AZ

Milli mənəvi dəyərlərin təbliğatçısı: 55 yaşlı Seyid Camal Əzimbəyli

ain.az bildirir, 525.az portalına istinadən.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas, “Space” telekanalında yayımlanan “İnam” verilişinin ideya müəllifi və aparıcısı Seyid Camal Əzimbəylinin 55 yaşı tamam olur. Bu əlamətdar yubiley onun zəngin elmi, ictimai və mənəvi fəaliyyətinə nəzər salmaq üçün mühüm fürsətdir.

Seyid Camal Əzimbəyli uzun illərdir ki, Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin qorunması, dini-maarifçilik ənənələrinin yaşadılması və sağlam düşüncənin təbliği istiqamətində ardıcıl, prinsipial mövqe sərgiləyir. Qarabağ Seyid Ocaqlarının rəhbəri kimi, o, təkcə bir dini-mənəvi ocağın deyil, bütövlükdə tarixi yaddaşın, soy-kökə bağlılığın və mənəvi məsuliyyətin daşıyıcısıdır.

Dini maarifçilik sahəsində apardığı işlər Seyid Camal Əzimbəylinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. O, dini biliklərin xurafatdan, radikal və yanlış təsəvvürlərdən uzaq, sağlam mənbələrə əsaslanaraq təbliğ olunmasının vacibliyini daim ön plana çəkmir. Onun maarifçi fəaliyyəti xüsusilə gənc nəslin dini dünyagörüşünün düzgün formalaşmasına, milli-mənəvi dəyərlərə bağlı, savadlı və məsuliyyətli vətəndaş kimi yetişməsinə xidmət edir.

Seyid Camal Əzimbəyli cəmiyyətin mənəvi saflaşmasına, sağlam dini mühitin formalaşmasına və dini-milli dəyərlərin gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verir. Seyid Camal Əzimbəylinin milli-mənəvi dəyərlərin qorunması və dini maarifçilik ənənələrinin təbliği sahəsində gördüyü işlər Azərbaycan cəmiyyətinin mənəvi inkişafında mühüm rol oynayır. Onun fəaliyyəti bu gün də dini savadlılıq, milli dəyərlərə sədaqət və ictimai məsuliyyət baxımından nümunə kimi dəyərləndirilə bilər.

Şərqşünas kimi Seyid Camal Əzimbəylinin fəaliyyəti elmi biliklə mənəvi dəyərlərin vəhdətinə əsaslanır. O, Şərq fəlsəfəsi, İslam mədəniyyəti və irfan düşüncəsi ilə bağlı mövzuları müasir dövrün çağırışları kontekstində araşdıraraq cəmiyyətə anlaşılan və faydalı şəkildə təqdim etməyi bacarır. Onun çıxış və yazılarında elmi dərinliklə yanaşı, sadəlik və səmimilik də xüsusi yer tutur.

Geniş tamaşaçı auditoriyası tərəfindən sevilən “İnam” verilişi isə Seyid Camal Əzimbəylinin maarifçilik fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Verilişdə qaldırılan mövzular – iman, mənəviyyat, əxlaq, insanın daxili aləmi və cəmiyyət qarşısında məsuliyyəti – bu gün də aktuallığını qoruyur. Seyid Camal Əzimbəylinin təmkinli üslubu, dərin biliklərə söykənən yanaşması və obyektiv mövqeyi “İnam”ı sadəcə televiziya layihəsi deyil, mənəvi düşüncə platformasına çevirib. “İnam” verilişi dövlətimizin dini mühitdə apardığı uğurlu tolerant maarifləndirmə işinə dəstəkdir. “İnam” Azərbaycan televiziyasında dini veriliş sahəsində önəmli bir nümunədir. Bu veriliş tək dini deyil, həm də mənəvi dəyərlərimizin, Azərbaycanda şəhidlik və qazilik müəssisəsinin cəmiyyətə, topluma aşılanmasına və gənclərimizin vətənpərvərlik ruhuna köklənməsinə xidmət edir. “İnam” verilişinin əsas məqsədi milli və mənəvi dəyərlərin doğru və düzgün şəkildə insanlara aşılanmasıdır.

Seyid Camal Əzimbəylinin ömür-gün yoldaşı, onunla bərabər, çiyin-çiyinə islami dəyərlərin qorunmasına və təbliği istiqamətində yorulmadan mücadilələrini davam etdirən “İnam" verilişinin redaktoru Sevinc Əzimbəyli onun şəxsiyyəti, fəaliyyəti barədə dərin hörmət və qürur hissi ilə danışır. Sevinc xanım deyir ki, Seyid Camal Əzimbəyli ailəsində olduğu kimi, cəmiyyətdə də yüksək mənəvi keyfiyyətləri ilə seçilən, sözünə və əməlinə sadiq bir insandır: “Onun üçün milli-mənəvi dəyərlər sadəcə söz deyil, həyat tərzidir. Ailəmizdə övladlarımıza verdiyi tərbiyə, göstərdiyi nümunə onun daxili zənginliyinin ən bariz göstəricisidir. Seyid Camal Əzimbəyli gördüyü bütün işlərdə səmimiyyəti, təvazökarlığı və məsuliyyəti ön planda tutur. İnsanlara faydalı olmaq, doğru yolu göstərmək onun üçün ən böyük məqsəddir. O, dini maarifçiliyi sevgi və mərhəmət üzərində qurur. Seyid Camal Əzimbəyli ailə dəyərlərinə xüsusi önəm verən, hər zaman anlayışlı və dayaq olan bir həyat yoldaşıdır. O, həm ailəsinin, həm də cəmiyyətin mənəvi yükünü çiyinlərində daşımağı bacaran insandır. Bu isə böyük səbir və güclü iman tələb edir. Bu, Seyid Camal Əzimbəylinin yalnız ictimai fəaliyyəti ilə deyil, həm də ailə başçısı və insan kimi yüksək mənəvi keyfiyyətlərə sahib olduğunu bir daha göstərir”.

55 illik ömür yolunda Seyid Camal Əzimbəyli elmi fəaliyyəti, ictimai mövqeyi və mənəvi xidmətləri ilə cəmiyyətin hörmət və etimadını qazanmış ziyalı kimi tanınır. Onun fəaliyyəti sübut edir ki, ənənəyə sədaqət və müasir düşüncə bir araya gəldikdə, cəmiyyət üçün real fayda yaradan dəyərli nümunələr ortaya çıxır.

Bu əlamətdar yubiley münasibətilə Seyid Camal Əzimbəylini təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və mənəvi-irfani fəaliyyətində yeni uğurlar arzulayırıq. Qoy, onun sözü və əməli bundan sonra da insanlara inam, işıq, yol göstərməyə davam etsin.

Sevinc Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
525.az

1Mənbələr