AZ

Avropa İttifaqı SOCAR-ın Gürcüstandakı terminalına sanksiya tətbiq edir

Aİ-nin Rusiyaya qarşı hazırladığı 20-ci sanksiya paketinə SOCAR-a məxsus Kulevi limanı və terminalı da daxil edilib...

Avropa İttifaqının Rusiyaya qarşı hazırlanmaqda olan 20-ci sanksiya paketi çərçivəsində SOCAR-a məxsus Kulevi limanı və terminalı sanksiya siyahısına salınıb.

Poliqon xəbər verir ki, bu barədə haqqin.az portalına Azərbaycanın enerji sektorundakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, ötən ildən etibarən Kulevidə Gürcüstana məxsus yeni neft emalı zavodu fəaliyyət göstərir və bu müəssisə emal üçün Rusiya neftini qəbul edir. Həmin xammaldan istehsal olunan neft məhsullarının daşınması da məhz bu terminal vasitəsilə həyata keçirilir. Müsahibin izahına görə, Kulevi limanının sanksiya siyahısına salınmasına əsas verən məhz bu sxem olub.

Mənbə qeyd edib ki, Kulevi limanının Aİ-nin yeni sanksiya paketinə daxil edilməsi əslində Tbilisiyə Rusiya neftindən istifadədən imtina etməsi ilə bağlı açıq siqnaldır.

Həmçoinin mənbə bildirir ki, burada əsas rol qiymət amilinə məxsusdur. Qara dəniz limanlarında Rusiya nefti bir barel üçün 37–40 dollar qiymətinə satılır ki, bu da onu Gürcüstanın neft emalı zavodu üçün son dərəcə cəlbedici edir. Eyni zamanda, müəssisə ötən il mümkün tədarüklərlə bağlı əldə olunmuş razılaşmalara baxmayaraq, faktiki olaraq Azərbaycan neftini almamışdı.

SOCAR-ın Kulevidəki terminalının illik layihə gücü 10 milyon tona qədər neft məhsulları və neft-kimya istehsalı məhsullarının ötürülməsinə imkan verir. Bu da obyekti regionun əsas logistik mərkəzlərindən birinə çevirir.

Gözlənilir ki, Avropa İttifaqına üzv dövlətlər tərəfindən formal təsdiqdən sonra 20-ci sanksiya paketi yaxın vaxtlarda qüvvəyə minəcək. Paket əsasən Rusiya nefti və neft məhsullarının dəniz yolu ilə daşınmasına qarşı əlavə məhdudiyyətlərin tətbiqinə və mövcud logistik yan keçmə sxemlərinin bağlanmasına yönəlib.

Qeyd edək ki, ötən həftə Avropa İttifaqı Rusiya Federasiyasına qarşı sayca iyirminci olan yeni sanksiya paketini elan edib. Onu təqdim edən Avropa Komissiyasının sədri Ursula fon der Leyen mövqeni son dərəcə sərt ifadə edib: "Rusiya yalnız güc dilini anlayır", Avropa Komissiyasının sədri bildirib.

Avropa Komissiyasının sədrinin sözlərinə görə, yeni sanksiya paketi əvvəlki on doqquz paketin məntiqi davamıdır və üç əsas istiqamətə – energetika, maliyyə xidmətləri və ticarətə fokuslanır.

Enerji bloku çərçivəsində Rusiya xam neftinin dəniz yolu ilə daşınmasına tam qadağa nəzərdə tutulur. Fon der Leyenin vurğuladığı kimi, bu tədbir Moskvanın enerji daşıyıcılarının ixracından əldə etdiyi gəlirləri daha da azaltmalı və Rusiya nefti üçün alıcı tapmağı çətinləşdirməlidir.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Brüsselin mövqeyini daha da sərtləşdirib. Onun sözlərinə görə, Rusiya diplomatiyaya raketlərlə cavab verir və Aİ bu seçimi son dərəcə baha başa gələn etmək niyyətindədir.

Sanksiya paketini təqdim edən Kallas qeyd edib ki, yeni məhdudiyyətlər Rusiya iqtisadiyyatına ciddi zərbə vurur və ardıcıl şəkildə onun hərbi potensialını zəiflədir.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin qiymətləndirməsinə əsasən, Moskva “məğlubedilməz dövlət” obrazından uzaqdır: cəbhədə vəziyyət faktiki olaraq dalana dirənib, ölkə daxilində isə iqtisadi təzyiq getdikcə artır. Brüsselin fikrincə, tərəfdaşlarla koordinasiyalı şəkildə sanksiyaların gücləndirilməsi və paralel olaraq Ukraynaya hərbi yardımın artırılması müharibənin başa çatmasını yaxınlaşdıra bilər.

Regional aspekt də diqqət çəkir. Sanksiya siyahısına Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi neft terminalı da daxil edilib. Aİ-də izah edirlər ki, bu obyekt Rusiya neftinin qəbulu və tranziti zəncirində yer alır. Terminalın operatoru Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-dır və onun illik ötürmə gücü 10 milyon tona qədər neft və neft məhsuluna çatır ki, bu da Kulevini regionun mühüm logistik qovşaqlarından birinə çevirir.

Avropa İttifaqının 20-ci sanksiya paketi üzv dövlətlər tərəfindən formal təsdiqdən sonra qüvvəyə minəcək.

Haqqin.az SOCAR-a rəsmi mövqe üçün müraciət edib və Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələrinin mövqeyini dərc etməyə hazır olduğunu bildirib.

Poliqon.info

Seçilən
74
poliqon.info

1Mənbələr