AZ

Bununla da Prezident xalqa verdiyi bütün vədləri yerinə yetirdi - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Bu böyük qələbəyə aparan yol son dərəcə ağır və uzun idi. Bu yol 30 ildən artıq - konkret olaraq 31 il davam edən, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu tarixi bir yol idi”.

Bunu Hafta.az-a hərbi ekspert Şair Ramaldanov Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi prosesindən danışarkən bildirib.

Ekspert qeyd edib ki, ulu öndərin başladığı bu yolu onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ardıcıl və qətiyyətlə davam etdirərək xalqımızı, cəmiyyətimizi, ordumuzu və dövlətimizi bu böyük hədəfə çatdırıb:

“Yaxın tarixə nəzər saldıqda görürük ki, Azərbaycan uzun illər torpaqları işğal altında olan bir ölkə idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra torpaqlarımızın təxminən 80 faizi işğaldan qorundu. Çox vaxt deyilir ki, ərazilərimizin 20 faizi işğal olunmuşdu. Lakin Qarabağ müharibəsinin ən ağır dövrlərində, ordunun zəif, silah-sursatın az olduğu bir vaxtda Azərbaycan oğulları böyük fədakarlıq göstərərək torpaqlarımızın böyük hissəsini düşmən işğalından qorumağa nail olmuşdular. Sonradan ulu öndərin rəhbərliyi ilə həyata keçirilən əks-hücum əməliyyatları düşməni atəşkəs razılaşmasına məcbur etdi. Bunun ardınca ordu quruculuğu, dövlət institutlarının formalaşdırılması və iqtisadiyyatın gücləndirilməsi prosesi başlandı. Lakin bütün bu mərhələlərdə bir məqsəd heç vaxt unudulmadı - işğal olunmuş torpaqların azad edilməsi”.

Ş.Ramaldanov ulu öndər Heydər Əliyevin çıxışlarına da diqqət çəkərək bildirib ki, Qarabağın azad edilməsi və torpaqlarımızın geri qaytarılması ilə bağlı onun qətiyyətli mövqeyi hər zaman açıq şəkildə görünürdü:

“Bu, eyni zamanda onun siyasi irsinin və vəsiyyətinin Prezident İlham Əliyevə ötürülməsi idi. Prezident İlham Əliyev də bu vəsiyyəti qarşısında ən mühüm vəzifə kimi müəyyənləşdirmişdi. Məhz bu məqsədlə işğal dövrü ərzində Azərbaycanın müvafiq dövlət qurumları sistemli və ardıcıl şəkildə sübutlar, faktlar və kəşfiyyat məlumatları toplayırdı. Bu proses gələcəkdə cinayətkarların törətdikləri əməllərə görə hüquqi məsuliyyətə cəlb edilməsi üçün paralel şəkildə davam etdirilirdi. Həm döyüşlərin getdiyi vaxtlarda, həm döyüşlərdən sonra, həm də müvəqqəti olaraq xarici qüvvələrin yerləşdiyi ərazilərdə antiterror tədbirləri keçirilənədək dövlət qurumları həmin ərazilərdə baş verən bütün prosesləri ciddi nəzarətdə saxlayırdı”.

Ekspert vurğulayıb ki, lazımi kəşfiyyat və digər məlumatlar böyük dəqiqlik və peşəkarlıqla toplanırdı:

“Nəticədə bir sutkadan da az müddətdə həyata keçirilən antiterror tədbirləri öz effektivliyi və dəqiqliyi ilə bütün dünyanı heyrətləndirdi. Mülki əhaliyə zərər yetirilmədən, bəzi məlumatlara görə, 15–20 minə yaxın qanunsuz silahlı dəstənin mövqeləri darmadağın edildi, separatçı rejimin hərbi-siyasi infrastrukturu tamamilə sıradan çıxarıldı.

Xocalı soyqırımını törədən, sonrakı dövrlərdə də Azərbaycan xalqına qarşı insanlığa sığmayan əməllərə rəhbərlik edən şəxslərin ölkə ərazisindən çıxmasına imkan verilmədi. Onlar cinayətkar qismində saxlanılaraq Azərbaycan xalqı və ədalət məhkəməsi qarşısında cavab verməyə məcbur edildilər. Bu proses dövlət başçısının birbaşa siyasi iradəsi və ümumi rəhbərliyi altında həyata keçirilirdi və heç bir mərhələdə diqqətdən kənarda qalmırdı”.

Hərbi ekspert qeyd edib ki, bu gün məhkəmələrdə təqdim olunan faktlar, sübutlar və materiallar məhz işğal dövründə, müharibə zamanı və sonrakı mərhələlərdə toplanmış məlumatlara əsaslanır.

“Separatçıların və işğalçıların törətdiyi cinayətlər sənədləşdirilib və bu gün hüquqi sübut kimi onların qarşısına qoyulub. Bu, olduqca mürəkkəb və məsuliyyətli bir prosesdir. Çünki məhkəmə proseslərini beynəlxalq qurumlar da diqqətlə izləyir. Sübutlar kifayət qədər peşəkar hazırlanmasaydı, proses çox çətin nəticələrə gətirib çıxara bilərdi.

Məhz cənab Prezidentin uzaqgörənliyi, siyasi iradəsi və müdrik rəhbərliyi nəticəsində təkcə torpaqlar azad edilmədi, eyni zamanda cinayətkarların da ədalət qarşısına çıxarılması təmin olundu. Xüsusi xidmət orqanları, təhlükəsizlik strukturları, xarici kəşfiyyat, prokurorluq, Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar bu prosesdə yüksək peşəkarlıq nümayiş etdirdilər.

Əgər Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək canı bahasına torpaqları azad etmişdisə, bu qurumlar da öz peşəkarlığı sayəsində cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etdi. Bununla da cənab Prezident xalqa verdiyi bütün vədləri yerinə yetirdi və Azərbaycan tarixində bir daha ulu öndərin layiqli davamçısı olduğunu sübut etdi”, - deyə Ş.Ramaldanov bildirib.

Tahirə Qafarlı

Seçilən
37
hafta.az

1Mənbələr