AZ

İlk Azərbaycan musiqiçünasları

Müsəlman dünyasının alimlərinə musiqinin şəfaverici gücü çoxdan bəllidir. 700 il bundan qabaq Azərbaycan alimi Səfiəddin Urməvi (XIII əsr) musiqi nəzəriyyəsi sahəsində traktatlar yazıb: «Şərəfiyyə» və «Musiqi pərdələri haqqında kitab». Urməvinin əsərlərini oxuduqca, biz o uzaq dövrün melodiyaları ilə tanış oluruq. Yorğunluğu və əsəbiliyi aradan qaldırmaq, əhvali-ruhiyyəni və yuxunu bərpa etmək üçün əcdadlarımız qədim Şərq alətlərinin (rübab, ud, dütar, tənbur, ney, qopuz, çəng, şahrud, kanon və s.) müşayiəti ilə ifa olunan musiqiyə qulaq asırdılar.
İranda və ərəb ölkələrində Səfiəddin Urməvini «muğamın atası» adlandırırlar. Axı məhz o, ilk dəfə bu janrın elmi nəzəriyyəsini işləyib hazırlamış, musiqi terminologiyasını və qammaların öyrənilməsini təkmilləşdirmiş, musiqinin insan sağlamlığına faydalı təsirindən yazmışdır (4, s. 24). Sonralar onun işini başqa Azərbaycan musiqişünasları - Əbdülqədir Marağayi (1353-1433 - cü illər) və Əbdüllətif Şirvani (XVI əsr) davam etdirmişlər (3, s. 218).
IX-XIV əsrlərdə musiqinin müalicəvi əhəmiyyətindən qonşu müsəlman xalqlarının məşhur alimləri də yazırdılar: Əbu Nəsr əl-Fərabi, Məhəmməd əl-Xarəzmi, Əbu Reyhan əl-Biruni, İbn Sina və b.
Musiqinin müalicəvi təsiri nədən ibarətdir? Ensiklopedik biliyə malik məşhur Orta Asiyalı türk alim Əbu Nəsr əl-Fərabi (873-950 - ci illər) «Musiqi haqqında böyük kitab» əsərində qeyd edir: «Musiqi əhvali-ruhiyyənin yaxşılaşmasına, mənəvi-əxlaqi tərbiyəyə, təmkinli olmağa və mənən inkişafa təkan verir. O, həmçinin insanın fiziki sağlamlığı üçün faydalıdır, çünki bədən xəstələnəndə, ruh da haldan düşür. İnsan hisslərinə müsbət təsir edən musiqi isə əhvali-ruhiyyəni yaxşılaşdırmaqla bədənə sağlamlığı qaytarır...» (7, s. 134).
Böyük İbn Sina (980-1037 - ci illər) belə məsləhət görür: «Başınız ağrıyır? Çalışın gülxanada fəvvarənin pıçıltılı səsinə qulaq asın, oraya musiqiçini dəvət edin və dütarın incə musiqisinin təsiri ilə yuxuya gedin».Yeddi əsr sonra «Tibbnamə» əsəri də simli alətlərin melanxoliya və yuxusuzluğa qarşı faydalı olmasını qeyd edir (12, s. 25-77).
Tanınmış həkim Sultan Qiyasəddin «Kitabüs-sinəət» (XVIII əsr) əsərində öz həmkarlarını musiqini öyrənməyə dəvət edir və yazır ki, «Hind alimləri həkimlərə musiqini və onun nəzəriyyəsini öyrənməyi məsləhət görürlər. Bu elmə yiyələnmək həkimlər üçün zəruridir, çünkü nəbzin dəqiqliklə müəyyən olunmasına kömək edir. Bundan başqa, bəzi xəstəliklər musiqinin müəyyən janrına qulaq asmaqla müalicə olunurlar» (6, s. 65).
Sultan Qiyasəddinin və başqa şöhrətli alimlərin məsləhətilə orta əsr həkimləri musiqi nəzəriyyəsini (elmül-musiqi) öyrənməyə çalışırdılar. Məlum oldu ki, bu asan iş deyil. Musiqi o qədər incə və dəqiq elmdir ki, orta Asiya alimi əl-Xarəzmi (783-850 - ci illər) onu riyaziyyatın bir bölməsi saymış və özünün cəbrə aid məşhur əsərinə daxil etmişdir.
Buna təəccüblənməyə dəyməz: o vaxtlar musiqi nəzəriyyəsi, doğrudan da, mürəkkəb xarakter daşıyırdı. Hər hansı həkim onu öyrənmək qərarına gələ bilmirdi. Əgər bu iş ancaq onunla məhdudlaşsa idi ki, musiqidə üç səs (yüksək, aşağı və orta) və üç kök (metr, melodiya və jestlər) var, onda məsələ bir o qədər də mürəkkəb olmazdı. Axı bundan əlavə, həkim gərək musiqili akustikanın nəzəriyyəsini, musiqidə tonları və onların qarşılıqlı əlaqəsini, intervalların növ və qruplarını, əmələ gəlmə qaydalarını musiqili ritmləri və sair mövzuları öyrənəydi. Bütün bu mürəkkəb mətləblər haqqında Əbdülqədir Marağayinin «Musiqili traktatı»nda və Əbu Reyhan əl-Biruninin (973-1048 - ci illər) «Təbabətə aid böyük kitab»ında açıqlamalar verilir. Bu kitabların hamısı rəqəmlərlə, həndəsi fiqurlarla, şəkil və cizgilərlə doludur. Buna baxmayaraq, həkimlər musiqini öyrənmək üçün vaxtlarını əsirgəmirdilər - axı söhbət insan sağlamlığından gedirdi!
Orta əsrlərdə Azərbaycanda hansı musiqi ilə müalicə edirdilər? O zaman muğamın 12 növü məlum idi. Əbdül-qədir Marağayi yazırdı: «Türklər muğamda üşşaq nəva və busəlik bəstələməyi üstün tuturlar, buna baxmayaraq başqa muğamlar da onların əsərlərinə daxildir» (1, s. 193). Şərəf Xan Bidlisi (XVI əsr) Azərbaycan hökmdarı Şah İsmayıl Səfəvinin ziyafət məclisini belə təsvir edirdi: «Gümüşüayaqlı, büllurçiyinli, sifətləri nur saçan saqilər və qızıl paltarlar geyinmiş cariyələr rəvan yerişlə gəldilər və əbədiyyət bulağından götürülmüş su kimi təmiz çaxırla dolu badələri təmtəraqla əllərinə alıb, şadlığa və çaxır içməyə çağırdılar. Xoşsəsli xanəndələr və xoşavazlı musiqiçilər yüksək və alçaq səslərlə Üşşaq nəğməsini oxuyaraq, simli alətlərin iniltiləri altında ulu və sadə adamların ağıl və düşüncələrini başlarından apardılar». (1, s. 193).
Musiqi bir sıra akkult elmlərinin inkişafına da təkan verdi. XIII əsrdə mövləvi təriqətindən olan «fırlanan dərvişlər» belə hesab edirdilər ki, Allahı ancaq bihuş vəziyyətdə dərk etmək olar, yəni xüsusi musiqiyə qulaq asaraq və mistik rəqsdə fırlanaraq transa daxil olan zaman. Azərbaycanlı təsəvvüf filosofu Şihabəddin Sührəvərdi (vəfatı -1191) yazırdı: «Bil ki, ruhunu inkişaf etdirən şəxslər, bəzən incə musiqidən və xoş ətirlərdən istifadə edirlər... Nəticədə onlar ilahi işığı duymaq qabiliyyətini əldə edirlər... Sonra bu qabiliyyət onlarda vərdişə çevrilir və daha da güclənir». (8, s. 28).
X əsrin sonunda «İxvənüs-Səfa» («Saflıq Qardaşları») adlanan sufi filosoflarının bir qrupu musiqi, təbiət ünsürləri (heyvanlar, bitkilər, minerallar) və rənglər arasında uyğunluq haqqında təlim yaratdılar. Başqa filosoflar hesab edirdilər ki, müxtəlif alətlərdə çalınan musiqi insan şüuruna dərman bitkiləri və ətirli ədviyyatlar kimi təsir edir. Məsələn, tarda çalınan musiqi ətirli zəfəran kimi, nağara - mixək və jenşen, ud - pişikotu, ney - badrəncbuyə, zurna - tünd qəhvə kimi təsir göstərir (4, s. 24).
HƏYAT ENERJİSİNİ ARTIRAN MUSİQİ ALƏTLƏRİ
Saz. Sazda ifa edilən musiqi sinir sistemini tonuslaşdırır, insanı gümrah edir, əhvali-ruhiyyəni təmkinləşdirir, mübariz ruh yaradır. Melanxoliyada və ruh düşkünlüyündə faydalıdır və bəd fikirləri insandan uzaqlaşdırır. Orta əsr müəllifləri musiqinin düzgün qavranması üçün saz və tara (xüsusilə yüksəkdən çalınan yox, incə melodiyalara) qulaq asmağı məsləhət bilirdilər. Yusif ibn Məhəmməd «Tibbi-Yusifi» (1511-ci il) əsərində qeyd edir: «Eşitmə orqanı üçün məşq - ürəyəyatımlı musiqiyə qulaq asmaqdır, istəyir bu tez, yavaş və ya qarışıq ifa edilən musiqi olsun» (9, s. 74). Saz - Azərbaycanın qədim milli alətidir. O və ona bənzər alətlər, başqa türk xalqları arasında da geniş yayılıb.
Zurna. Bu alət insanda mübariz ruh yaradar, bəzən isə təcavüzkarlıq və cəngavərlik hisslərini oyadır. Zurnanın səsi ruh düşkünlüyünü, laqeydliyi aradan qaldırır, qan təzyiqini artırır. Əgər ney (tütək) səsinə qulaq asan insan xeyirxah düşüncəyə dalırsa, zurna, əksinə, onu tez və qətiyyətli hərəkətə çağırır. Amma yadınızda saxlayın ki, yuxusuz və əsəb xəstəliyinə düçar olmuş insanlara uzun müddət zurnaya qulaq asmaq məsləhət deyil. Həddindən artıq həyəcanlı insanları zurnanın yüksək səsi son təxərrüş vəziyyətinə gətirib çıxarda bilər.
Nağara. Bu alət insanlara qəm-qüssəyə, əqli və fiziki yorğunluğa, aşağı qan təzyiqinə qarşı mübarizə aparmağa kömək edir. Hesab olunur ki, o, bəzi dərman bitkilərini əvəz edir və mixək kimi insan orqanizmini tonuslaşdırır. Nağaranın gurultulu və amiranə ritmi insanın əhvalını özünə tabe edir. O, emosionallığı və nikbinliyi artırır, şübhə və tərəddüdləri, düşüncələrdəki nizamsızlığı aradan qaldırır, ona qulaq asanı daha da gümrah edir, onu əsəbiləşdirmir və yormur. Nağaranın səsi orqanizmə müəyyən bir ritm verir. Bəzən bizə elə gəlir ki, bədənimizin bütün enerjisi bu alətin taktları ilə birgə döyünür. Nəticədə, nəinki əhvali-ruhiyyə, hətta daxili orqanların fəaliyyəti nizama düşür. Qədim Azərbaycan aləti olan nağara, orta əsr eposu «Kitabi-Dədə Qorqud»da təsvir olunub. Əslində isə zərb alətlərimizin tarixi daha da qədimdir (10, s. 73).Artıq 2600 ildir ki, balaca nağaraya bənzər alətlər qədim Misir sərdabələrinin divarlarını bəzəyir.
İNSANI DAXİLİ HARMONİYAYA QOVUŞDURAN ALƏTLƏR
Tar. Tarda çalınan musiqi başağrısı, yuxusuzluq, malxulya (melanxoliya), əsəb və əzələ spazmalarını aradan qaldırır. Bu alətdə ifa edilən melodiyalar insanda sakit, fəlsəfi əhvali-ruhiyyə yaradır, həyat barədə düşünməyə vadar edir. Əgər təntənəli musiqi sakit və gümrah əhvali-ruhiyyə əmələ gətirirsə, minorda səslənən musiqi insanı passivləşdirir və yuxuya aparır. «Qabusnamə»nin müəllifi (XI əsr) məsləhət görür ki, musiqi pərdələrini seçərkən qulaq asanın məcazını nəzərə alsınlar: aşağı pərdələr (bəm) - sanqvinik (qanı-qaynar) və fleqmatik (soyuqqanlı, laqeyd), yüksək pərdələr (zil) - xolerik (tündməcaz, tez hirslənənlər), orta pərdələr isə melanxolik (qəmgin, məyus) insanlar üçündür (11, s. 12-56).
Tarın «ulu əcdadı» Azərbaycanda 3 min il əvvəl məlum idi. Onun təsviri e.ə. VIII əsrdə Cənubi Azərbaycanda mövcud olmuş Manna dövlətinin ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmişdir. Miladdan əvvəl XIV əsrdə tikilmiş Misir sərdabələrinin divarlarını Azərbaycan tarına bənzər musiqi alətlərinin şəkilləri bəzəyir. Bu da onu təsdiq edir ki, Şərqin musiqi alətləri qədim tarixə malikdir və onların arasında yaxın qohumluq əlaqələri vardır (3, s. 7-30).
Kamança. Kamançada səslənən musiqi güclü müalicəvi təsirə malikdir. O, əsəbləri sakitləşdirir, əhvali-ruhiyyəni yaxşılaşdırır, melanxoliya və qəm-qüssəyə qarşı kömək edir. Bu alətin incə səsi insanda lirik əhvali-ruhiyyə, müsbət emosiyalar yaradır, ətraf təbiətin gözəlliyini daha incə hiss etməyə və ona qiymət verməyə kömək edir. Bu alətin ecazkar səsində Şərq mədəniyyətinin özünəməxsusluğunu dərk etmək olar. Orta əsrlərdə kamança timsalında olan musiqi alətindən bəhs edən Sultan Əli Xorasani «Dəsturül-əlac» (1527-ci il) əsərində qeyd edir ki, əsəbləri sakitləşdirmək və yuxusuzluğu aradan qaldırmaq üçün simli alətlərin ifasında yaxşı bir musiqiyə qulaq asmaq lazımdır (5, s. 83).
SAKİTLƏŞDİRİCİ TƏSİR GÖSTƏRƏN ALƏTLƏR
Ney (tütək). Neyin incə səsi əsəbləri sakitləşdirir, gərginliyi və yorğunluğu alır, yaxşı yuxu gətirir. Ney, əksər hallarda, insanda sevinc, sakitlik yaradır, təbiətdən həzz almağa təhrik edir, bəzən isə fəlsəfi düşüncələrə aparır. Qamışdan hazırlanan neyi hələ qədim Misirdə tanıyırdılar. Bu alətin təsviri bizim eradan əvvəl XIV əsrdə tikilmiş Misir sərdabələrinin divar rəsmlərində saxlanılır. Tütək Azərbaycan xalqının ən çox sevdiyi alətlərdən biri olmaqla bərabər, əsrlər boyu kübar, aristokrat mühitdə, şah saraylarında da sevilirdi.
Ud. Babalarımız hesab edirdilər ki, udun səsi başağrısı və melanxoliya üçün əla vasitədir, əzələ spazmalarını götürür, güclü sakitləşdirici təsirə malikdir. Azərbaycanda ud ən geniş yayılmış və sevimli alətlərdən idi. Onun qədim Yunan arfasına qohumluğu çatır. Uda bənzər alətlər qədim Misir sərdabələrində təsvir ediliblər.
QƏDİM MUSİQİ JANRLARI
Muğam. Tar və kamançada ifa olunan muğamın ecazkar melodiyaları sinir sistemini sakitləşdirir, gərginliyi alır, yuxusuzluğu aradan qaldırır. Muğam nevroz zamanı dinləyicini sakitləşdirir və rahatlandırır, fəlsəfi düşüncəyə dalmağa vadar edir. Lakin həddindən artıq kədərli muğam dinləyicidə qüssə, melanxoliya və sıxıntı əmələ gətirə, pis xatirələri yadına sala bilər. «Qabusnamə» (XI əsr) müəllifi musiqiçiyə belə məsləhət görür: «Gənclərin əhvali-ruhiyyəsini qaldırmaq istəyirsənsə, məhəbbət və çaxırı tərənnüm edən yüngül (həfif) mahnılar çal... Dünya görmüş, ahıl adamlara ciddi, kədərli melodiyalar (rah) çal, bu onlara xoş gələr» (11, s. 167). Qədim mənbələrə görə, Azərbaycan muğamı şöbələrdən ibarətdir. Onların hər biri özünəməxsus tərzdə dinləyicinin əhvali-ruhiyyəsinə təsir edir: dəraməd (mahnı-rəqs müqəddiməsi) və bərdaşt (instrumental başlanğıc) dinləyicini mərhələ-mərhələ daxili harmoniya halına gətirir; maye (improvizasiya) və təsnif (mahnı) tamamilə sakitləşdirir, «göylərə арапг», bəzən psixoloji trans vəziyyətinə salır, bəzən isə əhvali-ruhiyyəni qaldırır; rəng (rəqs havası) dinləyicini gümrah edir, onu «ayıldaraq», sanki «göydən уегә» qaytarır.
Oyun havaları. Muğamdan fərqli olaraq, oyun havaları insanı gümrah edir və aktivləşdirir, onun həyat tonusunu qaldırır. Pis əhvali-ruhiyyədə, əsəbilik, nevroz və aşağı qan təzyiqində şən oyun havalarını dinləmək məsləhət görülür. Bu musiqinin nikbin təbiəti orqanizmə müalicəvi təsir göstərir. Rəqsin özü də faydalıdır, insanı onun içində toplanmış mənfi enerjidən azad edir, qan dövranını yaxşılaşdırır, sinir sistemini tonuslaşdırır. Qobustan qayalarında bin neçə min il bundan qabaq həkk olunmuş şəkillər Azərbaycan rəqsinin qədim tarixindən bəhs edir. Bu şəkillərdən birində yallını xatırladan rəqs ifa edən insanları görürük.
MÜASİR MUSİQİ JANRLARI
Klassik simfonik musiqi. Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun, Qərb müəlliflərindən Şopenin, Bethovenin, Çaykovskinin və başqa klassik bəstəkarların musiqisi sakit əhvali-ruhiyyə yaradır və incə hissləri oyadır, şəxsiyyətin mənəvi inkişafına təkan verir. Belə musiqi nevroza, qüssəyə, yuxusuzluğa qarşı əla vasitələrdən biridir. Gözəl klassik musiqiyə qulaq asarkən, insanın ruhu sanki yerdən ayrılaraq səmaya doğru üz tutur. Buna görə də, belə musiqini çox vaxt ilahi musiqi adlandırırlar.
Ritmik estrada musiqisi. Ağır metal, rok, rokn-roll, disko və bu kimi musiqi janrları insana, demək olar ki, qəhvə kimi təsir edir, yəni orqanizmi tonuslaşdırır, ürək döyüntüsünü və psixiki fəaliyyəti aktivləşdirir, əhvali-ruhiyyəni yaxşılaşdırır. Bu musiqi cavanlara yaxşı təsir bağışlamaqla problemlərini müvəqqəti unutmağa, güclü emosiyalara qapılmağa və istirahət etməyə kömək edir. Bununla belə, qəhvədə olduğu kimi, pop-musiqisində də zərərli təsirlər özünü göstərir. Bu musiqiyə uzun müddət qulaq asdıqda o, yorğunluq, əsəbilik əmələ gətirməklə, ürəyə və sinir sisteminə zərər vurur. Klassik musiqidən fərqli olaraq, pop musiqisi insanlarda ülvi hissləri oyatmır, onları səmaya ucaldıb, tanrıya ulaşdırmır, əksinə, maddiyata, bu dünyanın naz-nemətlərinə bağlayır, kefə və əyləncələrə istiqamətləndirir.
Əslində, pop musiqisi janrında da çox istedadlı əsərlər vardır. Onlar, gözəl və cazibəli olmaqla insanın ürəyini təlatümə gətirir. Belə musiqi ustalıqla bəstələnərsə, ağıllı insanlara da zövq və ləzzət verə bilər. Lakin pop musiqisi tamamilə maddiyata, bəşər övladının bataqlıq kimi dərin, lakin bəsit hissiyyat dünyasına bağlıdır.
MUSİQİ VƏ CANLI TƏBİƏT
Bəzi adamlar musiqinin müalicəvi təsirinə inanmırlar. Lakin son zamanlar məlum olmuşdur ki, musiqi nəinki insanları müalicə edir, o, hətta bitkilərin boy atmasına, inkişafına da kömək edir. Professor V. Dubrov «Musiqi və bitkilər» əsərində, Amerika alimlərinin kəşfi barədə məlumat verərək, qeyd edir ki, mütəmadi çalınan klassik musiqi (Motsart, Şopen, Bethoven və b.) bitkinin böyüməsini və inkişafını müəyyən qədər tezləşdirir. Bundan əlavə, Motsart və Bethovenin musiqisinə «qulaq asan» bitkilərdə yetişən meyvələr adi ot və ağacların barına nisbətən daha iri və dadlıdır (2, s. 23). İlk baxışda, alimlərin nəticələri təəccüblü və inanılmaz kimi nəzərə çarpır - axı bitkinin qulağı yoxdur! Lakin söhbət müəyyən edilmiş elmi faktdan gedir. Yaxşı musiqi bitkilərə səmərəli təsir etdiyi halda, onun insan üçün də faydalı olması təəccüblü deyil.
Beləliklə, faktlar sübut edir ki, hələ qədim dövrlərdə İslam aləmində və onun tərkib hissəsi olan Azərbaycanda musiqidən bir çox xəstəliklərin müalicəsi üçün məharətlə istifadə olunmuşdur.
FƏRİD ƏLƏKBƏRLİ,
tarix elmləri doktoru
Seçilən
22
news365.az

1Mənbələr