AZ

Gündə bir neçə fincan çay və ya qəhvə demensiya riskini azaldır - Araşdırma

Alimlərin müəyyən etdiyinə görə, gündə bir neçə fincan çay və ya qəhvə içən insanların demensiya riski bu içkilərdən uzaq duranlara nisbətən daha aşağıdır və onların koqnitiv göstəriciləri bir qədər daha yaxşıdır..

Poliqon xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Nəşr bildirib ki, 130 mindən çox insanın tibbi qeydlərinin təhlili göstərib: 40 il ərzində müntəzəm olaraq gündə iki-üç fincan kofeinli qəhvə və ya bir-iki fincan çay içən şəxslərdə demensiya riski bu içkiləri qəbul etməyənlərlə müqayisədə 15–20% daha az olub.

Amerika Tibb Assosiasiyasının jurnalında dərc olunan məqalədə qeyd olunur ki, kofeinli qəhvə içən insanlar kofeinsiz qəhvəyə üstünlük verənlərlə müqayisədə koqnitiv funksiyaların azalmasını bir qədər daha az hiss etdiklərini bildiriblər.

Əlavə olunur ki, bu insanlar beynin funksionallığını ölçən bəzi obyektiv testlərdə də daha yaxşı nəticələr göstəriblər.

Araşdırmanın nəticələri müntəzəm olaraq çay və qəhvə içməyin beyin üçün faydalı ola biləcəyinə işarə etsə də, bunun səbəb-nəticə əlaqəsi olduğunu sübut etmək mümkün deyil. Çünki kofein qəbul edən insanlar digər səbəblərdən də demensiyaya daha az meyilli ola bilərlər.

Məqalədə vurğulanır ki, oxşar əlaqə o halda da yarana bilərdi ki, pis yatan və koqnitiv zəifləmə riski daha yüksək olan insanlar gecələr daha yaxşı yatmaq üçün kofeindən imtina etmiş olsunlar.

"Bizim tədqiqat özlüyündə səbəb-nəticə əlaqəsini sübut edə bilməz. Lakin bizim fikrimizcə, bu günə qədər qəhvə və çay istehlakı ilə koqnitiv sağlamlıq arasındakı əlaqəyə dair ən güclü sübutdur və bu, məntiqli bioloji mexanizmlərlə uzlaşır", deyə araşdırmanın əsas müəllifi, Harvard Universitetində qidalanma epidemiologiyası üzrə çalışan Yu Çjan bildirib.

Nəşr qeyd edir ki, qəhvə və çay tərkibində kofein və polifenollar var. Bu maddələr damar sağlamlığını yaxşılaşdırmaq, iltihabı və oksidləşdirici stressi azaltmaqla beynin qocalmasından qoruya bilər. Oksidləşdirici stress zamanı "sərbəst radikallar" adlanan zərərli atom və molekullar hüceyrə və toxumalara ziyan vurur.

Bundan əlavə, bu içkilərin tərkibindəki maddələr maddələr mübadiləsinin sağlamlığına da müsbət təsir göstərə bilər. Məsələn, kofein demensiya üçün tanınmış risk faktoru olan 2-ci tip diabetin daha aşağı yayılma göstəriciləri ilə əlaqələndirilir.

Tədqiqatçılar ABŞ-da səhiyyə sahəsində aparılan iki böyük araşdırmada – "Tibb bacılarının sağlamlığı" və "Səhiyyə işçilərinin müşahidəsi" layihələrində iştirak edən 131 821 könüllünün məlumatlarını təhlil ediblər.

Qeyd olunur ki, hər iki araşdırma çərçivəsində 43 il ərzində iştirakçıların qidalanması, demensiya diaqnozları, yaşadıqları koqnitiv zəifləmə halları və obyektiv koqnitiv testlərin nəticələri mütəmadi olaraq qiymətləndirilib.

Nəticələr göstərib ki, kofeinli qəhvəni ən çox istehlak edən qadın və kişilərdə demensiya riski onu az içən və ya ümumiyyətlə içməyənlərlə müqayisədə 18% daha aşağı olub. Oxşar nəticələr çay üçün də əldə edilib.

"Görünən odur ki, təsir kofeinli qəhvədən gündə iki-üç fincan və ya kofeinli çaydan bir-iki fincan qəbul edildikdə sabitləşir. Kofeinsiz qəhvə ilə demensiya arasında isə heç bir əlaqə aşkar edilməyib", deyə məqalədə bildirilir.

Məqalədə vurğulanır ki, bu iki içkinin həqiqətən də beyni qoruyub-qorumadığını təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.

Çjan əlavə edib ki, gələcək tədqiqatlar bu içkilərin beyin funksiyası ilə əlaqəli, skanlama və ya digər testlər vasitəsilə aşkar edilə bilən bioloji dəyişikliklərə səbəb olub-olmadığını araşdıra bilər.

Qlazqo Universitetinin kardiometabolik tibb professoru Navid Sattar isə bildirib ki, bu məsələdə aydın nəticəyə gəlmək asan olmayacaq. Çünki kofein beynə həm müsbət, həm də mənfi təsir göstərə bilər.

Nəşr qeyd edir ki, çay və qəhvə faydalı ola bilən antioksidantlar ehtiva edir, kofein isə insanları işləməyə, oxumağa və fiziki aktivliyə daha çox həvəsləndirə bilər.

Eyni zamanda, bəzi insanlarda kofein arterial təzyiqi yüksəldir ki, bu da demensiyanın inkişafı üçün ciddi risk faktorudur.

"Kofeinin çoxsaylı təsirləri var: bəziləri faydalı, bəziləri isə zərərli ola bilər. Son nəticəni yalnız randomizə edilmiş tədqiqat aparıldıqdan sonra qiymətləndirmək mümkündür", deyə Sattar vurğulayıb.

Tədqiqatçıların fikrincə, dünya üzrə demensiya hallarının təxminən yarısının qarşısını almaq və ya gecikdirmək mümkündür. Bunun üçün piylənmə, siqaret çəkmə, alkoqoldan həddindən artıq istifadə, eşitmə itkisi və yüksək qan təzyiqi kimi risk faktorları aradan qaldırılmalıdır.

"Qəhvə və ya çayı sehrli qoruyucu vasitə hesab etməyin. Beyin sağlamlığını yaxşılaşdırmaq üçün sağlam həyat tərzi sürmək, müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq, balanslaşdırılmış qidalanmaq və kifayət qədər yatmaq vacibdir", deyə Çjan tövsiyə edir.

Poliqon.info

Seçilən
160
50
poliqon.info

10Mənbələr