AZ

Şuşa zəngin şəhərsalma mədəniyyətinin nadir incisidir

Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Pənahəli xanın (1693-1763) adı ilə bağlıdır. Qarabağ xanı Pənahəli Cavanşirlər tayfasının Sarıcanlı oymağından idi. Bu Azərbaycan tayfası Qarabağın qədim sakinlərindən olmuş və uzun müddət bölgənin ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlanmış və həmin əsrin sonrakı illərində qala divarlarının çəkilməsi davam etdirilmişdi. 

Qarabağ xanı Pənahəli xan 1752-ci ildə Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi.  Şəhər bir müddət Pənahəli xanın şərəfinə "Pənahabad", sonradan isə "Şuşa qalası" və "Şuşa" adlandırılmışdır.

XVIII əsrin ikinci yarısından başlayaraq, şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdir. Pənahəli xanın hakimiyyəti dövründə (1747-1763) şəhərdə böyük tikinti işləri aparılmış, sonra İbrahimxəlil xanın dövründə (1763-1806-cı illər) isə Qarabağ xanlığı daha da güclənmişdir. Xanlığın ərazisində Əskəran, Ağoğlan qalaları və digər diqqətəlayiq, strateji əhəmiyyətli qalalar tikilmişdir. Şəhər qısa müddət ərzində xeyli böyümüş, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb etmişdir.

Şəhərdə 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı olmuşdur. Pənahəli xanın hakimiyyəti illərində (1747-1763) şəhərin salınmasının ilkin mərhələsində ən qədim məhəllələr sonralar şəhərin relyefinə uyğun olaraq, "Aşağı məhəllə" adlandırılmışdır. "Aşağı məhəllə" 9 məhəllədən təşkil olunmuşdur: Seyidli, Çöl Qala, Çuxur məhəllə, Quyuluq, Dördlər Qurdu, Qurdlar, Merdinli, Hacı Yusifli, Culfalar. Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti illərinə (1763-1806) təsadüf edir. Bu mərhələdə "Yuxarı məhəllə" adlanan ikinci məhəllə formalaşmışdır. "Yuxarı məhəllə" 8 məhəllədən təşkil olunmuşdur: Saatlı, Mamayı, Köçərli, Xocamircanlı, Ağadədəli, Dəmirçilər, Təzə məhəllə, Hamamqabağı. 

Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onların adı Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. 

1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayonun 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır.

Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 850-dən çox yaşayış binası və 300-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində Son Tunc və İlk Dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, Daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahimxəlil xanın bürcü və qəsri, Xan sarayı və karvansara, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, ikimərtəbəli karvansara, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xocamircanlı, Çöl-Qala, Merdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, tarzən Sadıqcanın evləri, Real məktəbinin binası, Qız məktəbi, "Şirin su" hamamı, Meydan bulağı, İsa bulağı və digər tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan edilmiş, dağıdılmış və ya məhv edilmişdir.

Şuşanın işğaldan azad edilməsi Zəfər Günü kimi tarixə yazıldı 

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 16-da, 44 günlük İkinci Qarabağ müharibəsinin 20-ci günündə Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində demişdi: "Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir.  Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq".

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər, döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və Azərbaycanın İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. 

Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!"

Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı sərəncama əsasən, noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər günü kimi təntənəli şəkildə qeyd edilir. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin sərəncamında vurğulanır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. 

Xarıbülbül Qarabağın azadlıq rəmzi oldu

2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev son dəfə 39 il bundan əvvəl Ümummilli Lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zamanı gəldiyini diqqətə çatdıraraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmiş və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır: "Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik".

Şuşaya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev-muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev hələ işğaldan əvvəl qeyd etmişdir ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Bülbülün, Natəvanın, Üzeyir bəy Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrildi və həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu.

Bununla yanaşı, Şuşa şəhərinin Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev qeyd etmişdir ki, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalı, ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Vaxt itirmədən, ancaq eyni zamanda tələsmədən Şuşanın ilkin simasının, tarixi simasının bərpa edilməli olduğunu bildirən Azərbaycan Prezidenti Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edərək demişdir: "Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır". Bununla yanaşı,  dövlət başçısı vaxtilə Vaqif Poeziya Günlərinin ənənəvi olaraq keçirildiyini vurğulayaraq diqqətə çatdırmışdır ki, Şuşada Vaqif Poeziya Günləri bərpa edilməlidir, "Xarıbülbül" festivalı bərpa olunmalıdır.

Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı sərəncamda vurğulanır ki, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, bu mühüm sənəddə göstərilir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.

Azərbaycan Prezidenti bildirmişdir ki, Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir: "Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaqdır".

 2021-ci il mayın 12-13-də hər bir azərbaycanlı üçün müqəddəs məkanda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, bənzərsiz və füsunkar Cıdır düzündə 29 ildən sonra yenidən "Xarıbülbül" Musiqi Festivalı keçirildi. Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə həsr edilmiş möhtəşəm "Xarıbülbül" Musiqi Festivalı düşmənə, bu müqəddəs şəhərə yad olan ünsürlərə həm də cavab oldu. Nəticədə, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, Xarıbülbül Qarabağın azadlıq rəmzinə çevrildi.

Şuşa çoxəsrlik, zəngin şəhərsalma mədəniyyətinə malikdir

Şuşa - Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidədir. Bu baxımdan, Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası mühüm əhəmiyyət kəsb edir.

2021-ci il avqustun 29-30-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada bir sıra tədbirlər keçirildi və Şuşa şəhərinin baş planı təqdim olundu.

1982-ci il yanvarın 14-də Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə böyük təntənə ilə açılmış dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin məqbərəsi, Şuşa şəhəri 1992-ci il mayın 8-də işğal edildikdən sonra ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci il avqustun 29-da Şuşada muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu, həmçinin erməni vandalizminə məruz qalmış şairin evinin yerindəki büstü də yenidən ucaldıldı. 

Eyni zamanda Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional musiqi sənətinin banisi, görkəmli bəstəkar, ictimai xadim Üzeyir bəy Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanışlıq, həmçinin dağıdılmış heykəlinin, eləcə də vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış dahi Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı oldu. Eyni gündə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan XX əsrin 70-ci illərində tikilmiş "Qarabağ" mehmanxanasının da fəaliyyəti bərpa olundu.

2021-ci il sentyabrın 18-də ilk dəfə Şuşada Milli Musiqi Günü çərçivəsində Üzeyir bəy Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirildi. Hər il dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin ad günündə qeyd olunan bu tədbir Şuşada, onun heykəlinin ucaldığı parkda təşkil edildi. Xatırladaq ki, 1985-ci ildə Üzeyir bəy Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada ucaldılmış bəstəkarın heykəli 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilmişdi. Zəfərdən sonra Şuşa şəhərində görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəli öz əvvəlki yerində ucaldıldı. Qeyd edək ki, bərpa işlərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edir.

Prezident İlham Əliyevin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci ilin "Şuşa ili" elan edilməsi haqqında imzaladığı sərəncamda deyilir ki, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Bununla yanaşı, 2022-ci il martın 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçildi.

2023-cü il mayın 9-da İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak etmiş, Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda olmuşlar. Həmin gün Azərbaycan Prezidenti Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpaolunan məzarını ziyarət etmiş, Atatürk küçəsinin, Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsindəki lövhələrin açılışında,  həmçinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlinin qoyulmasında iştirak etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il mayın 10-da görkəmli dövlət xadimi, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi gün Şuşadan geniş təbrik  müraciəti etdi.  Həmin gün Şuşa şəhərində  əsaslı yenidənqurma və bərpa işlərindən sonra Yuxarı Gövhər ağa məscidinin, Saatlı məscidinin, Yaradıcılıq mərkəzinin, Milli Xalça Muzeyinin Şuşa filialının açılışları ilə yanaşı, Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində, Xurşidbanu Natəvan və Zəfər küçələrində, həmçinin Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsindəki, Dəmir yumruq küçəsinin lövhələrin və Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin açılışıları da keçirildi.

2023-cü il mayın 12-də Şuşa şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə "Şuşa - türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi açılış mərasimi oldu. Bununla yanaşı, 2023-cü il oktyabrın 13-14-də  I  Türk Dünyası Mədəniyyət Forumunun Şuşada keçirilməsi qədim tarixiə malik Azərbaycan şəhərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından  mühüm əhəmiyyət kəsb etdi. 

2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın qədim Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun "İslam dünyasının mədəniyyət paytaxtı" proqramı üzrə namizədliyi irəli sürülmüş və  "Şuşa - 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtı" elan olunmuşdur.

2024-cü il mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Həmin gün Şuşa şəhərində "Şirin su" hamamının və Mamayı məscidinin bərpadan sonra açılışı olmuşdur.

2024-cü il mayın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşanın Cıdır düzündə VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının və "Şuşa - islam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasimində iştirak etdilər. Prezident İlham Əliyev 2024-cü il iyulun 5-də Şuşada Aşağı Gövhər ağa məscidinin, "İsa bulağı" istirahət kompleksinin və Dövlət Xidmətləri Mərkəzinin, həmin il sentyabrın 19-da isə Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin əsaslı təmir və bərpadan sonra açılışında iştirak etmişdir. 

Bu baxımdan, 2021-2025-ci illərdə keçirilən mühüm tədbirlər bir daha onu təsdiq edir ki, Şuşa Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olmaqla yanaşı, həmçinin ictimai fikir və milli-ideoloji mərkəzinə çevrilməkdədir. Bütün qeyd edilən faktlara və təhlilə əsaslanaraq əminliklə söyləmək olar ki, Şuşanın mədəni irsi Azərbaycan memarlıq üslubunda bərpa edilməklə, müasir tariximizin yeni və sərəfli dövrü yazılır.

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru

Seçilən
11
azerbaijan-news.az

1Mənbələr