AZ

UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrliyi ilə G-77 və Çin Qrupunun plenar iclası keçirilib  

Azərbaycanın sədrliyi ilə UNESCO-nun mənzil-qərargahında G-77 və Çin Qrupunun 2026-cı il üzrə ilk plenar iclası keçirilib. Tədbirdə əsas qonaq məruzəçi qismində UNESCO-nun Baş direktoru Xalid Əl-Ənani iştirak edib.

AZƏRTAC xəbər verir ki, plenar iclasın açılışında Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev çıxış edərək, göstərilən etimada görə qrup üzvlərinə təşəkkürünü bildirib. O, Azərbaycanın sədrliyi dövründə Qlobal Cənub ölkələrinin maraqlarının UNESCO-nun gündəliyində yüksək səviyyədə saxlanılacağını, Qrupun fəaliyyətinin zənginləşdiriləcəyini və üzv dövlətlər arasında koordinasiyanın gücləndiriləcəyini vurğulayıb. Daimi nümayəndə beynəlxalq və regional çağırışlar fonunda çoxtərəfli sistemin möhkəmləndirilməsinin, BMT sistemi çərçivəsində həmrəyliyin və əməkdaşlığın vacibliyini qeyd edib, G-77 və Çin Qrupunun təhsil, elm, mədəniyyət, kommunikasiya və informasiya sahələrində, habelə Afrika prioriteti, inkişaf etməkdə olan kiçik ada dövlətləri və gənclər kimi istiqamətlərdə mühüm platforma olduğunu qeyd edib.

Azərbaycanın sədrliyi ilə keçiririlən tədbirdə UNESCO-nun Baş direktoru Xalid Əl-Ənani çıxış edərək, UNESCO-nun 80 illiyi çərçivəsində irəli sürülmüş təşəbbüsün multilateralizm, həmrəylik və təşkilatın əsas mandatı olan sülh, təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində fəaliyyətin gücləndirilməsinə xidmət etdiyini bildirib. O, islahat prosesində üzv dövlətlərlə inklüziv və şəffaf məsləhətləşmələrin aparılmasının əhəmiyyətini vurğulayıb.

Plenar iclas çərçivəsində yeni təyin olunan daimi nümayəndələr təbrik olunub, gündəlik qəbul edilib, UNESCO 80 təşəbbüsü və eləcə də, Qrupun fəaliyyəti ətrafında müzakirələr aparılıb.

Azərbaycanın G-77 və Çin Qrupuna sədrliyi ölkəmizin beynəlxalq təşkilatlar, xüsusilə UNESCO çərçivəsində artan rolunu, qlobal dialoqa və həmrəyliyə verdiyi töhfəni bir daha nümayiş etdirir.

Seçilən
13
6
azerbaijan-news.az

7Mənbələr