AZ

Özəl məktəblərdə fantastik təhsil haqqı Dövlət hərəkətə keçir?

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“İdrak” liseyində baş verən hadisədən sonra təhsil ocağının illik ödənişi müzakirə obyekti olub. Belə ki, sözügedən müəssisədə oxumaq istəyənlər ildə 16 min 500 manatı gözdən çıxarmalıdırlar.  

Qiymətlər necə tənzimlənir? Bu prosesə aidiyyəti qurumların müdaxiləsi mümkündürmü? Hansı kriteriyalar əsasında qiymətlər formalaşır? Ümumiyyətlə, özəl məktəblərin qiymət siyasətinə yenidən baxıla bilərmi?

Globalinfo.az-a danışan əməkdar müəllim, sabiq deputat Sona Əliyeva deyib ki, Azərbaycanda özəl ümumtəhsil məktəblərin qiymət siyasətini əsasən özləri müəyyən edir.

O bildirib ki, mövcud qanunvericiliyə görə, dövlət özəl məktəblərin təhsil keyfiyyətinə, proqramlara, müəllim heyətinə və təhlükəsizlik məsələlərinə nəzarət edir, lakin təhsil haqqının məbləğini birbaşa tənzimləmir:

“Yəni qiymət məsələsi bazar prinsipləri əsasında formalaşır. Özəl məktəblər qiymətləri adətən bir neçə əsas meyar üzrə müəyyən edirlər. Məsələn, tədris olunan beynəlxalq proqramlar (IB, Cambridge və sair), xarici müəllimlərin və ya beynəlxalq sertifikatlı kadrların cəlb olunması, məktəbin maddi-texniki bazası, infrastruktur və əlavə xidmətlər, siniflərdə şagird sayının az olması, fərdi yanaşma modeli, brend və reputasiya faktoru bu sırada yer alan amillərdəndir. Nəzərə almaq lazımdır ki, yüksək qiymət avtomatik olaraq yüksək keyfiyyət demək deyil”.

Sona Əliyeva

Ekspert qeyd edib ki, əgər valideyn 16-17 min manat ödəyirsə, qarşılığında həm təhsil keyfiyyəti, həm psixoloji mühit, həm də şagirdin təhlükəsizliyi ilə bağlı ciddi təminatlar tələb edir:

“Əks halda, bu artıq təhsil yox, sadəcə kommersiya xidmətinə çevrilir. Hesab edirəm ki, dövlətin aidiyyəti qurumları özəl məktəblərin qiymətini birbaşa müəyyən etməsə də, şəffaflıq və hesabatlılıq mexanizmlərini gücləndirməlidir. Məsələn, məktəblər ödənişin niyə bu qədər yüksək olmasını əsaslandırmalıdır. Valideyn bilməlidir ki, o,  hansı xidmətlər üçün ödəniş edir,  təhsil haqqı ilə təhsil keyfiyyəti arasında real uyğunluq varmı, təhsil hansı nəticələrə yönəlib və sair”.

Müsahibimizin fikrincə, özəl məktəblərin qiymət siyasətinə yenidən baxılmalıdır:

“Söhbət qiymətə müəyyən hədd qoymaqdan getmir. Təhsil sosial məsuliyyət daşıyan sahədir və burada yalnız bazar məntiqi ilə hərəkət etmək düzgün deyil. Əgər özəl təhsil ocaqları dövlət məktəblərinə alternativ olaraq təqdim olunursa, bu alternativ yalnız imkanı olanlar üçün yox, keyfiyyətli və ədalətli sistem kimi formalaşmalıdır. Hazırda isə bizim özəl məktəblərdəki yüksək qiymətlər təhsildə dərin sosial fərqləri daha da gözəçarpan edir. Qısası, təhsil kommersiya sahəsi olsa da, eyni zamanda ictimai məsuliyyət daşıyan bir sahədir və qiymət-keyfiyyət balansına ciddi şəkildə yenidən baxılmasına ehtiyac var”.

İqtisadçı Günay Hüseynova qeyd edib ki, bəzi özəl məktəblərdə qiymətlərin yüksək olması təkcə orada təhsil keyfiyyətinin yüksək olması ilə əlaqədar deyil:

“Həmin məktəbdəki rahat mühit, müəllimlərin bilik və bacarıqlarından asılı olaraq əməkhaqları, müəyyən proqram və layihələrin icrası, yerləşdiyi ərazidən asılı olaraq binanın icarə haqqı, mühafizə xərcləri daxildir. Bundan əlavə, prestijin ön plana çəkilməsindən dolayı yaranan reklam xərcləri də var. Qeyd olunanlar valideynlərin cibindən çıxan pulların hesabınadır. Düşünülə bilər ki, axı bütün bunları şagird sayına vurduqda böyük rəqəmlər ortaya çıxır və xərclərin bu səviyyədə olacağı mümkün deyil. Məsələnin görünməyən əsas tərəfi isə dövlət məktəblərinin bir qisminin sadəcə bir növ vaxt keçirməsi ilə əlaqədardır. İndi əksər şagirdlər demək olar ki, bütün tədris müddəti boyu hazırlığa gedir, gündəlikdə isə sanki məktəbə yox ştanq qaldırmağa gedirlər. Çantanın ağırlığı 4-5 kiloqramdır. Məktəbdə bir sinifdə 30-45 şagird olur, və ya hər bayram müəyyən səbəblər göstərilərək pul yığılır, antisanitar vəziyyət olur və sair. Belə mühitdə kim istəyər ki, övladını oxutsun?! Ona görə də artıq əksər insanlar özəl məktəblərə üz tuturlar. Onsuz da bəlli miqdarda vəsait onların cibindən çıxacaq, uşaq isə dərsi repetitor yanında öryənəcək”.

Günay Hüseynova

İqtisadçı bildirib ki, ölkədə istənilən özəl sektor qiyməti özü təyin edir:

“Dövlət müdaxiləsi təhsillə və ya vətəndaşların hüquqları ilə bağlı ola bilər. Məsələn, bu təhsil haqqının müqabilində sözləşmədə hansı vədlər yerinə yetirilməyibsə, o zaman dövlət müdaxiləsi mümkündür. Əslində fəaliyyəti yetərsiz olan təhsil müəssisələrinin özəlləşdirilməsi daha məqsədəuyğun olardı. Ya valideynin cibindən çıxan xərclər leqallaşdırılsın və hər məktəbə post cihazı qoyulsun, ya özəlləşdirilsin, ya da əgər bu xərclər dövlət büdcəsindən ayrılırsa, ciddi nəzarət tədbirləri görülsün. Özəl məktəblərin qiymət siyasətinə baxılmaq məsələsinə qaldıqda, sadəcə yoxlama aparıla bilər. Məsələn, müqavilənin şərtləri yerinə yetirilirmi, vergidən yayınma halları varmı?”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
83
globalinfo.az

1Mənbələr