AZ

Mixail Qusman Moskvadan Bakıya köçüb - FOTOLAR

Uzun illər Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun müavini vəzifəsində çalışmış məşhur telejurnalist Mixail Qusmanın Moskvadan Bakıya köçdüyü bildirilir.  

“Yeni Sabah” xəbər verir ki, o, son zamanlar Azərbaycan paytaxtında keçirilən tədbirlərdə aktiv formada iştirak edir.

Məsələyə aydınlıq gətirmək üçün bu ilin yanvarın 23-də M.Qusmanla əlaqə yaratdıq. Həmin vaxt ABŞ-nin Nyu-York şəhərində olduğunu bildirən jurnalist Bakıya qayıtdıqdan sonra suallarımızı cavablandıracağını söylədi.

Yanvarın 27-də onunla yenidən əlaqə saxlasaq da, hələ Bakıya qayıtmadığını və həftənin əvvəlində suallarımızı cavablandıracağını dedi. Növbəti müraciətimizdə isə fevralın əvvəli Bakıya gələcəyini söylədi.

Beləliklə bütün cəhdlərimizə baxmayaraq, M.Qusman Bakıya birdəfəlik köçüb-köçməməsi ilə bağlı suala aydın cavab vermədi. Amma hər danışıqda Nyu-Yorkdan Bakıya dönəcəyini söylədi.

“Yeni Sabah” M.Qusmanın yaxın dostları ilə də əlaqə saxlayıb. Onlar bildiriblər ki, tanınmış jurnalistin Bakıda evi var.  

Qeyd edək ki, Mixail Qusman 23 yanvar 1950-ci ildə Bakı şəhərində hərbi həkim, Böyük Vətən müharibəsi illərində Xəzər Dəniz Donanmasının baş terapevti, polkovnik-leytnant Solomon Moiseyeviç Qusmanın ailəsində anadan olub. Anası Lola Yuliyevna Barsuk əvvəlcə aktrisa, daha sonra tərcüməçi, Azərbaycan Xarici Dillər İnstitutunun professoru olub.

O, 1970-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, 1973-cü ildə isə Bakı Ali Partiya Məktəbini bitirib.

M.Qusman 1973-1986-cı illərdə  Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsinin sədr müavini, 1986-1991-ci illərdə  SSRİ Gənclər Təşkilatları Komitəsinin informasiya şöbəsinin müdiri - mətbuat mərkəzinin rəhbəri, 1991-1995 “İnfomol” İnformasiya Əməkdaşlıq Baş İdarəsinin direktoru, 1995-1998-ci illərdə  ANKOM-TASS beynəlxalq analitik agentliyinin vitse-prezidenti, 1998-1999-cu illərdə İTAR-TASS Beynəlxalq Əməkdaşlıq, İctimaiyyətlə Əlaqələr və Xüsusi Layihələr Baş İdarəsinin rəisi, 1999-cu ilin yanvar-noyabr aylarında  İTAR-TASS-ın baş direktor müavini, 1999-cu ilin noyabrından isə TASS xəbər agentliyinin baş direktorunun birinci müavini vəzifələrini icra edib.

M.Qusman 19-21 iyul tarixlərində Xankəndidə keçirilən III Qlobal Şuşa Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevə sual verərkən ondan unikal xarici diplomatiyası, çoxvektorlu siyasəti, etibarlı tərəfdaşlığının nədən qaynaqlandığını soruşmuş və bunun təməl prinsiplərini sadalamasını xahiş etmişdi. Bundan sonra Rusiyaya qayıdan Qusman iyulun 24-də Baş nazir Mixail Mişustinin sərəncamı ilə 1999-cu ildən bəri çalışdığı vəzifəsindən azad edilmişdi.

Mixail Qusman uzun illərdir Moskvada yaşayıb işləməsinə baxmayaraq, həmişə özünü bakılı kimi təqdim edib və bunu bütün müsahibələrində qürurla səsləndirib. O, Rusiya ilə Azərbaycan arasında mədəni körpü rolunu oynayan az sayda tanınmış simalardandır.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
46
1
yenisabah.az

2Mənbələr