz. Bu, nə dövlətə, nə də sosial ədalət prinsipinə uyğundur”.
Nazim Hacıyev
Telegram kanalımız